A

UNEC-də “Elm aylığı” çərçivəsində “Postpandemiya dönəmində məşğulluq siyasəti: təcrübə, islahatlar və perspektivlər” mövzusunda onlayn ictimai müzakirə keçirilib.

UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Elmi fəaliyyətin təşkili şöbəsi və UNEC Sığorta Məktəbinin birgə keçirdiyi müzakirələrdə departamentin direktoru, prof. Zahid Məmmədov postpandemiya dovründə dünya qarşısında məşğulluq sahəsində ciddi çağırışlar durduğunu bildirib. Professor əmək bazarında qeyri-formal iqtisadiyyat və ona qarşı mübarizə yolları, əmək haqlarının ödənilməsində yaranan problemlər, əmək bazarının tənzimlənməsi, işsizlik sığortası və digər çağırışlara həsr olunan ictimai müzakirənin mövzunun aktuallığını önə çəkdiyini qeyd edib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin rəisi, UNEC Sığorta Məktəbinin rəhbəri Mustafa Abbasbəyli insan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsinin müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil etdiyini, dövlət tərəfindən son illər ərzində bu sahədə kompleks tədbirlərin həyata keçirildiyini və yüksək nailiyyətlərin əldə olunduğunu qeyd edib. M.Abbasbəyli pandemiyanın geniş vüsət aldığı bir dönəmdə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində atılan adıımlardan söz açıb. Ölkədə məşğulluğun təmin оlunması ilə bağlı siyasətin həyata keçirilməsinə ciddi prоblem yaradan amil kimi ölkədə gizli əmək bazarında və ya qeyri-fоrmal sektоrda çalışan işçilərin sayının yüksək həddə оlmasını vurğulayan məruzəçi, bu kimi halların məşğulluq siyasətinin düzgün müəyyən оlunmasına ciddi əngəl yaratdığını qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə ölkədə əmək ehtiyatlarından səmərəli istifadənin, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinin, layiqli əməyin dəstəklənməsi və əmək məhsuldarlığının yüksəldilməsinin dövlətin məşgulluq siyasətinin başlıca istiqaməti olduğunu vurğulayıb. Millət vəkili səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın  təsdiq edildiyini qeyd edib.

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, UNEC dosenti Elşad Səmədzadə Dövlət Vergi Xidmətinin fəalyyəti barədə qısa məlumat verib, bu qurumun məşğulluğa təsir edə biləcəyini əsaslandırıb. Dövlət Məşğulluq Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərindən biri kimi digər səlahiyyətli qurumların imkanlarının məşğulluq problemlərinin həllində səfərbər olmasının vacibliyini vurğulayıb.

Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov ölkədə “kölgə” əmək bazarının mövcudluğunun əmək hüquqlarının kütləvi pоzulmasına şərait yaradan əsas amillərdən biri olduğunu vurğulayıb. Professor milli iqtisadiyyatda və eləcə də məşğulluq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinin zəruriliyini  və bu sahədə ciddi ekspertiza tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu bildirib.

UNEC Avropa iqtisadiyyatı mərkəzinin rəhbəri, Almaniyanın Ruhr Universitetinin alimi, Dr. Elxan Sadıq-Zadə Avropa ölkələrində məşğulluq problemlərinin həlli yollarını açıqlayıb, müsbət təcrübənin ölkə iqtisadiyyatında tətbiq edilməsinin faydalarından danışıb.

Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev öz çıxışında diqqəti Dövlət Məşğulluq Xidmətinin mərkəzi və yerli strukturların kadr potensialının təkmilləşdirilməsi, yenilənməsi, müasir çağırışlara cavab verən təcrübəli kadrlardan da istifadə edilməklə,  dövlətin məşğulluq siyasətinin reallaşdırılmasına xidmət göstərməyi bacaran kadrların seçiminə üstünlük verilməsinə yönəldib.

Tədbirin sonunda Mustafa Abbasbəyli mövzu ilə bağlı sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay