Azərbaycanın ali təhsil sektorunda önəmli və özünəməxsus yeri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90 illik yubileyini qeyd edir. 90 illik tarixə nəzər saldıqda universitetin çox mürəkkəb, keşməkeşli və şərəfli bir yol keçdiyini görmək mümkündür.
Araşdırmalar göstərir ki, Azərbaycanda 1930-cu ilə qədər ali təhsilli iqtisadçı kadrlar hazırlayan ayrıca təhsil müəssisəsi olmamışdır. Buna baxmayaraq, 1930-cu illərə qədər müxtəlif ali təhsil müəssisələrində iqtisadyönümlü fakültə və bölmələr fəaliyyət göstərmiş, bu və ya digər formada iqtisadçı kadrların hazırlığı həyata keçirilmişdir. Sonradan ovaxtkı Azərbaycan İnqilab Komitəsi tərəfindən yaradılan Bakı Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin İctimai elmlər fakültəsində iqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Bu dövrdə təcrübəsizlik, elmi-pedaqoji kadrların məhdudluğu kimi bütün çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışacaq iqtisadçı kadrların hazırlanması işinin təməlləri qoyulmuşdur. Həmin dövrün ayrı-ayrı kurslarında, texnikumlarında, ali məktəblərin müvafiq fakültə və bölmələrində təhsil alan mütəxəssislər sonradan iqtisadçı kadrların yeni nəslinin formalaşması prosesində yaxından iştirak etmişdir.
1920-ci illərin sonundan başlayaraq planlı iqtisadiyyata keçid edən Sovet İttifaqı buna uyğun olaraq təhsil sistemində də ciddi dəyişikliklərə başlamışdır. Həmin dəyişikliklər dövründə ayrı-ayrı nazirliklərə, komitələrə təhkim edilən yeni institut şəbəkələrinin yaradılması, öz növbəsində, müxtəlif sahələr üzrə iqtisadçı kadrların hazırlanması üçün yeni imkanlar yaratmışdır.
Belə bir şəraitdə, 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilmiş və onun müvafiq fakültələrinin bazasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılmışdır. Bu ali məktəblərdən biri - Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin bazasında yaradılan Azərbaycan Ticarət-Kooperasiya İnstitutu indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilk sələfi olmuşdur. Bununla da bu gün 90 yaşını qeyd etdiyimiz Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulmuşdur.
Azərbaycan Ticarət-Kooperasiya İnstitutu 1933-cü ilə qədər fəaliyyət göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin 2 yanvar 1933-cü il tarixli qərarı ilə Azərbaycan Ticarət-Kooperasiya İnstitutu yenidən təşkil edilmiş və onun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılmışdır. 1936-cı ilədək fəaliyyət göstərən bu institutun tərkibinə Sosialist uçotu, sovet quruculuğu və hüquq, Maliyyə və plan-iqtisad fakültələri də daxil edilmişdir. Respublika Plan Komitəsinə təhkim edilən instituta ayrıca bina da verilmişdir.
1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul etmişdir. Tərkibinə Azərbaycan Sovet Ticarət İnstitutunun da daxil edildiyi institut 15 yanvar 1937-ci ildə fəaliyyətə başlamış və 1941-ci ilin iyul ayına qədər müstəqil ali təhsil qurumu kimi fəaliyyətini davam etdirmişdir. 1939-1941-ci illərdə instituta tarixə ilk azərbaycanlı hüquqşünas qadın, institut rektoru kimi daxil olan Bilqeyis Əhməd qızı Həşimzadə rəhbərlik etmişdir. Bilqeyis xanım Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində ilk və indiyə qədər yeganə qadın rektordur.
1941-ci ildə İkinci Dünya müharibəsinin başlanmasına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu da bağlanmışdır. 1944-cü ilin 16 sentyabrında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa edilməsi haqqında müvafiq qərar verilmiş və institut bu adla 1959-cu ilə qədər fəaliyyət göstərmişdir. 1959-cu ilin mart ayında institut SSRİ Nazirlər Sovetinin müvafiq qərarı ilə bağlanmış və yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilmişdir. Azərbaycan Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə Ümumi iqtisadiyyat, 1962-ci ildən isə İqtisadiyyat və Əmtəəşünaslıq fakültələrində aparılmışdır. Bu fakültələrdə oxuyan tələbələrin çoxluğunu nəzərə alaraq SSRİ Nazirlər Soveti 1966-cı ilin 10 fevralında yenidən Bakıda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar vermişdir. Bu dəfə institut Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa edilmişdir. Qəbul edilən qərarla 1 sentyabr 1966-cı ildən Azərbaycan Dövlət Universitetinin tərkibindəki Ümumi iqtisadiyyat və Əmtəəşünaslıq fakültələri, həmçinin Azərbaycan Neft-Kimya İnstitutunun Mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası bu institutun tərkibinə daxil edilmişdir.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu öz fəaliyyətini 1966-cı ildən 1987-ci ilə qədər davam etdirmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəldiyi 1969-cu ildən başlayaraq "Qoy ədalət zəfər çalsın!” şüarı altında ali məktəblərdə həyata keçirdiyi islahat prosesləri o vaxt Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu da əhatə etmiş və bu institut ölkədə iqtisadi təfəkkürün formalaşması və yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi prosesinə öz layiqli töhfələrini vermişdir. Ancaq sonradan Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, 1980-ci illərdə universitetin daxilində baş verən çəkişmələr və bundan irəli gələrək Moskvaya göndərilən şikayət məktubları nəticəsində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 1987-ci il 24 sentyabr və SSRİ Ali Təhsil Nazirliyinin 1987-ci il 30 oktyabr tarixli qərarları ilə institutun fəaliyyəti yenidən dayandırılmış və N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı təsis edilmişdir.
Üç il Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərdikdən sonra institut 1990-cı ilin iyul ayında SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu olaraq yenidən fəaliyyətə başlamışdır.
Şübhəsiz ki, sovet dönəmində universitetdə planlı iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığı həyata keçirilir və tədqiqatlar aparılmışdır. O dövrdə ittifaq respublikalarından, həmçinin digər sosialist ölkələrindən çoxlu sayda gənc bu universitetdə yüksəkixtisaslı kadr kimi hazırlanmışdır. Sovet dövründə Əhməd Qaravəliyev, Qaçay Heydərov, Lətif Əhmədov, Veysəl İsayev, Soltan Salmanov, Fərid Fərəcov, Nazim Mustafayev, Bəhmən Axundov, Adil Qasımov, Ələsgər Qasımov, Talıbxan Nəsirov, Ağasəlim Ələsgərov, Tofiq Quliyev və digər bir çox görkəmli iqtisadçı alim məhz bu universitetdə yetişmiş və ya çalışmışdır. Sovet dönəmində demək olar ki, bütün dövlət strukturlarının, kooperativ birliklərin ən məsul vəzifələrində ovaxtkı adı ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunları çalışmış və abituriyentlərin bu ali təhsil müəssisəsinə marağı hər zaman çox yüksək olmuşdur.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1990-cı ildə Azərbaycan İqtisad İnstitutu adı ilə yenidən bərpa edildikdən sonrakı qısa müddət ərzində öz əvvəlki nüfuzunu özünə qaytara bilmiş və müstəqil Azərbaycanın ən böyük və abituriyentlər tərəfindən ən çox arzu edilən ali təhsil ocaqlarından birinə çevrilmişdir.
Müstəqillik dövründə universitetin inkişafı, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin start verdiyi ali təhsil islahatları ilə birbaşa bağlı olmuşdur. Bu islahatlar bütövlükdə ölkənin ali təhsil sektorunun müasir tələblər əsasında yenidən qurulmasını nəzərdə tuturdu. İslahatların həyata keçirildiyi dövrdə Heydər Əliyev universitetlərin inkişafına xüsusi diqqətlə yanaşır, onların öz işlərini müasir dövrün tələbləri çərçivəsində qurmalarını istəyirdi. Ulu Öndər çıxışlarının birində Azərbaycan universitetlərinin dünya səviyyəli universitetlər sırasına qoşulmasını arzuladığını ifadə edirdi: "Biz istəyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər və dünya səviyyəsində olsunlar. İkincisi də, universitetlərin varlığı ona görə lazımdır ki, ali təhsil almaq həvəsi və qabiliyyəti olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə bilməz”. Ali təhsil sistemində Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məqamlardan biri də nəzəriyyə ilə təcrübə, elm ilə real həyat arasında əlaqənin fasiləsizliyini təmin etməklə elmin və alimin cəmiyyətin inkişafına real töhfələr verməsinə nail olmaq idi. O, alimləri də bu prinsip üzrə təsnif edir və fəaliyyəti cəmiyyətə real töhfələr verən alimlərə xüsusi önəm verirdi: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda iqtisad təhsilinin inkişafına da xüsusi diqqət yetirmişdir. O, yaxşı bilirdi ki, qurmaq istədiyi yeni iqtisadi sistemi müasir bazar iqtisadiyyatını mənimsəmiş mütəxəssislər olmadan yaşatmaq və inkişaf etdirmək mümkün olmayacaqdır. Buna görə də Heydər Əliyev 13 iyun 2000-ci il tarixli 349 №-li fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun və Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universitetini yaratdı, ona özünüidarə (muxtariyyət) statusu verdi və 13 iyun 2002-ci ildə universitetin 70 illik yubileyi münasibətilə keçirilən tədbirə qatılaraq proqram xarakterli tarixi nitq söylədi. Heydər Əliyev öz nitqində Azərbaycan Dövlət İqtisad Universiteti qarşısında bir sıra strateji vəzifələr qoymuşdur ki, bu vəzifələr bu gün də universitetin strategiyasının əsasını təşkil edir:
- İqtisad elmi bazar iqtisadiyyatı şəraitində tamamilə yeni əsaslarda öyrənilməli və tədris edilməlidir. Ulu Öndər öz nitqində bu haqda demişdir: "Dünya dəyişəndən sonra, yəni Sovet İttifaqı dağılandan sonra, sosialist sistemi dağılandan sonra çox şey dəyişir. Amma bəzi şeylər o qədər də dəyişmir. Məsələn, riyaziyyat elmi dəyişmir, necə var, elə qalır. Fizika elmi dəyişmir... Amma ictimai elmlər çox dəyişir və dəyişməlidir, mütləq dəyişməlidir. Bunlar hamısı indi bizim müstəqilliyimizin inkişafına xidmət etməlidir. Bizim milli müstəqilliyimizi əks etdirməlidir. Elmdə, təhsildə, kadrların hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən də iqtisad elmi”;
- İqtisadçı alimlər dünya təcrübəsini və müvafiq nəzəriyyələri dərindən təhlil etməli, onları ümumiləşdirərək Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun tətbiqi imkanlarını təqdim etməlidirlər;
- İqtisadçı alimlər həyata keçirilən iqtisadi islahatları dərindən təhlil etməli və onların xalq tərəfindən daha düzgün dərk edilməsi üçün hökumətə kömək etməlidirlər;
- İqtisadçı alimlər yeni əsərlər yazmalı və gənc nəslə bazar iqtisadiyyatının və müasir dünya maliyyə sisteminin tələblərinə uyğun təhsil verməlidirlər;
- Müasir dövrün ən hörmətli ixtisasının iqtisadçı ixtisası olduğu nəzərə alınmalı və iqtisadçı kadrların hazırlanmasına diqqət artırılmalıdır. Ümummilli Lider öz çıxışında bununla bağlı fikirlərini açıq şəkildə ortaya qoyur: "İndi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyini dövlət səviyyəsində qeyd etməsi, bu münasibətlə keçirilən yubiley tədbirində iştirak edərək geniş nitq söyləməsi, heç şübhəsiz ki, onun bu universitetə, onun kollektivinə və çoxsaylı məzunlarına verdiyi yüksək qiymət idi. Təsadüfi deyil ki, Ümummilli Lider 12 iyun 2002-ci il tarixli fərman və sərəncamları ilə universitetin elmi-pedaqoji heyətinin bir sıra üzvlərini yüksək adlarla, orden və medallarla da təltif etmişdir.
Həmin dövrdə aparılan ali təhsil islahatlarının Azərbaycan Dövlət İqtisad Universitetində ən uğurlu nümunələri 1999-cu ildən kredit sistemi əsasında "eksperiment” tədris qruplarının, 2001-ci ildən isə "xüsusi istedadlar qrupu”nun fəaliyyətə başlaması olmuşdur. Bu qrupların fəaliyyətə başlaması artıq universitetə müasir Avropa təhsil sisteminin nüfuz etməsi demək idi.
Müstəqillik dönəmində Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində ən əlamətdar hadisələrdən biri də Nobel mükafatı laureatlarının universitetə gəlməsi, professor-müəllim heyəti ilə görüşməsi və universitetin fəxri doktoru adına layiq görülməsidir. Bu ənənə ilk dəfə 18 noyabr 2003-cü ildə Kolumbiya Universitetinin professoru, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, məşhur iqtisadçı Cozef Stiqlitsin universitetin professor-müəllim və tələbə heyətilə görüşməsi ilə başlamışdır. Sonra müxtəlif illərdə Nobel mükafatı laureatları Robert Mandell, Rocer Mayerson, Kristian Preskot, Kennet Arrou, Erik Maskin, Erlinq Kidland, Antonio Pissarides, Aleksandr Mirrlis, Əziz Sancar, Məhəmməd Yunus və digərləri Azərbaycan Dövlət İqtisad Universitetində olmuş və onlara universitetin fəxri doktoru adı verilmişdir.
Azərbaycanın ali təhsil sektorunda aparılan islahatlar ölkəmizin 19 may 2005-ci il tarixində Boloniya Bəyannaməsini imzalamasından sonra yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Ümummilli Liderin siyasi varisi, onun həyata keçirdiyi işləri yeni məzmun və keyfiyyətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan bu islahatlar, şübhəsiz ki, Azərbaycan Dövlət İqtisad Universitetinin inkişafına da öz təsirini göstərmişdir. Qısa müddət ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Boloniya Prosesinin tələblərinə uyğun bir çox yeniliklər tətbiq edilmiş və universitetin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Universitetin Bakı şəhərində yeni tədris binası, idman zalı və Quba tədris, idman və istirahət kompleksi istifadəyə verilmişdir. 2007-ci il oktyabrın 8-də isə universitetin Bakı şəhərindəki yeni tədris binasının açılışında iştirak edən Prezident İlham Əliyev tədris binasına, buradakı yeniliklərə yüksək qiymət vermiş, eləcə də universitet qarşısında duran proqram xarakterli vəzifələri müəyyən etmişdir. O, çıxışında universitet kollektivinin əməyini yüksək qiymətləndirərək demişdir: "Mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdırlar. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və öz peşəkarlığını göstərməlidirlər. Bax, Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu təhsil siyasəti və o cümlədən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi və bu çərçivədə ali təhsil sektorunda yeni məzmunlu və kompleks islahatlara start verməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə gündəlik diqqəti və qayğısı Azərbaycan Dövlət İqtisad Universitetinin inkişafında da dönüş nöqtəsi olmuşdur. Universitet ali təhsil sektorunda baş verən qlobal tendensiyalara, eləcə də ölkə iqtisadiyyatının yeni inkişaf tələblərinə uyğun olaraq, "Universtitet 3.0” konsepsiyasının reallaşdırılması, başqa sözlə, üçüncü nəsil universitetə çevrilməsi yolunda əhəmiyyətli uğurlar əldə edilmişdir.
İlk növbədə, universitetin rebrendinq etməsi və təşkilatı-hüquqi formasının dəyişməsini bu dövrdə baş verən mühüm yeniliklərdən biri kimi qeyd etmək mümkündür. Belə ki, 2016-cı ildə universitet dünya ali təhsil bazarında "UNEC” brendi olaraq çıxış edəcəyini ictimaiyyətə bəyan etmiş və yeni loqosunu, rəngini və digər korporativ simvollarını təsdiq etmişdir. "UNEC” brendi indiyə qədər Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və Xorvatiyada da rəsmi qeydiyyata alınmışdır. Eyni zamanda Prezident İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki public hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmişdir. Bundan irəli gələrək universitetin yeni nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2019-cu il tarixli 365 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu dövrdə UNEC-in strukturunda da əhəmiyyətli yeniliklər baş vermişdir. Belə ki, ilk növbədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci UNEC-in nəzdinə verilmişdir. İkincisi, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-in filialına çevrilmişdir. Bununla da UNEC tarixdə ilk dəfə olaraq həm subbakalavr pilləsi üzrə təhsil xidməti göstərməyə başlamış, həm də regional universitetə çevrilmiş, universitetin klasterləşməsinin əsası qoyulmuşdur.
2015-ci ildən başlayaraq UNEC-in Dərbənd filialının inkişafında da dönüş prosesi baş vermişdir. Belə ki, ilk dəfə olaraq Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-ci il tarixli 2220 saylı əmri ilə filiala lisenziya verilmişdir. 28 noyabr 2016-cı il tarixində isə filialın rəsmi açılış mərasimi olmuş və yeni kampusu istifadəyə verilmişdir. 1500 tələbə üçün nəzərdə tutulan kampusa həmçinin kitabxana, yeməkxana, idman zalı, hovuz və 200 nəfərlik lisey daxildir.
