A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrası Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD) ilə birlikdə UNEC-in 95 illik yubileyi ərəfəsində “Ulu Öndər Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi” mövzusunda onlayn elmi seminar keçirib.

Seminarı giriş sözü ilə “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov açaraq bildirib ki, dünya miqyasında tanınan böyük şəxsiyyətlər arasında nadir insanlar tapılar ki, ümummilli liderimiz, dünya şöhrətli siyasətçi Heydər Əliyev qədər öz xalqının dili, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənətinə bu qədər dərin bağlılıq göstərmiş olsun. O, Azərbaycan dilinin, ədəbiyyatının və qabaqcıl ictimai fikrinin qoruyucusu kimi ölkə tarixində şərəfli bir səhifə açmışdır. Heydər Əliyev təkcə Azərbaycanın deyil, Türk dünyasının və ümumbəşəri sivilizasiyanın da görkəmli simalarından biridir.

Seminarda çıxış edən kafedranın dosentləri Çinarə Qəhrəmanova və Mətanət Əmrahova vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan dilimizə, zəngin klassik irsimizə, ədəbiyyatımıza və mədəniyyətimizə xüsusi önəm verirdi. Onlar qeyd ediblər ki, müstəqillik dövründə milli ədəbiyyatımızın xalqımız üçün nə qədər qiymətli sərvət olduğunu anlamaq və vurğulamaq zəruridir. Ədəbiyyatımız və mədəniyyətimiz xalqımızın milli kimliyini və intellektual irsini əks etdirən mühüm dəyərlərdir.

Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev ensiklopedik biliyə malik müdrik şəxsiyyət idi və Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə hər zaman böyük qayğı ilə yanaşırdı. O, milli-mənəvi dəyərlərin qorunmasını və inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmiş, milli mədəniyyətimizin yüksəlişinə hər zaman xüsusi diqqət yetirmişdir. Bu siyasət bu gün də davam etdirilir və dövlət başçısı tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə və gənc istedadların inkişafına böyük diqqət və dəstək göstərilir.

TOP XƏBƏRLƏR