A

UNEC-də keçirilən “Oxu mədəniyyəti” layihəsi çərçivəsində akademik Nizami Cəfərov kitab və dərsliklərlə bağlı fikirlərini bölüşüb. Akademik orta məktəb, eləcə də universitetdə tədris olunan dərsliklərin mövcud durumunu təhlil edib.

“Tələbəyə “100 kitabı oxu” demək, əslində “oxuma” deməkdir. Müəllimlər oxunmalı olan kitabın siyahısını tərtib etməlidirlər. İqtisadiyyata aid 3-4 kitab var ki, tələbə məzun olduqda həmin kitabları oxumuş olmalıdır. Onun həmin kitabı nə dərəcədə dərk edib-etmədiyi isə fərdi imkan məsələsidir. Müəllimin vəzifəsi seçilmiş kitabları, əsərləri tələbəyə oxutmağa nail olmaqdır.

Təəssüfləndirici haldır ki, biz bilmirik hər bir azərbaycanlı Azərbaycan ədəbiyyatında nəyi oxumalıdır. Bir azərbaycanlı “Dədə Qorqud”u, Nizamini, Füzulini, Nəsimini mütləq oxumalıdır. Müəllimlərimiz orta məktəbdən uşaqlara həmin kitabları oxutmalıdırlar.

Məsələn, Atatürkün oxuduğu kitabların siyahısı var və həmin kitabların kənarında onun xüsusi qeydləri də var. Onun tarixə, xüsusilə dilə, mədəniyyətə, aid seçidiyi kitabları oxuduqda həmin sahə üzrə mütəxəssis ola bilirsən.

Ulu öndər Heydər Əliyev hər hansı bir məsələnin müzakirəsi zamanı həmin sahə üzrə mütəxəssislərin məsləhəti ilə müəyyən kitablara ya özü baxırdı, ya da məlumat alırdı.

Biz tələbələrə oxutdurmaq istədiyimiz kitabları müəyyənləşdirməliyik, yaxşı dərsliklər hazırlamalıyıq. Dərsliklərimiz çox eksperimentaldı, fundamentalizm yoxdur. İdeyalar modelləşməlidir, o ideyaları modelləşdirmək üslubu da dərslikdən başlamalıdır. Kitabı hansı məqsədlə oxutmağın özü də çox önəmlidir. Orta məktəbdə kitab oxumayan sonra kitab oxumayacaq. Orta məktəbdə birinci, ikinci siniflərdə elə dərsliklər var ki, uşaq o dərslikdən sonra ömrü boyu kitab oxumaq istəmir.

Ona görə də düşünürəm ki, kitabla bağlı tədbirlərin keçirilməsi çox önəmlidir”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay