A

"Respublika" qəzeti

Bəşəriyyətin uzunmüddətli təcrübəsi göstərir ki, hər bir xalqın tarixi inkişafında liderlərin özünəməxsus rolu olmuş və bu rol bir çox hallarda həlledici xarakter daşımışdır. Böyük keçmişə, köklü dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının da tarixi bu baxımdan istisnalıq təşkil etməmiş, xalqımızın bu günə qədərki tarixi inkişafında da dahi, müdrik və qəhrəman övladlarının rolu bir çox hallarda həlledici olmuşdur. Şübhəsiz ki, bu, bir tərəfdən Azərbaycan xalqının dahi şəxsiyyətlər yetişdirmə potensialının göstəricisi olduğu halda, digər tərəfdən də onun tarixin həlledici məqamlarında düzgün liderləri seçə bilmə qabiliyyətindən xəbər verir. Ümummilli lider Heydər Əliyev də məhz Azərbaycan xalqının yetişdirdiyi və həlledici məqamlarda taleyini əmanət etdiyi dahi, qüdrətli və məğlubedilməz şəxsiyyətlərdən biridir.

Liderlərin bir ölkənin tarixindəki rolu müxtəlif aspektlərdən qiymətləndirilə bilər. Ancaq iki sahə var ki, həmin sahələrdə gördüyü işlər, tətbiq etdikləri yeniliklər onların xalqın tarixi yaddaşında əbədi həkk olunmasında mühüm əhəmiyyət daşıyır. Bunlardan birincisi iqtisadiyyat, ikincisi isə təhsildir. İqtisadiyyat xalqın maddi inkişafını, təhsil isə mənəvi inkişafını təmin edən başlıca sahədir. Heç şübhəsiz ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımızın inkişafındakı rolundan danışarkən də, ilk növbədə onun bu iki sahədə gördüyü işlərə, həyata keçirdiyi islahatlara diqqət yetirmək, onların əhəmiyyətini anlamağa çalışmaq zəruridir.

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, təhsilinin inkişafı istiqamətində gördüyü işlərin öyrənilməsi, şübhəsiz ki, təkcə müstəqillik dövrü ilə məhdudlaşdırıla bilməz. O, hələ Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər arasında bu sahələrdə bir çox uzaqgörən addımlar atmışdır ki, onların nəticələrindən bu gün də Azərbaycan bəhrələnməkdədir. Müstəqil Azərbaycanın iqtisadiyyat və təhsil sahəsində əldə etdiyi nailiyyətlərin mühüm dərəcədə Heydər Əliyevin Sovet dönəmində bu sahələr üzrə ölkədə formalaşdırdığı potensiala əsaslanması danılmaz həqiqətdir. Belə ki, ulu öndər Sovet dövründə Azərbaycanın rəhbəri olduğu müddətdə ölkəmizin sürətli inkişafı naminə kompleks proqramlar işlənib həyata keçirilmiş, kənd təsərrüfatının inkişafında böyük uğurlar əldə edilmiş, sənayedə struktur islahatları aparılmış, yeni sənaye sahələri yaradılmış, başlıca sənaye sahələrində, xüsusilə də maşınqayırma, kimya və neft-kimya, əlvan metallurgiyada yenidənqurma işləri aparılmış, neft emalı, energetika, qara metallurgiya və dağ-mədən sənaye sahələrində isə mühüm dərəcədə artıma nail olunmuşdur. Heç də təsadüfi deyil ki, həmin illərdə Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmuşdur.

Ulu öndər, o illərdə inkişaf edən iqtisadiyyatın artan kadr ehtiyacını təmin etmək məqsədilə təhsilə də xüsusi önəm vermişdir. Məhz onun yorulmaz və gərgin əməyi nəticəsində ölkədə orta ümumtəhsil məktəbləri şəbəkəsi bir neçə dəfə genişləndirilmiş, kənd məktəblərinin infrastrukturu ciddi şəkildə yaxşılaşdırılmış, beş yeni ali təhsil müəssisəsi açılmış və ali təhsil alanların sayında ciddi artım baş vermişdir. Bu istiqamətdə atdığı mühüm və uzaqgörən addımlardan biri də məhz hər il yüzlərlə Azərbaycan gəncini Sovet İttifaqının o dövrdəki ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almağa göndərməsi olmuşdur ki, bu da milli kadr potensialının formalaşması baxımından fövqəladə əhəmiyyət daşımışdır. Şübhəsiz ki, ümummili lider Heydər Əliyev Sovet dövründə bu addımları atarkən Azərbaycanın bir gün müstəqil olacağını da düşünürdü və həmin dövrə hazırlaşmağın zəruri olduğunu dərk edirdi. Təsadüfi deyil ki, illər keçdikdən sonra o, həmin dövrdə Azərbaycanda həyata keçirdiyi işlər haqqında bu mühüm ifadələri işlətmişdir: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”.

İllər keçdi, Heydər Əliyevin arzuları reallığa çevrildi, Azərbaycan Sovet əsarətindən qurtularaq müstəqil oldu, ancaq bu dəfə də mahiyyətcə yeni və çox böyük çətinliklərlə qarşılaşdı. Belə ki, o dövrdə gənc Azərbaycan dövlətinin qarşısında demokratik dövlət quruculuğunu hədəfləyən siyasi transformasiya və azad bazar iqtisadiyyatının formalaşdırılmasını hədəfləyən iqtisadi transformasiya proseslərini uğurla həyata keçirmək kimi iki yetəri qədər çətin vəzifə dayandığı halda, bunlara daha ağrılı və mürəkkəb bir vəzifə olan üçüncüsü də əlavə olundu - ərazi bütövlüyünü təmin etmək. Şübhəsiz ki, heç bir gənc dövlət bu üç vəzifəni paralel şəkildə və uğurla həyata keçirə bilməz və gənc Azərbaycan dövləti də bu baxımdan istisna olmadı. Belə ki, Azərbaycan müstəqilliyinin ilk illərində nəinki bu istiqamətlərdə uğurlar əldə etdi, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəcək qədər dərin sosial-iqtisadi və hərbi-siyasi böhrana yuvarlandı. Ancaq Azərbaycan xalqı bu dəfə də müdriklik nümayiş etdirdi və onu bu dərin və bir çox cəhətləri ilə çıxılmaz görünən böhrandan qurtaracaq liderini - Heydər Əliyevi - seçərək hakimiyyətə gətirdi.

Ümummilli liderin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı o dövrdə respublikadakı dərin sosial-iqtisadi böhranın, ölkənin parçalanması və müstəqilliyinin itirilməsinə yönəlmiş proseslərin qarşısının alınmasında ciddi dönüş yaratdı. Qısa müddət ərzində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi sabitləşdirmə proqramı həyata keçirildi, ölkədə ÜDM-nin sürətlə azalması və hiperinflyasiya proseslərinin qarşısı alındı, maliyyə və iqtisadi sabitlik əldə edildi. İqtisadiyyatda stabillik əldə edildikdən sonrakı dövrdə Heydər Əliyevin bu sahədəki fəaliyyətinin əsas prioritetləri siyasi və iqtisadi islahatlar, o cümlədən də aqrar islahatlar, bazar iqtisadiyyatının formalaşdırılması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və iqtisadi inkişafının təmin edilməsi olmuşdur. O, bu haqda fikirlərini belə ifadə etmişdir: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Heydər Əliyevin iqtisadi strategiyasının mühüm elementi heç şübhəsiz ki, neft strategiyasıdır. Ümummilli lider o dövrdə neft amilindən Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin təmin edilməsi, həmçinin də gələcək iqtisadi inkişafının real zəminin yaradılması istiqamətində çox böyük ustalıqla istifadə etmişdir. Heydər Əliyev Azərbaycanın əsas neft yataqlarının dünyanın nüfuzlu neft şirkətləri ilə birlikdə hasilatın pay bölgüsü prinsipi əsasında işlənməsini nəzərdə tutan “Əsrin müqaviləsi”nin 1994-cü ildə imzalanmasına nail oldu. O zaman ümummilli lider Heydər Əliyev bu hadisəni belə qiymətləndirirdi: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk”. Təxminən 30 illik dövrü əhatə edən bu müqavilənin imzalanması ilə bir tərəfdən Azərbaycan iqtisadi və siyasi müstəqilliyini təminat altına almış oldu, digər tərəfdən isə Qərb sərmayəsi 70 ildən sonra yenidən bölgəmizə, Xəzər hövzəsinə əsaslı şəkildə giriş imkanı əldə etdi.

Heydər Əliyevin neft strategiyası təkcə Azərbaycanın neft yataqlarının işlənməsini əhatə etmirdi, eyni zamanda da çıxarılan neftin dünya bazarına daşınması marşrutlarını müəyyən edirdi. Ulu öndər Azərbaycanın strateji maraqlarına daha uyğun olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini reallığa çevirə bildi. Heydər Əliyevin neft strategiyası “soyuq müharibə”dən sonrakı dövrdə təkcə Azərbaycanın deyil, eyni zamanda da bütövlükdə Avrasiyasının geoiqtisadi və geosiyasi xəritəsini müəyyən edən faktorlardan birinə çevrildi. Heç də təsadüfi deyil ki, elə bu kimi amilləri, eləcə də “Böyük İpək Yolu”nun bərpasına yönəlmiş fəaliyyətini nəzərə alan böyük Qırğız yazıçısı Çingiz Aytmatov ümummilli lider haqqında bu fikirləri işlədir: “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandı”.

Heydər Əliyevin iqtisadi islahatlar strategiyası bütövlükdə komanda iqtisadiyyatının azad bazar iqtisadiyyatı ilə əvəzlənməsini nəzərdə tuturdu. Azərbaycanda iqtisadi sabitləşmə əldə edildikdən sonra onun rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı, kolxoz və sovxozların islahatı, qiymətlərin, ticarətin və valyuta rejiminin liberallaşdırılması, özəlləşdirmə, maliyyə, bank, vergi, gömrük, sığorta-pensiya, səhiyyə və təhsil sistemlərinin yenidən qurulması, azad sahibkarlığın normativ-hüquqi bazasının formalaşdırılması kimi tədbirlər nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesi mühüm dərəcədə reallaşdırıldı və sosial-iqtisadi həyat yeni iqtisadi sistemin tələbləri əsasında fəaliyyət göstərməyə başladı. Ulu öndər iqtisadi islahatlar prosesini mühüm dərəcədə reallaşdırdıqdan sonra ölkədə bütövlükdə sahibkarlığın inkişafı və iqtisadiyyatın ayrı-ayrı sahələrinin dirçəldilməsi məqsədilə mühüm dövlət proqram və konsepsiyalarını da qəbul etdi.

Azərbaycanda azad bazar iqtisadiyyatının formalaşdırılmasına çalışan Heydər Əliyev heç şübhəsiz ki, bu prosesin dünya iqtisadiyyatından təcrid olunaraq uğurla davam etdirilməsinin mümkün olmadığını da bilirdi və bu baxımdan iqtisadiyyatın açıqlıq səviyyəsinin yüksəldilməsinə xüsusi əhəmiyyət verirdi. Ulu öndərin bu haqda fikirləri təcrübəli bir iqtisadçı alimin fikirləri qədər aydın və konkret idi: “Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi, reginlaşması XX əsrin sn mərhələsinin fərqləndirici xüsusiyyətlərindəndir. Heç bir ölkə, ən böyük bir ölkədə yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”. O, elə bu məntiqdən hərəkət edərək Azərbaycan iqtisadiyyatını xarici ticarət və xarici investisiya əlaqələri, həmçinin də beynəlxalq təşkilatlarla əməkdaşlıq və beynəlxalq iqtisadi nizama inteqrasiya yolu ilə dünya iqtisadiyyatının ayrılmaz bir parçasına çevirməyə çalışırdı. Məhz müstəqil Azərbaycana onun rəhbərlik etdiyi dövrdə ölkənin həm xarici ticarət dövriyyəsi, həm də qarşılıqlı investisiya axınları mühüm dərəcədə genişlənmişdir. Ümumilikdə, Heydər Əliyevin sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadiyyatına inteqrasiya, ssial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi istiqamətlərini əhatə edən bu iqtisadi strategiyası Azərbaycanın yeni iqtisadi inkişaf modelini formalaşdıran uğur strategiyası kimi də qiymətləndirilə bilər.

Heydər Əliyevin iqtisadi strategiyası heç şübhəsiz ki, onun təhsil strategiyası olmadan uğurla reallaşdırıla bilməzdi. Ulu öndər, təhsilin cəmiyyətin inkişafındakı rolunu çox yaxşı dərk edir və ölkənin gələcək inkişafının təhsil sistemindən asılı olduğunu qeyd edirdi: “Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır.” O, qurmaqda olduğu yeni iqtisadi sistemin tələblərinə cavab verəcək kadrların formalaşdırılması və vətəndaşların yetişdirilməsi işinə daim diqqət yetirir və bu məqsədlə təhsil sisteminin də yenidən qurulmasını həyata keçirirdi. Ulu öndərin bu sahədə atdığı ən mühüm addımlardan biri məhz təhsil sistemində islahatlara start verməsi olmuşdur. O, ilk öncə 1998-ci ildə “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında” sərəncam imzaladı. 1999-cu ildə isə geniş müzakirələrdən sonra dövlət komissiyasının hazırladığı “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nı qəbul etdi. Bununla da Azərbaycanda təhsil sisteminin mütərəqqi milli xüsusiyyətlər gözlənilməklə beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməyə başlandı. Ulu öndər həyata keçirilən islahatları daha da sürətləndirmək məqsədilə 2003-cü ildə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” əlavə bir fərman da imzaladı və bu fərmanda da təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi, təhsildə idarəetmənin müasir prinsiplər üzrə təşkili, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsil sisteminə inteqrasiyası istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu.

Heydər Əliyevin təhsil sistemində həyata keçirdiyi islahatlarda əsas götürdüyü ilk prinsip bu sistemin daha geniş əhali təbəqələrini əhatə etməsi səbəbindən yüksək həsaslığının nəzərə alınması olmuşdur. O, bu haqda deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Hesab edirəm ki, bu tələblər hər ölkədə var. Amma keçid dövrünü yaşayan ölkələr, bir ictimai-siyasi sistemdən başqasına keçən ölkələr bu işə daha da diqqətli olmalı, daha da ciddi və həssas yanaşmalıdırlar”. Elə buna görə də o vaxt ulu öndər təhsil islahatlarının uzun dövrü əhatə edəcəyini görür və bu istiqamətdə qətiyyən tələsikliyə yol verilməməli olduğunu qeyd edirdi: “Yenə də deyirəm, əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt tələb edir. Bunu anlamaq, bilmək lazımdır. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilmə”.

Aparılan təhsil islahatlarında Heydər Əliyevin ən çox üzərində dayandığı prinsiplərdən biri də islahatların formal xarakter daşımaması və son nəticədə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə nəticələnməsi olmuşdur. O, çıxışlarının birində bu məsələyə xüsusi diqqət ayırmışdır: “Birincisi, mən təhsil haqqında deyəndə bu rəqəmləri gətirirəm. Amma bu rəqəmlərin arxasında keyfiyyət durmalıdır. Həm orta məktəblərdə, həm ali məktəblərdə təhsilin keyfiyyəti yüksəldilməlidir. Təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı artmalıdır. Gənclərin daha da yaxşı oxuması, təhsil alması üçün tələbkarlıq artırılmalıdır. Əgər bu olmasa, bu rəqəmlər, təbiidir ki, istənilən mənanı verə bilməz.”

İslahatların həyata keçirildiyi dövrdə Heydər Əliyev universitetlərin inkişafına xüsusi diqqətlə yanaşır, onların öz işlərini müasir dövrün tələbləri çərçivəsində qurmalarını istəyirdi. Ulu öndər çıxışlarının birində Azərbaycan universitetlərinin dünya səviyyəli universitetlər sırasına qoşulmasını arzuladığını ifadə edir: “...biz istəyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər və dünya səviyyəsində olsunlar. İkincisi də, universitetlərin varlığı ona görə lazımdır ki, ali təhsil almaq həvəsi və qabiliyyəti olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə bilməz”.

Ali təhsil sistemində Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məqamlardan biri də nəzəriyyə ilə təcrübə, elm ilə real həyat arasında əlaqənin fasiləsizliyini təmin etməklə elmin və alimin cəmiyyətin inkişafına real töhfələr verməsinə nail olmaq idi. O, alimləri də bu prinsip üzrə təsnif edir və fəaliyyəti cəmiyyətə real töhfələr verən alimlərə xüsusi önəm verirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda iqtisad təhsilinin inkişafına da xüsusi diqqət yetirmişdir. O, yaxşı bilirdi ki, qurmaq istədiyi yeni iqtisadi sistemi müasir bazar iqtisadiyyatını mənimsəmiş mütəxəssislər olmadan yaşatmaq və inkişaf etdirmək mümkün olmayacaqdır. Buna görə də, Heydər Əliyev 13 iyun 2000-ci il tarixli 349 №-li fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun və Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universitetini yaratdı və 13 iyun 2002-ci ildə Universitetin 70 illik yubileyi münasibətilə keçirilən tədbirə qatılaraq proqram xarakterli tarixi nitq söylədi. Heydər Əliyev öz nitqində Azərbaycan Dövlət İqtisad Universiteti qarşısında bir sıra strateji vəzifələr qoymuşdur ki, bu vəzifələr bu gün də universitetin strategiyasının əsasını təşkil edir:

1. İqtisad elmi bazar iqtisadiyyatı şəraitində tamamilə yeni əsaslarda öyrənilməli və tədris edilməlidir. Ulu öndər öz nitqində bu haqda demişdir: “Dünya dəyişəndən sonra, yəni Sovet İttifaqı dağılandan sonra, sosialist sistemi dağılandan sonra çox şey dəyişir. Amma bəzi şeylər o qədər də dəyişmir. Məsələn, riyaziyyat elmi dəyişmir, necə var, elə qalır. Fizika elmi dəyişmir... Amma ictimai elmlər çox dəyişir və dəyişməlidir, mütləq dəyişməlidir. Bunlar hamısı indi bizim müstəqilliyimizin inkişafına xidmət etməlidir. Bizim milli müstəqilliyimizi əks etdirməlidir. Elmdə, təhsildə, kadrların hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin. O cümlədən də iqtisad elmi”;

2. İqtisadçı alimlər dünya təcrübəsini və müvafiq nəzəriyyələri dərindən təhlil etməli, onları ümumiləşdirərək Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun tətbiqi imkanlarını təqdim etməlidirlər;

3. İqtisadçı alimlər həyata keçirilən iqtisadi islahatları dərindən təhlil etməli və onların xalq tərəfindən daha düzgün dərk edilməsi üçün hökumətə kömək etməlidirlər;

4. İqtisadçı alimlər yeni əsərlər yazmalı və gənc nəslə bazar iqtisadiyyatının və müasir dünya maliyyə sisteminin tələblərinə uyğun təhsil verməlidirlər;

5. Müasir dövrünün ən hörmətli ixtisasının iqtisadçı ixtisası olduğu nəzərə alınmalı və iqtisadçı kadrların hazırlanmasına diqqət artırılmalıdır. Ümummilli lider öz çıxışında bununla bağlı fikirlərini açıq şəkildə ortaya qoyur: “...indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.

Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bütün zamanlarda Azərbaycanın tərəqqisi üçün aktual və müasir olan inkişaf strategiyası onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu strategiyanın 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır.

Ümummilli lider Heydər Əliyevin və onun ideyalarının Azərbaycanın inkişafındakı rolunu ən yaxşı şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sözlərlə ifadə etmişdir: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay