Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdi. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdı.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı.
Həmin tarixi və möhtəşəm gündən artıq 30 illik bir müddət keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqillik və azadlıq qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunan soydaşlarımız Azərbaycana pənah gətirdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin, ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olundu. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi Vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib, taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.
Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında Əsrin müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ümummilli liderin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin, möhtəşəm səfərbəredici amildir. Ulu öndərin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Təqvimimizdəki yaddaqalan, böyük sevinclə gözlədiyimiz əlamətdar günlərdən biri də 18 oktyabr tarixidir. Bu tarix kiçikdən tutmuş böyüyə qədər hər birimizin yaddaşına böyük hərflərlə yazılıb. Bu tarixi gün bütün ölkə vətəndaşları üçün çox müqəddəs və əzizdir. Çünki həmin gün xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazanmışdı. İndi o əlamətdar tarixdən 30 il keçir. Ötən hər gün müstəqilliyimiz daha da möhkəmlənir. Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.
Həmişə istənilən bir işin əvvəlində çətinlikləri, maneələri dəf etməli oluruq. Müstəqilliyimizin ilk illərində də Azərbaycanın siyasi və iqtisadi quruculuğunda müəyyən çətinliklər meydana çıxmışdı. O vaxtlar ölkəyə rəhbərlik edənlərin kifayət qədər idarəetmə qabiliyyəti olmadığından, onlar müstəqilliyimizin möhkəmlənməsi üçün yetərli işlər görə bilmirdilər. Müstəqilliyimiz təhlükə altında idi. Ölkədə baş verən xaos vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox çətin bir vəziyyət yaranmışdı. Belə bir vaxtda müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin inkişaf etdirilməsi üçün xalq Ümummilli liderimiz Heydər Əliyevə üz tutub hakimiyyətə dəvət etdi. Ulu öndər ölkəni xaosdan xilas etmək, müstəqilliyimizi daha da möhkəmləndirmək üçün 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Ümummilli liderimiz Heydər Əliyev çox qısa bir zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Ulu öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı.
Əsl müstəqillik ölkənin öz sərvətlərinin tam sahibi olmasıdır. Bu, müstəqilliyin vacib amillərindən, zəruri atributlarından biridir. Bu, yaşanmış tarixin sınağından çıxmış sübut olunmuş bir həqiqətdir. Yaxın tariximizdən hamımıza yaxşı məlumdur ki, 20 sentyabr 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - Əsrin müqaviləsi imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi. Beləliklə, müstəqilliyimizin iqtisadi əsası qoyuldu. İnkişafa doğru çox uğurlu addımlar atıldı. Bu günə qədər ölkə büdcəsinə həmin müqavilədən milyonlarla vəsait daxil olub.
Qazanılan və əldə olunan iqtisadi dirçəliş nəticəsində, başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Bu gün tam inamla deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyini qorumağa və torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadirdir.
Bunu zabit və əsgərlərimiz 2016-cı ilin Aprel döyüşlərində hünər və cəsarətləri ilə bir daha dünyaya sübut etdilər. Onlar erməni işğalçılarının hücumlarını dəf edərək geri oturtdular. Gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi. Cəsur zabit və əsgərlərimiz sübut etdilər ki, ordumuz güclü və qüdrətlidir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir. Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. 30 illik təcavüz, 30 illiki təqib, 30 illik münaqişə başa çatdı! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
Bu, bizim şanlı qələbəmiz, tarixi zəfərimizdir. Bu qələbə xalqımızın canı və qanı bahasına əldə olunmuş qələbədir. Bu parlaq qələbə Şuşanın işğaldan azad olunduğu tarixdir. Şuşa Qarabağın tacı, mədəniyyət beşiyidir. Şuşa tarixi şəxsiyyətləri yetirib, boya-başa çatdıran diyardır. 28 il yarım əsarətdə olan Şuşa azad olundu. Şuşa coğrafi mövqeyi, mədəniyyəti tarixi ilə Azərbaycan tarixində böyük iz salan diyardır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox mənəvi bir məna daşıyır. Noyabrın 8-də Azərbaycan tarixində çox böyük dəyişim oldu. Azərbaycanda "Qarabağın döyünən ürəyi", "Musiqi və incəsənət beşiyi" və xalqımızın bəhs etdiyi kimi "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" deyə bəhs etdiyimiz Şuşa şəhərinin işğaldan azad olunması çox böyük həsrətlə gözlənilirdi. Şuşanın azad olunması Azərbaycanın mənəvi qələbəsidir. Bu qələbə cəbhədə olan və olmayan azərbaycanlıların qələbəsi deməkdir. Şuşa 1992-ci ildə işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" sayılıb. Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa haqqı çatır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunduğunun elan edilməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə işğal altında qalıb, danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq vaxt qazanmağa, status-kvonu möhkəmləndirməyə çalışıb. Bəli, illər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. Dağlıq Qarabağ bir ədalət məsələsidir. Bu bir xalqın taleyi, itirilmiş keçmişinin bərpası deməkdir. "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı. Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq. İşğaldan azad edilmiş bu torpaqları yenidən quracayıq. "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Qarabağ Azərbaycandır! Artıq azadıq, bütövük, bölünməzik!
Həqiqət QƏDİMOVA
UNEC Zaqatala filialının dosenti