Yeni mərhələdə Azərbaycan Dövlət İqtisad Universiteti, ilk növbədə, tədrisin keyfiyyətinin yüksəldilməsini prioritet olaraq seçmiş və bu istiqamətdə tədris prosesinin elektronlaşdırılmasına, informasiya təminatının yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına, elmi-pedaqoji heyətin gücləndirilməsinə, tədris plan və proqramlarının modernləşdirilməsinə və beynəlxalq mübadilə və ikili diplom proqramlarında iştirakın genişləndirilməsinə xüsusi əhəmiyyət vermişdir.
2015-ci ildən başlayaraq "DocNet”, "Eduman” və digər elektron sistemlərin tətbiqi nəticəsində Azərbaycan Dövlət İqtisad Universiteti tarixdə ilk dəfə olaraq bütün tədris və inzibati-kargüzarlıq proseslərini elektron müstəviyə keçirərək elektron universitet modelini tamamlamışdır. Heç də təsadüfi deyil ki, bu model bu il baş verən pandemiya şəraitində universitetin fəaliyyətinin demək olar ki, olduğu kimi davam etdirilməsinə imkan vermişdir.
1 noyabr 2018-ci ildə UNEC iki əhəmiyyətli yeniliyə imza atmışdır. Belə ki, həmin tarixdə UNEC-in mərkəzi kampusunda 24/7 kitabxana və UNEC Extern - distant təhsil mərkəzi istifadəyə verilmişdir. Hər iki struktur ən müasir texnologiyalara əsaslanmaqla universitetdə tədrisin informasiya təminatının yaxşılaşmasında və təhsil xidmətlərinin çevikliyinin və əhatə dairəsinin genişləndirilməsində mühüm əhəmiyyətə malikdir. UNEC Extern vasitəsilə 20000 tələbəyə distant təhsil vermək mümkündür. Mərkəzdən tərəfdaş qurumlar da istifadə imkanına malikdirlər. Bu günə qədər mərkəz vasitəsilə ayrı-ayrı nazirliklərin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müxtəlif distant təlimlər həyata keçirilmişdir. 24/7 kitabxana isə müasir kitablarla təmin edilməklə yanaşı, çoxlu sayda nüfuzlu beynəlxalq elektron resurslara da çıxış imkanlarına malikdir.
UNEC kadr hazırlığında bazarın tələblərini daha dolğun şəkildə öyrənmək və onlara uyğunlaşmaq məqsədilə 28 noyabr 2017-ci ildə "Tələb işəgötürənlərdən - təklif UNEC-dən” adlı konfrans keçirmiş və həmin konfransda "UNEC - iş dünyası strateji əməkdaşlıq platforması: UNEC2B” təqdim edilmişdir. "UNEC2B” platforması tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini nəzərdə tutur. Platformaya əsasən UNEC həm də məzunlarını işə qəbul edən işəgötürənlər qarşısında 3 il ərzində "servis xidməti”, yəni məzunlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil etmək öhdəliyi götürmüşdür.
UNEC-də bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli tədqiqatların və tədris prosesinin təşkilində son illər dünyanın inkişaf etmiş universitetlərindən məzun olan yüzlərlə gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-ə cəlb edilməsinin də böyük rolu olmuşdur. Bu gənclərin əksəriyyəti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrin nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə doktoru dərəcəsi almışdır. "Gənc müəllim” layihələri çərçivəsində müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə başlayan gənclər təhsil aldıqları universitetlərlə UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin, o cümlədən də təcrübə mübadiləsinin qurulmasında əhəmiyyətli rol oynayırlar.
2015-ci ildən başlayaraq beynəlxalq ikili diplom proqramları üzrə tədrisə başlanmışdır. Hazırda UNEC-də bakalavr və magistr pillələri üzrə 9 beynəlxalq ikili diplom proqramı fəaliyyət göstərir. Bu proqramlar bakalavr pilləsi üzrə Fransanın Montpelleir Universiteti və ICD biznes məktəbi, İngiltərənin London İqtisad Məktəbi və Rusiyanın Ali İqtisad Məktəbi, Moskva Dövlət Humanitar və İqtisad Universiteti, magistr pilləsi üzrə isə ABŞ-ın Linkoln Universiteti, İsveçrənin UBİS, Fransanın Montpellier Universiteti və Litvanın Mykolos Romeris Universiteti ilə birgə həyata keçirilir. Bu proqramların məzunları UNEC ilə yanaşı, qeyd edilən universitetlərin diplomlarını da əldə edə bilirlər.
UNEC tarixində ilk dəfə olaraq Avropa İttifaqına ali təhsil xidmətləri ixracına başlamışdır. Belə ki, 2015-ci ildən etibarən UNEC Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə əldə edilmiş razılığa əsasən Yunanıstanda birgə magistr proqramı həyata keçirir.
UNEC-də tədrisin təşkilinin təkmilləşdirilməsi məqsədilə bir çox yeni meqa fakültələr, eləcə də ingilis dilində Beynəlxalq İqtisadiyyat Məktəbi, rus dilində Rus İqtisad Məktəbi, türk dilində Türk Dünyası İqtisad Fakültəsi, "SABAH” Mərkəzi, İnklüziv Təhsil Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi yaradılmışdır. UNEC ölkədə 4 dildə təhsil xidməti göstərən yeganə ali təhsil müəssisəsidir.
Türk dilində təhsil proqramları Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən akkreditasiya olunub və bu proqramlardan məzun olan tələbələrin diplomları Türkiyə Respublikasında birbaşa tanınır.
Universitetin ingilis dilində olan təhsil proqramları hazırda abituriyentlər tərəfindən ən çox arzu olunan proqramlar sırasındadır. Bu proqramlara bakalavr pilləsi üzrə qəbul üçün minimum keçid balı hazırda 630 baldan yuxarıdır. Qeyd edilən təhsil proqramları İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutu (CFA) kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən akkreditasiya edilmiş və bu proqramların məzunları həmin təşkilatların müvafiq sertifikatlarını əldə etmədə bir çox imtiyazlara malikdirlər.
UNEC hazırda ölkədə "SABAH” qrupları üzrə ən çox tələbənin təhsil aldığı universitetdir. Təhsil Nazirliyinin uğurlu layihəsi olan "SABAH”ın məqsədi savadlı, bacarıqlı və hazırlıqlı tələbələri yeni tədris metodikasından istifadə etməklə müasir biliklərə yiyələndirməkdən, eləcə də Azərbaycan təhsilini digər ölkə tələbələri və professor-müəllim heyəti üçün cəlbedici etməkdən və həmin resurslardan səmərəli şəkildə istifadə etməkdən ibarətdir.
UNEC Azərbaycanda MBA təhsili üzrə aparıcı ali təhsil müəssisəsi hesab edilir. Hazırda UNEC ölkədə MBA təhsili sektorunun təqribən 70 faizini əhatə edir. MBA proqramları üzrə tədrisin təşkil edildiyi UNEC Biznes Məktəbi ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu üzvüdür və ACCA tərəfindən akkreditasiya edilmişdir.
2015-ci ildə UNEC-in tarixində növbəti bir ilk də yaşanmışdır. Belə ki, Avropa İttifaqının Milli Akademik Tanınma və İnformasiya Mərkəzinin (NARIC) Yunanıstan bürosunun Direktorlar Şurası 15 may 2015-ci il tarixində UNEC diplomlarının Yunanıstanda tanınması haqqında qərar qəbul etmişdir.
Tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən kompleks işlərin nəticəsi UNEC-i seçən təhsilalanların strukturunda baş verən dəyişikliklərdə və müvafiq beynəlxalq reytinq agentliklərinin hesabatlarında da özünü göstərir. Belə ki, son 6 ildə UNEC-də bakalavr pilləsi üzrə orta keçid balı 426-ya, o cümlədən də türk dilində olan proqramlar üzrə 437-yə, ingilis dilində olan proqramlar üzrə isə 637-yə yüksəlmişdir. Eyni zamanda bu dövr ərzində UNEC-i seçən Prezident təqaüdçülərinin də sayı hər il artaraq 2014-cü ildə 1 nəfərdən 2019-cu ildə 21 nəfərə yüksəlmişdir. Eyni tendensiya magistratura pilləsi üzrə də müşahidə edilir.
2015-ci ildən UNEC tələbə və magistrlarının "ENACTUS”, "P&G Ceo Challenge Business Case”, "Made in Azerbaijan”, "Nə? Harada? Nə zaman?”, "Golden Byte”, "Berlin Nümayəndələr Palatası Tədqiqat Fondu Qrantı”, "Heydər Əliyev və Azərbaycan tarixi” kimi nüfuzlu beynəlxalq və milli intellektual yarışların qalibləri sırasında olması universitetimizin, onun çoxsaylı kollektivinin gərgin əməyi nəticəsində əldə edilmiş uğurlardır.
UNEC-də elmi tədqiqatların genişləndirilməsi və keyfiyyətinin artırılması istiqamətində əldə edilən nəticələr onun tədqiqat universitetinə transformasiya yolunda inamla addımlamasına imkan verir. Hazırda UNEC-də tədqiqatların stimullaşdırılması üzrə differensial əməkhaqqı sistemi, nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4 min manata qədər qonorar və "tədqiqatçı” statusu mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda bir çoxuna nüfuzlu xarici alimlərin də rəhbərlik etdiyi 30-dan çox yeni tədqiqat mərkəzləri yaradılmış, antiplagiat sistemi formalaşdırılmış və hər il "elm aylıq”ları keçirilir. Bu mexanizmlərin tətbiqi nəticəsində UNEC-in nüfuzlu "Web of Science” və "Scopus” elmi bazalarındakı əsərlərinin sayı əhəmiyyətli dərəcədə artmış və ölkə üzrə lider universitetlər sırasına yüksəlmişdir. Məhz bu uğurlarına görə nüfuzlu "Clarivate Analytics” şirkəti UNEC-i "Outstanding Higher Education Organization”,”Web of Science Awards-2018” və "Most Progressive Universities in Web of Science for the Last 3 Years” mükafatlarına layiq görmüşdür. Eyni zamanda "Webometrics” agentliyinin hesabatlarına görə istinadların sayı baxımından UNEC ölkə üzrə bir neçə ildir ki, ilk sıradadır. Bütövlükdə UNEC-in 1991-2020-ci illər arası dövrdə "Web of Scinece” bazasına daxil olan elmi əsərlərinin 80 faizdən çoxu məhz son 5 ilin payına düşür.
UNEC ölkədə nüfuzlu elmi tədbirlərin təşkilatçısı kimi də öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Belə ki, UNEC son illər milli və beynəlxalq statuslu çoxlu sayda elmi tədbirin təşkilatçısı olmuşdur. Bunlar arasında tələbələr üçün "ScienceSlam” elm müsabiqələri, "TEDxUNEC” konfransları, Nobel mükafatı laureatı Əziz Sancarın iştirakı ilə "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq konfrans (2017), "Web of Science” tərəfindən indeksləşdirilən "Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans (2019), "İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı” (2019, 2020) və "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans (2020), "Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC beynəlxalq forumu (2020) xüsusilə qeyd edilə bilər.
UNEC-in əldə etdiyi ən əhəmiyyətli uğurlardan biri də cəmiyyətdə iqtisadi maarifləndirməni həyata keçirən çoxsaylı ekspertlər qrupunun formalaşmasıdır. Son illər UNEC çoxlu sayda iqtisadi ekspertləri ilə televiziyalar, radiolar, qəzetlər, jurnallar, sosial şəbəkələr, ictimai mühazirələr və digər vasitələrlə iqtisadi subyektlərin maarifləndirilməsi işinə öz töhfəsini verməyə çalışır. Eyni zamanda UNEC 2015-ci ildə ekspertləri üçün ayrıca bir platforma - "UNEC Ekpert Jurnalı” da təsis etmişdir.
UNEC-in beynəlxalq əlaqələrində də bir çox uğurlar əldə edilmişdir. 2016-cı ildə UNEC Kəmər və Yol Universitetləri Alyansına və Mərkəzi Asiya Universitetləri Birliyinə, 2017-ci ildə isə İslam Dünyası Universitetləri Federasiyası İdarə Heyətinə üzv seçilmişdir.
UNEC-in beynəlxalq əməkdaşlığında beynəlxalq mübadilə və tədqiqat proqramlarına qoşulma xüsusi yer tutur. Hazırda UNEC beynəlxalq tələbə və müəllim mobilliyini artırmaq məqsədilə "Mevlana”, "Erasmus+” kimi beynəlxalq proqramlardan və ikili razılaşmalardan geniş istifadə edir. "Mevlana” mübadilə proqramı çərçivəsində UNEC hazırda Türkiyənin 51 universiteti, "Erasmus+” mübadilə proqramı üzrə isə Avropanın 40-dan çox universiteti ilə əməkdaşlıq edir.
Bunlarla yanaşı, ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində UNEC Fransanın Montpellier Universiteti, Almaniyanın Siegen Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi, Rusiyanın Ali İqtisad Məktəbi, Türkiyənin ODTÜ, Hacettepe, Boğaziçi, Koç, İstanbul və digər universitetləri ilə də uğurla əməkdaşlıq edir. Bunlar arasında Siegen Universiteti ilə olan əməkdaşlıq fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Belə ki, DAAD tərəfindən maliyyələşdirilən "EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluq” layihəsi çərçivəsində dörd il ərzində təhsilalanlar üçün sahibkarlıq sahəsində yay və qış məktəbləri təşkil edilmiş, çoxlu sayda alimlərin və inzibati işçilərin qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilmişdir.
UNEC beynəlxalq qrant layihələrinin əldə edilməsi və onların idarə olunmasında da uğurlar əldə etmişdir. Avropa Komissiyasının maliyyələşdirdiyi "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi”, "Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” və "Azərbaycanda doktorantura təhsilinin təhmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihələri bunlara misal göstərilə bilər. Bunlara əlavə olaraq, UNEC iki "Creative Spark” layihəsini də qazanmış və onların icrasını hazırda İngiltərənin Qrinviç universiteti və Şərqi London universiteti ilə birgə həyata keçirir.
UNEC-in qeyd edilən uğurları beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmamışdır. Belə ki, UNEC tarixində ilk dəfə olaraq 14 iyun 2016-cı ildə QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmuşdur. Agentliyin hesabatına görə UNEC inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet sırasına daxil olmuş və iqtisadyönümlü ən yaxşı 4-cü universitet seçilmişdir. 2017-ci ildə isə UNEC bu siyahıda mövqeyini daha 30 pillə yüksəldərək regionun ən yaxşı 161-170 universiteti sırasına daxil olmuşdur. Şübhəsiz ki, bu nəticələr əvvəllər beynəlxalq reytinq siyahısında görünməyən UNEC üçün çox böyük nailiyyətdir.
Dünya universitetlərinin veb populyarlığını müəyyən edən "UniRank” agentliyinə görə 2017-2020-ci illər arasında hər il UNEC universitet internet resursları üzrə Azərbaycanın ən yaxşı və ən populyar ali məktəbi seçilir. Həmçinin nüfuzlu "Webometrics” agentliyinin reytinq siyahılarına əsasən UNEC 2017-2020-ci illər arasında "Google akademik istinadlarının sayı”na görə hər il Azərbaycan ali məktəbləri arasında birincidir.
UNEC-in yüksək mövqe tutduğu beynəlxalq reytinq siyahılarından biri də "UI Green Metric World University Rankings”dir. Bu reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci "yaşıl” universitetdir.
2020-ci ildə dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan "The Times Higher Education” tərəfindən açıqlanan reytinq siyahısı isə UNEC-in 90 illik yubileyi ərəfəsində universitet kollektivi üçün bir növ əsl hədiyyə oldu. Belə ki, agentlik 22 aprel 2020-ci ildə "THE İmpact Ranking” reytinqini açıqladı və bu siyahıda UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan "Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə etmişdir. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olmuşdur. Yenə eyni siyahıda "Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən "Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə "401+”, eləcə də "Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasında olmuşdur.
Şübhəsiz ki, UNEC əldə etdiyi bu uğurlarla kifayətlənmək niyyətində deyildir. Universitet 2018-ci ildə qəbul etdiyi "UNEC-100” İnkişaf Strategiyasını qarşıdakı illərdə reallaşdırmaqla 100-cü ilini qeyd edəcəyi 2030-cu ilə daha böyük uğurlarla daxil olmağı hədəfləmişdir. Sənəd UNEC-in 2030-cu ilə qədərki dövr ərzində onun fəaliyyətinin əsas strateji istiqamətlərini özündə ehtiva edir. Strategiyada 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunmuşdur. Eyni zamanda sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret strateji fəaliyyət istiqamətləri də öz əksini tapmışdır. Sənədə görə UNEC 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı hədəfləmişdir.
UNEC 90 illik tarixində çox şərəfli yol keçmişdir. Bu gün universitet Azərbaycanın və Qafqazın ən nüfuzlu universitetləri sırasındadır və ölkə ali təhsilini beynəlxalq reytinq siyahılarında təmsil edən universitetlərdən biridir. Əminik ki, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC dünya universitetlərinin reytinq siyahılarında vətənimizi daha yüksək yerlərdə təmsil edəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitet qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına böyük töhfələr verəcəkdir.
Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor