Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib.
Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, “Coca-Cola Azərbaycan”ın baş direktoru Rəna Məmmədova, universitetin rəhbər heyəti və şirkət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan professor Ədalət Muradov UNEC-in beynəlxalq arenada əldə etdiyi uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və əmək bazarının real tələblərinə cavab verən kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Rektor qeyd edib ki, universitetin əsas məqsədi müasir biliklərə malik, təşəbbüskar və rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsidir.
“Coca-Cola Azərbaycan”ın baş direktoru Rəna Məmmədova şirkətin Azərbaycanda 30 ilə yaxın müddətdə fəaliyyət göstərdiyini və UNEC kimi qabaqcıl ali təhsil müəssisəsi ilə əməkdaşlığın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tərəflər arasında mümküm əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıldıqdan sonra memorandum imzalanıb. Memorandumda UNEC tələbələrinin istehsalat təcrübəsində iştirakı, məzunların işə qəbul imkanlarının genişləndirilməsi, şirkət nümayəndələrinin iştirakı ilə seminar və təlimlərin təşkili, sifarişi tədqiqatların aparılması, habelə birgə karyera günlərinin keçirilməsi nəzərdə tutulur.
Tədbir UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub.