A

"Xalq qəzeti"

Əsası 1930-cu il iyun ayının 19-da qoyulmuş Azərbaycan Dövlət İqtisad Universitetinin yaxın günlərdə 90 yaşı tamam olur. Bu təhsil ocağı yarandığı vaxtdan bir çox problemlərlə üzləşməsinə baxmayaraq, böyük inkişaf yolu keçmişdir. Biz bu yubiley yazısında universitetin 90 ildə keçdiyi yola geniş aspektdə nəzər salmaq, eləcə də onun zəngin tarixini tədqiq etmək fikrində deyilik. Bir əsrə yaxın yaşı olan bu qocaman maarif ocağının fəaliyyətini işıqlandırmaq, xalqımızın iqtisadi inkişafında misilsiz xidmətlərindən bəhs etmək neçə-neçə kitaba belə sığan deyil. Bu səbəbdən də universitetin bugünkü mənzərəsinə yığcam şəkildə ekskurs etməyi məqsədəuyğun sayırıq. Son dövrlər ölkəmizdə uğurla həyata keçirilən yeni idarəetmə modelinin təhsildə də tətbiqi UNEC-də əhəmiyyətli nəticələrin əldə olunmasına zəmin yaratmışdır. Belə bir təkmilləşmə bu ali təhsil ocağının fəaliyyətində yeni bir mərhələ açmışdır. 

Universitet rəhbərliyinin fəaliyyətinin əsas qayəsi bu təhsil ocağının ictimai nüfuzunu yüksəltmək, dünyanın öncül universitetləri səviyyəsinə qaldırmaqdır. Burada aparılan struktur dəyişiklikləri, eləcə də tədrisin müasir sistemlərlə idarə olunması, Avropa və Amerika təhsil sisteminə uyğunlaşdırılması, yeni mərkəzlərin, departamentlərin yaradılması təhsil ocağının idarəetmə potensialını xeyli gücləndirmiş, elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan çevik idarəetmə modelinin tətbiqini zəruri etmişdir. Universitetin perspektiv inkişaf proqramının istiqamətləri rektor, professor Ədalət Muradovun rəhbərliyi ilə hazırlanmış “UNEC – 100” inkişaf strategiyasında özünün geniş əksini tapmışdır. Bu strategiyada universitetin fəaliyyət istiqamətləri, resurslar, missiya, gələcəyə baxış və əsas dəyərlər, maliyyələşdirmə, monitorinq qiymətləndirmə məsələləri xüsusi yer tutur.

“UNEC – 100” inkişaf strategiyasında əksini tapmış müddəalar son altı ildə ardıcıl və sistemli şəkildə uğurla həyata keçirilməkdədir. Ölkəmizdə ilk dəfə elektron universitet modelinə keçid, tədris prosesinin tamamilə elektronlaşdırlıması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi, “DocNet” sisteminin və bu kimi layihələrin tətbiqi təhsil ocağına böyük şöhrət və nüfuz qazandırmışdır. UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, 104 tələbəyə xidmət edən zəngin fonda malik, müasir resurslarla təchiz edilmiş elektron kitabxananın fəaliyyəti də diqqətəlayiqdir. İnformasiya və kommunikasiya texnologiyalarının UNEC-də tətbiqi təkcə modern təhsilə keçidi deyil, eyni zamanda, idarəetmə sisteminin şəffaflığını təmin etmişdir.

Universitetin fəaliyyəti təkcə yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlamaqla məhdudlaşmır. Bu təhsil müəssisəsi həm də peşəkar elmi kadrlar hazırlayan, fundamental elmi tədqiqatlar aparan bir mərkəzə çevrilmişdir. Onu da qeyd edək ki, UNEC-də fəaliyyət göstərən 31 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaratmışdır. Universitetdə fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzi, UNEC Biznes Məktəbinin İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi, Rəqəmsal İqtisadiyyat Mərkəzi və digər mərkəzlər müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilir və tədqiq edilir. Aparılan tədqiqatlar sayəsində əldə edilmiş nəticələr, heç şübhəsiz, universitetdə təhsilin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərir.

UNEC-də həyata keçirilən elmi-tədqiqat işləri, dünyanın nüfuzlu elmi jurnallarında, o cümlədən, “Web of Science” və “Scopus” da dərc olunan məqalələrin sayı, həmin tədqiqatlara edilən istinadlar əhəmiyyətli dərəcədə artmışdır. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin sayı baxımından da UNEC Azərbaycanda liderdir. Reytinqə görə “Google Scholar” platformasında UNEC alimlərinin iqtisadiyyatın müxtəlif elmi istiqamət və problemləri üzrə əldə etdikləri mühüm nəticələrin 3893-nə istinad edildiyi və bu istiqamətdə bir sıra Avropa universitetlərini qabaqladığı qeyd edilmişdir. Nüfuzlu beynəlxalq nəşriyyatlarda UNEC alimlərinin çap etdirdiyi monoqrafiyaların, kitabların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi də fərəhli haldır. Onu da qeyd edək ki, UNEC-dəki mərkəzlərin elmi fəaliyyəti, prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi və stimullaşdırılması universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. UNEC alimlərinin nəşr etdirdiyi monoqrafiya, dərslik, dərs vəsaitlərinin səviyyəsinin yüksəldilməsi mövcud dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində də əməli addımlar atılmışdır. Bu baxımdan, onu da qeyd etmək yerinə düşər ki, elmi-texniki tərəqqinin ən yüksək inkişaf səviyyəsinə qədəm qoyduğu müasir dövrdə tədqiqatların rəqəmsallaşdırılması, elmi nəticələrin etibarlılığının və dəqiqliyinin təmin edilməsi istiqamətində də böyük irəliləyişlər vardır. Universitetdə ənənəvi “Elm aylığı”nın keçirilməsi, elmi fəaliyyətin səmərəli təşkili və idarə edilməsi, tədqiqatların stimullaşdırılması, aktual problemlərin araşdırılması, əldə edilən nəticələrin müzakirəsi elmi tədqiqatların daha da gücləndirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edir.

Son illərdə UNEC-in beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş və bu sahədə də qarşıya qoyulan məqsədlərə nail olunmuş, bir sıra xarici ölkələrin elm və təhsil müəssisələri ilə əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi haqqında ikitərəfli müqavilələr imzalanmışdır.

UNEC-in alimləri xaricdə keçirilmiş çoxsaylı beynəlxalq elmi konfrans və seminarlarda iştirak etmiş, həmçinin UNEC-də xarici ölkələrin alimləri ilə bir sıra mühüm elmi konfrans, forum və seminarlar təşkil olunmuşdur.

 “Elmi tədqiqatların beynəlxalq jurnallarda nəşr edilməsi”, “İnnovativ iqtisadi inkişafda universitetlərin rolu”, “Universitetin elmi fəaliyyətində elmi nəşrlərin rolu: təhsil və qiymətləndirmə”, “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar”, “Azərbaycanda multikultural dəyərlər və onların sosial-iqtisadi aspektləri”, “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: yeni regional baxışlar”, “Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar”, “Təhsilin sosial-iqtisadi inkişafda rolu” və bu kimi müxtəlif mövzularda UNEC-də keçirilən onlarla konfrans, seminar, forum və digər tədbirlər elmin inkişafı üzrə Milli Strategiyanın yerinə yetirilməsinə istiqamətlənmişdir.

Keçirilən beynəlxalq forum, konfrans və seminarlar bir tərəfdən universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin dünyanın tanınmış alimləri ilə fikir mübadiləsi aparmaq baxımından nə qədər səmərəlidirsə, UNEC-in son illərdə əldə etdiyi nailiyyətlərlə tərəfdaşların tanışlığı və bu uğurları yüksək qiymətləndirmələri milli təhsilimizin inkişafı baxımından da bir o qədər dəyərlidir. UNEC Almaniya, Rusiya, Böyük Britaniya, İtaliya, Türkiyə, İsveçrə, İspaniya, Litva, Cənubi Koreya, Çin, Fransa və başqa ölkələrin 250-dən artıq nüfuzlu universiteti ilə təhsilin müxtəlif pillələri üzrə əməkdaşlıq edir və tələbə-müəllim mübadiləsi həyata keçirir. Beynəlxalq mübadilə proqramları çərçivəsində UNEC-in tələbələrindən bir neçəsi Türkiyə, Fransa, Rumıniya, Niderland, Böyük Britaniya, Rusiya və başqa ölkələrin aparıcı universitetlərində təhsillərini başa vurmuş, bəziləri isə davam etdirməkdədir.

UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da çıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların ADİU-da müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir.

Universitetdə yaradılmış Karyera Mərkəzi, Gənc Tədqiqatçılar Mərkəzi gənclərin bilik, praktiki bacarıq vərdişlərinin artırılması, onların elmi tədqiqatlara cəlb edilməsi və elmi potensiallarının gerçəkləşdirilməsi gənc alimlərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu gün elm və təhsil sahəsində bir sıra ilklərə imza atan UNEC gəncləri elmi tədqiqatlara cəlb etmək məqsədilə həyata keçirdiyi beynəlxalq layihələr sırasında “Scince Slam” elm müsabiqəsi də ictimaiyyətdə geniş müzakirəyə və böyük marağa səbəb olmuşdur.

Son bir neçə ayda dünya xalqları bəşəri bir bəla ilə üzləşdi. Bu koronavirus pandemiyası dünya düzənində bir çox sahələrdə olduğu kimi, təhsil sisteminin də yeni qayda və formalar əsasında idarə edilməsini zəruri etdi. UNEC-in rektoru, professor Ə.Muradovun ölkəmizdə ən qısa vaxtda, distant təhsilin tətbiq edilməsi ilə bağlı çağırışı bu sistemin ilk dəfə UNEC-də tətbiq edilməsinin yeni bir uğura imza atılması kimi də qürurverici hadisədir. Fərəhli haldır ki, Azərbaycanda və xaricdə fəaliyyət göstərən bir sıra universitetlər bu gün UNEC təcrübəsindən faydalanmaqda maraqlıdırlar. UNEC xaricdə filialı olan, Azərbaycanda 4 dildə təhsil verən yeganə ali təhsil ocağıdır. Bu gün nüfuzlu “The Times Higher Edication”, “Webometrics”, “OS Quacquarelli Symonds LTD” və digər beynəlxalq reytinq təşkilatları dünyanın aparıcı universitetlərinin reytinqlərini müəyyənləşdirərkən UNEC-in də öncül sıralarda yer alması qürurverici hadisədir. Ümumiyyətlə, son illər UNEC-in həyatı əldə edilmiş nailiyyətlərlə əlamətdar olmuşdur. Bu nailiyyətlər bir Azərbaycan vətəndaşı, həm də haqqında bəhs olunan təhsil ocağının əməkdaşı kimi, bu sətirlərin müəllifində də fəxarət və sevinc hissləri doğurur. Dünyanın nüfuzlu UniRank reytinq təşkilatı universitetlərin reytinq sıralamasında qeyd edir: Dünyada 225-ci, Asiyada 27-ci, Azərbaycanda 1-ci universitet – UNEC. Uğurların davamlı olsun, UNEC.

Cəlal Allahverdiyev,
UNEC  dosenti

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay