A

UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində universitetin rəhmətə getmiş alim və əməkdaşlarının əziz xatirəsinə həsr olunan “Alimlərimizi yad edirik” rubrukasında onların həyat və fəaliyyətləri barədə materiallar təqdim olunur. Bu dəfə tanınmış iqtisadçı alim, nüfuzlu pedaqoq, iqtisad elmləri doktoru, professor  Əbülfəz Cəbrayıl oğlu Qasımovun xatirəsini (Bərəkət) yad edəcəyik.

Ə.Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1946-cı ildə Ordubad Pedaqoji Texnikumunu, 1953-cü ildə isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirib. 1957-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edib və doğma Azərbaycana qayıdaraq, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1959-cu ildən 1992-ci ilədək əmək fəaliyyətini Bakı Ali Partiya Məktəbində davam etdirərək, 33 il ərzində orada baş müəllim, dosent, professor, kafedra müdiri olub.

1972-ci ildə Əbülfəz müəllim Azərbaycan EA İqtisadiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. O, 1993-cü ildən ömrünün sonunadək (10 iyun 2008-ci il) həyatını Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlayıb, “Aqrar sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri (1995-ci ildən) vəzifəsində əzmlə, böyük fədakarlıqla çalışıb.

Ə.Qasımov yüksək vətəndaşlıq qayəsi ilə səciyyələnən zəngin, mənalı və şərəfli ömür yolu keçmiş, dərin peşəkarlığı, tükənməz enerjisi və böyük zəhmətsevərliyi sayəsində görkəmli alim səviyyəsinə yüksəlmiş, iqtisad elminin zirvələrini fəth etmişdir. Onun elmi tədqiqatlarının nəticəsi olan 560 çap vərəqi həcmində monoqrafiya, kitablar, dərsliklər və elmi məqalələri müxtəlif ölkələrdə və dillərdə çap olunmuşdur.

Ə.Qasımovun çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının sosial-iqtisadi inkişafının aktual problemlərinin tədqiqi mühüm yer tutur. O, Azərbaycan rayonlarının inkişafında müşahidə olunan bir sıra nöqsanların aradan qaldırılması, mövcud ehtiyatların səmərəli istifadəsi üçün kompleks elmi təhlil aparmış, iqtisadiyyatımızın inkişafına sanballı töhfələr vermişdir. Onun elmi axtarışlarının bəhrəsi olan və müxtəlif illərdə çapdan çıxan “Heyvandarlığın iqtisadiyyatı”, “Ərzaq proqramının aktual problemləri”, “Azərbaycanın sosial iqtisadi inkişafında islahatların rolu”, “Demokratikləşmə milli iqtisadiyyatımızın əsasıdır”, “Milli iqtisadiyyatımızın aktual problemləri”, “Azərbaycanın ərzaq təhlükəsizliyi”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Bələdiyyələrə elmi-metodik kömək”, “Qəbələdə regional siyasətin bəhrələri və inkişaf istiqamətləri” kimi elmi tədqiqat əsərləri, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər” adlı 2 cildlik ensiklopedik nəşr ictimaiyyət tərəfindən böyük rəğbət və maraqla qarşılanıb. O, elmi kadrların hazırlanmasına böyük zəhmət sərf edirdi. Onun rəhbərliyi altında 22 elmlər namizədi və 4 elmlər doktoru yetişib.

Ə.Qasımovu başqa iqtisadçı alimlərdən fərqləndirən əsas cəhət budur ki, o, milli iqtisadiyyatımızın aktual problemlərini tədqiq etməklə yanaşı, bədii-publisistik yaradıcılıq fəaliyyəti ilə də ardıcıl məşğul olurdu. “Əbülfəz Bərəkət” imzası çoxdan respublikamızda və onun hüdudlarından kənarda oxucuların dərin rəğbətini qazanmışdır. Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstərmiş Əbülfəz Bərəkət çörək mövzusunu bədii yaradıcılığının əsas qayəsi hesab edərək, “Mənim çörəkli dünyam” kitabını yazmış, bu kitabın materialları əsasında Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir.

Ə.Qasımovun “Dəyirmana gedən yollar” bədii-publisistik oçerki Rusiyanın tanınmış müğənnisi Lüdmila Zıkinanın müşayiəti ilə radiokompozisiya kimi vallara yazdırılaraq, “Russkiyyazıkzarubejom” (Moskva) jurnalı redaksiyasının təşəbbüsü ilə dünyanın 80 ölkəsində səsləndirilmişdir. İndi həmin vallar əsasında bir sıra xarici ölkələrin məktəblərində şagirdlərə Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, insanpərvərliyi barədə sinifdənkənar məşğələlər keçirilir. Həmin oçerk unudulmaz müğənnimiz Rəşid Behbudovun ecazkar ifasında da rəğbətlə qarşılanmışdır.

Onun böyük zəhməti sayəsində ötən əsrin 80-ci illərinin əvvəllərində Ağdamda yaradılmış “Çörək muzeyi”nin şöhrəti bütün dünyaya yayılmışdı. Onun “Xan qızı Natəvan bəşəriyyəti haraylayır” adlı əsəri böyük marağa səbəb olmuş, dinləyici və oxucular arasında geniş əks-səda doğurmuşdur.

Əbülfəz müəllimin son vaxtlar oxuculara təqdim etdiyi “Sevən ürək, isti çörək” əsəri daha bir ağrılı mövzuya-müdhiş 20 Yanvar hadisələrinə həsr edilmişdir.

Ə.Qasımovun son əsəri - “İki liderin siyasi portreti” Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyətindən, qloballaşma dövründə ölkəmizin stabil inkişafı istiqamətində aparılan sosial-iqtisadi islahatlardan bəhs edir.

Onun elmi-pedoqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfinfən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi”, “Əməkdar təbliğatçı” fəxri adlarına, “Qızıl qələm” mükafatına layiq görülmüş, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Asiman Quliyev,
UNEC-in İqtisadiyyat fakültəsinin dekanı, dosent

TOP XƏBƏRLƏR