A

 525-ci qəzet

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ölkə universitetlərinin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud olan Sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər, əldə olunan nəticələr barədə fikirlərini bölüşür. Rektor deyir ki, ölkədə təhsilin, o cümlədən, ali təhsilin inkişafı Ümummilli lider Heydər Əliyev strategiyasının ən vacib tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti, o cümlədən, imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin ali təhsil sistemi təkmilləşib, Boloniya sisteminə qoşulub, beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada, ali təhsilin beynəlmiləlləşməsində uğurlar qazanılıb, özəl ali təhsil sistemi bərqərar olub. Bu istiqamətdə Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək yerinə düşərdi. Apardığımız təhlillər göstərir ki, ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən vacib elementi olan universitetlərin idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində hələ də bir sıra Sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır: "Düşünürəm ki, universitetləri Sovet mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür".

Ədalət Muradovun dediyinə görə, universitetlərin Ali İdarəetmə Orqanı Elmi Şura olaraq qalmaqdadır. Elmi Şura eyni vaxtda həm Ali Akademik İdarəetmə, həm də Ali İnzibati İdarəetmə orqanı kimi səlahiyyətlərə malikdir. Eyni fikir universitet rektorlarına da aiddir: "Ümummilli Lider Heydər Əliyev Strategiyasının Azərbaycanda uğurla həyata keçirilməsi nəticəsində bazar iqtisadiyyatı formalaşıb. Amma ali təhsil sisteminin və o cümlədən, ali təhsil müəssisələrinin strukturunda hələ də Sovet komanda sistemində formalaşmış iqtisadiyyatın sahəvi idarəetmə sisteminə xas olan mirası görmək mümkündür.

Universitetlərdə istər professor-müəllim heyətinin, istərsə də inzibati işçilərin əmək haqqı sistemində sovetlərdə mövcud olan "uravnilovka", yəni eyni vəzifə tutanlara bərabər əmək haqqı sistemi hələ də tətbiq edilir. Başqa sözlə, əməkhaqqı icra göstəricilərinə görə deyil, vəzifəyə görə müəyyən edilir.

Sovet hakimiyyəti qurulduqdan dərhal sonra "lazımsız" professorlardan yaxa qurtarmaq üçün ömürlük əmək müqaviləsi  sistemi ləğv edildi və bu sistem müsabiqə ilə əvəz edildi. Ömürlük müqavilə sistemi hələ də tətbiq edilmir və müsabiqə sistemi davam edir".

Rektor vurğulayıb ki, Sovet dönəmində ali təhsilə tələbə qəbulunun strukturu və sayı Sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada təsdiqlənirdi. Həmin dövrdə müəssisələrin hamısı dövlət müəssisələri idi və ali təhsil müəssisələrinin məzunları mütləq qaydada planda nəzərdə tutulmuş müəssisələrdə təyinata uyğun olaraq işləməli idilər: "Şübhəsiz ki, qəbul planında həmin dövlət müəssisələrinin sifarişləri nəzərə alınırdı. Sovet planının olmadığı, bazar iqtisadiyyatı və ölkə iqtisadiyyatında özəl sektorun payının 85 faiz təşkil etdiyi mövcud şəraitdə universitetlərə tələbə qəbulu planının strukturu və sayı mərkəzləşdirilmiş qaydada təsdiq edilir. Deyilənlər qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə aid deyil. Qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini məqsədəuyğun və alternativsiz hesab edirik".

Ədalət Muradovun sözlərinə görə, universitetlərdə Sovet mirasının nümunələrindən biri də kafedradır.  Həqiqət odur ki, Sovet dönəmində planlı iqtisadiyyat üçün çatışmayan kadrların hazırlanmasında kafedraların böyük xidməti olub. Amma bu iş kadr hazırlığında rəqabət olmayan şəraitdə yerinə yetirilmiş və bu gün isə rəqabət həlledici amillə çevrilib. Kafedralar bir qayda olaraq müəyyən ixtisaslar üzrə formalaşır. Artıq Boloniya sisteminə, bakalavr-magistr təhsil modelinə keçidlə bakalavr  səviyyəsində ixtisaslaşma ləğv edilib. Kafedralar elmi struktur vahidi kimi deyil, ilk növbədə təhsil vahidi kimi yaradılmış və bu ənənə davam edir. Sirr deyil ki, çox-çox az istisnalarla kafedralar müəyyən elmi istiqamətlərin inkişaf mərkəzi və təşkilatçısı kimi fəaliyyət göstərmir. Köhnəlmiş fənlərin müasirlərilə əvəz edilməsində, tədris prosesinin təkmilləşməsində kafedraların mövqeyi tədris prosesinin optimallaşdarmasına yardım etmir. Kafedralar akademik və inzibati səlahiyyətlərin bölünməsini təmin etmir və strateji məsələlərə fokuslana bilmir.

Rektor qeyd edib ki, Sovet dönəmində tədrisin başlama və bitmə tarixi, müddəti bütün ali təhsil müəssisələrində eyni olurdu və mərkəzləşdirilmiş qaydada müəyyən edilirdi. Bayramlarla əlaqədar qeyri-iş (qeyri-dərs günləri) də təhsil müddətinə daxil edilirdi. Nəticədə tədris planı icra edilmir, icra edilən kimi qəbul edilir və ya formal, keyfiyyətsiz icra edilmiş olurdu. Bu sistem, yəni bütün ali təhsil müəssisələri üçün vahid akademik təqvim planının mərkəzləşdirilmiş təsdiqi və tətbiqi davam edir. 

Ədalət Muradovun söylədiyinə görə, Sovet dönəmində belə qəbul edilirdi ki, bütün tələbələrin bilik səviyyəsi vahid yanaşma ilə, yəni mövcud səviyyəsindən asılı olmayaraq hamı üçün eyni metodologiya, eyni pedaqoji texnologiyalar və alətlərlə  və eyni sürətlə artırıla bilər. Başqa sözlə, hər bir tələbənin fərdi keyfiyyətləri nəzərə alınmaqla tədris prosesinin fərdiləşməsi tətbiq edilmirdi. Bu gün də vəziyyət eynidir: "Sovet dönəmində təhsil proqramlarının məzmunu, o cümlədən, təhsil standartları, təhsil proqramları və hətta fənn proqramları bəlli səbəblərdən universitetlər tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada müəyyən edilir və təsdiqlənirdi. Ona görə də universitetlər arasında keyfiyyətli təhsil uğrunda rəqabət mümkünsüz idi. Sovet yanaşmasını zəruri edən səbəblər aradan qaldırılsa da, bu sistem bu gün də tətbiq edilməkdədir".

Tanınmış hüquqşünas və ictimai xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirir ki, əslində, UNEC rektoru Ədalət Muradov  çox lakonik şəkildə ən ciddi bir problemi ortaya qoyub. Universitetlərin fənn proqramlarının mərkəzləşdirilmiş qaydada müəyyən olunması təhsilin inkişafına ən ciddi maneə olan amillərdəndir: "Mən təhsil eksperti olmasam belə, az-çox bu məsələlərdən xəbərdaram, məlumatlıyam. Bilirəm ki, Boloniya sisteminin dörd prinsipi var. Bu prinsiplərdən biri də universitetlərin avtanomluğu məsələsidir. Universitetlərin həm maliyyə, idarəetmə avtonomluğu, həm  tədris proqramlarının mükəməlləşdirilməsi ilə bağlı özlərinin avtonomluğunun olması vacib şərtlərdəndir. Təəssüf ki,  bu gün universitetlərdə Boloniya prosesinin şərtlərinə əməl olunmur. Təbii, müvafiq icra hakimiyyəti orqanı müvafiq çərçivələr müəyyən edən bilər tədrislə bağlı. Fikrimcə, onun içərisində hərəkət imkanı olmalıdır".

Təhsil eksperti Elçin Süleymanov deyir ki, akademik təqvimə görə, bir semestr ümumiyyətlə 20 həftə nəzərdə tutulur. Onun 15 həftəsi tədris, 5 həftəsi qiymətləndirmə üçün hesablanır. Burda bir-iki həftəlik rəsmi tətil günü prosesə o qədər də ciddi təsir göstərmir: "Amma UNEC rektoru Ədalət Muradovun bəhs etdiyi kimi formallıq, keçilməyən dərsi keçilmiş kimi göstərmə ənənəsindən əl çəkmək lazımdı. Ümumiyyətlə, Qərb ali təhsil sistemində məşğələ dərsləri sadəcə tətbiqi dərslərdə olur. Əsasən, mühazirə dərsləri olur və müəllim mühazirədə dərsin əsas istiqamətlərini keçir, amma öyrənmək isə tələbənin özünün bu istiqamət üzrə mənbələri sərbəst oxuyaraq özünə qalır. Artıq bir çox resursa tələbələrin asanlıqla əlçatanlılığı var. Bütün məlumatlara auditoriyada çatmaq imkansızdı. Ona görə universitet təhsili ilə sadəcə düzgün yolu və istiqaməti göstərmək mümkündür. Qalanı tələbənin bacarığına və zəhmətinə bağlıdır" .

SEVİNC QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay