A

sabahinfo.az

Dövlət müstəqilliyinin əldə olunması, gedilən yol, keçid dövrü və onun qarşıya çıxardığı problemlər, habelə tarixi zərurətin meydana gətirdiyi Lider fenomeni humanitar elmlərin əsaslı araşdırma predmentlərindəndir.

Hər bir ölkə vətəndaşı şahiddir ki, bir vaxtlar Azərbaycan keçid dövrünün ən ciddi problemləri ilə üz-üzə qalmışdı. Onda zamanın tələbinə uyğun çevik islahatlara, müstəqil iqtisadiyyatın formalaşmasına ciddi ehtiyac vardı. Hər şeydən əvvəl cəmiyyəti sosial uçurumdan xilas etmək üçün yollar müəyyən olunmalı idi. Heç şübhəsiz ki, keçid dövrünün ağır şərtlərindən, sosializm psixologiyasından xilas olmaq, sürətli iqtisadi inkişaf yoluna çıxmaq, dünya inteqrasiya sisteminə keçidi təmin etmək üçün güclü liderə ehtiyac vardı. Mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini qazanan Azərbaycan yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən iqtisadi islahatlar, uzaqgörən xarici siyasət nəticəsində sürətli inkişaf yoluna qədəm qoydu.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmiş, bu proses uğurla başa çatdırılmışdır. Ümummilli Lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da vacib saymışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da Ulu Öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasınin uğurlu amillərindən biri də xalqın milli təhlükəsizliyinin, dövlətin ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin Silahlı Qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qaranti hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş məlum səriştəsiz qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə respublikada qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur.

Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu, bir reallıqdır ki, Ulu Öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da deyilənləri təsdiqləmişdir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir.

Milli ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm şərtlərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Bu mənada, 30 illik müddətdə dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır.

Hazırda hər bir xalq, etnos özünəməxsusluğunu, milli ruhunu və mənəvi irsini qorumağın ümdə şərtlərindən biri kimi ana dilini yad təsirlərdən, assimilyasiyadan qorumağa çalışır. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu ərəfəsində Ulu Öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirdiyi genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə nəticələnmişdir: xalqımız referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə səs vermiş, bununla da ana dilimizə qarşı edilmiş haqsızlıq, biganəlik aradan qaldı-rılmış, onun cəmiyyətdəki mövqeyi bərpa edilmişdir.

Ümummilli Lider ölkə daxilində milli birliyi, dövlətçiliyimizin əsaslarını gücləndirmək üçün gərgin iş aparırdı. Onun əsas amal kimi qəbul etdiyi azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin əsaslarının möhkəmlənməsinə güclü təsir göstərdi. Ölkədə vətəndaşların bərabər şəraitdə fəaliyyət göstərməsinə ciddi təminat yaradıldı. Azad və bərabər bazar münasibətləri getdikcə iqtisadi sistemdə ciddi uğurlarla nəticələndi. Hər kəs hiss etdi ki, sosial ədalət anlayışı bazar iqtisadiyyatını üzləşə biləcəyimiz ən ciddi fəsadlardan xilas edir. Əslində, quruculuğun yeni başladığı illərdə iqtisadiyyatın müxtəlif modelləri təklif olunurdu. Özü də bu modellər uzun illərin sınağından uğurla çıxmışdı. Hələ o illərdə Qərbin inkişaf etmiş ölkələrində tətbiq olunan sınanmış iqtisadi modellər də nəzərdən keçirilirdi. Amma cəmiyyətin iqtisadi və sosial tərəqqisinə nail olmaq üçün etibarlı və düşünülmüş seçimə ehtiyac vardı. Belə bir inkişafın yeni Azərbaycan modelinin konturlarını Ümummilli Lider Heydər Əliyev cızdı. Özü də bu model vətəndaşların sosial müdafiəsini, həyat tərzini, rifahını başlıca prinsip sayırdı. Elə Azərbaycan Respublikasının Konstitusiyasında da açıq şəkildə qeyd olunub ki, "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müstəqil iqtisadiyyat formalaşıb. Qətiyyətlə deyə bilərik ki, aparılan uğurlu iqtisadi islahatlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına etibarlı və inamlı təminat yaratmışdır. Neft və qaz sektorunda həyata keçirilən uğurlu layihələr sayəsində Azərbaycan dünya birliyinin, inkişaf etmiş Avropa ölkələrinin etibarlı tərəfdaşına çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan kəməri tam istifadəyə verilmiş, bəzi xarici qüvvələrin bu layihənin reallaşmasına mane olmaq cəhdi boşa çıxmışdır. Azərbaycan nəhəng qaz ehtiyatlarının istismarına başlamaqla iqtisadiyyatda strateji çəkisini daha da artırdı, Avropanın qaz təchizatına yeni töhfələr verdi. Cənubi Qafqazda regional əməkdaşlığı genişləndirmək üçün ölkəmizdə yeni ehtiyat mənbələri üzə çıxdı. Azərbaycanın maliyyə potensialını daha da gücləndirmək üçün çevik layihələr hazırlandı, iqtisadiyyatda uzun illərə hesablanan inkişaf strategiyası müəyyən olundu.

Odur ki, ölkəmiz əsas iqtisadi göstəricilər üzrə dünyanın inkişaf etmiş dövlətləri ilə rəqabətdə öndədir, düzgün iqtisadi konsepsiya istehsal sahələrində dirçəlişə, inkişafa meydan açır. Beynəlxalq maliyyə hesabatlarında iqtisadi inkişafın davamlı artımına görə Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biri sayılır. Ən çətin tarixi mərhələdə ölkəmizin milli inkişaf modeli o qədər çevikliklə, dəqiqliklə hazırlanıb ki, illər ötsə də, yeni layihələr tərəqqiyə və inkişafa stimul yaradır. Ötən onilliklərin xronologiyasını ardıcıllıqla izləsək, görülən işləri, onların yüksək nəticələrini asanlıqla təhlil edə bilərik. İnkişafın Heydər Əliyev modeli iqtisadiyyatda, eləcə də digər sahələrdə tarazlığı qoruyur, Azərbaycanı regionda əsas aparıcı dövlətlərindən birinə çevirir.

Ulu Öndər bununla bağlı demişdir: “Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq, eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafeyindən üstün tutmalıyıq”. Bu prinsipləri başlıca meyar sayan Ulu Öndər ömrünün sonuna qədər Azərbaycanın maraqlarını qoruyarkən heç bir güzəştə getmədi. Xarici neft şirkətlərinin Azərbaycana marağını və baxışını dəyişdi. Dünyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanın maraqları ilə hesablaşmağa, razılaşmağa başladı. Bütün bunlar Ulu Öndərin apardığı dinamik və çevik siyasətin nəticəsidir. “Əsrin müqaviləsi” Bakını neft mərkəzlərindən biri kimi daha da şöhrətləndirdi. Başqa sözlə, sənayenin bu sahəsi o qədər dirçəldi ki, ölkəmizin ayrı-ayrı regionlarının inkişafına da təsiri oldu.

Bu gün iri layihələrin reallaşmasında neft-qaz sənayesinin payı daha çoxdur. Halbuki 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatları yox dərəcəsində idi. Cəmi on il sonra həmin ehtiyatların həcmi 21 milyard dollara çatmışdı. Indi həmin rəqəm daha da artıb 52 milyard dolları ötüb. Hər bir müqavilə çərçivəsində büdcəmizə daxil olan gəlirin məbləği müstəqilliyin ilk illəri ilə müqayisədə fantastik rəqəm kimi görünsə də, bu, bir reallıqdır, həqiqətdir. Mütəxəssislər belə bir hesablama aparıblar ki, təkcə “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın neft ehtiyatları ən azı 200 ilə çatacaq. Yeni kəşfiyyat hesabına bu həcm daha da artırıla bilər. Azərbaycanın kifayət qədər böyük neft və qaz ehtiyatlarına malik olması ölkəmizin beynəlxalq nüfuzunu da artırıb. Özü də neft və qaz satışından əldə olunan gəlir təkcə bu gün üçün nəzərdə tutulmayıb. Ulu Öndər fəxrlə deyirdi ki, bu sərvət ölkəmizin gələcək inkişafına da etibarlı təminat yaradır. Azərbaycanda neft və qaz gəlirlərinin idarə olunmasında şəffaflıq başlıca meyara çevrilib. Bu sahədə əldə olunan gəlirin istifadəsinin səmərəlik dərəcəsi də xeyli artıb. Bütün bunları ölkəmizin inkişafına yönəltmək üçün Heydər Əliyev ardıcıl və məqsədyönlü iş görürdü. Nəticə ona yönəlmişdi ki, ölkəmizdə makroiqtisadi sabitlik tam qorunur.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dünya dövlətləri üçün enerji təhlükəsizliyi sferasında böyük rol oynayır. Artıq 18 ildən çoxdur ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan beynəlxalq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ləyaqətlə davam etdirir. Elə bunun nəticəsidir ki, Azərbaycan regionda lider dövlətə çevrilib.

Heydər Əliyevin yaratdığı iqtisadi model bütün sahələri əhatə edir. Aqrar islahatların uğurla başa çatmasında da Azərbaycan xarakterik və mükəmməl yol seçdi. Belə ki, ölkə ərazisində yaşayan bütün vətəndaşların torpaqdan istifadə və icarə hüququ saxlanıldı. Azərbaycanın hər bir vətəndaşının torpağın alqı-satqı prosesində iştirak etmək hüququ oldu. Adamlara yeni mülkiyyət münasibətlərində birbaşa iştirak səlahiyyəti verildi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə torpaq islahatlarının son dərəcə uğurla aparılması vətəndaşın hüququnun yüksək səviyyədə müdafiəsi və qorunması ilə nəticələndi. Bu prosesdə sosial ədalət prinsipinin axıra qədər qorunması bir daha sübut edir ki, Heydər Əliyevin aqrar sahədə seçdiyi model də dünya praktikasına tam uyğundur.

İlk mərhələdə müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektlərinin yaradılması bu gün uğurlu nəticələr verir. Aqrar sahədə özəlləşdirmə siyasətinin fərdi mülkiyyətçinin xeyrinə həll olunması inkişafa stimul yaradır. Kənd sakini bir daha inanır ki, onun güvəndiyi, istinad etdiyi qanunlar gələcəkdə də hüquqlarının müdafiəsinə etibarlı təminat yaradacaq. O illəri yaxşı xatırlayırıq. Torpaq islahatlarının ilk mərhələsində Azərbaycanda mövcud olan iki mindən artıq kolxoz və sovxoz ləğv edildi. Torpaq üzərində yeni mülkiyyət forması yaradıldı. Heydər Əliyev uzaqgörənliklə deyirdi ki, gərək biz mövcud qanunvericilik asasında dövlət mülkiyyətində olan torpaqları Azərbaycan vətəndaşlarının istifadəsinə və ya icarəyə verək. Onda adamlarda torpağa baglılıq daha da güclənir, hər qarış torpaqdan öz mülkiyyəti kimi istifadə edir.

Ulu Ondərin layiqli davamçısı Prezident İlham Əliyev də aqrar islahatların inkişafına xüsusi diqqət yetirir, bu bölmədə çalışanlara əlverişli şərait yaratmaq üçün müvafiq fərman və sərəncamlar imzalayır.

Xüsusi qeyd etməliyik ki, kənd təsərrüfatı məhsulları istehsalına verilən yardımlar, texnika və gübrə alınmasına edilən güzəştlər xeyli artıb. Əlbəttə, belə güzəştlər aqrar sektorun sürətli inkişafına, kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə təminat yaradır. Ulu Öndər Heydər Əliyev yeni Azərbaycan modelini hazırlayarkən aqrar sektorun da ölkə iqtisadiyyatinda əsas payını diqqət mərkəzində saxlamışdır. Belə düzgün və tarazlaşdırılmış siyasət bu gün də uğurlu nəticələr və böyük səmərə verməkdədir.

Azərbaycanın sürətli inkişafında, orta təbəqənin formalaşmasında mü hüm rol oynayan amillərdən biri də sahibkarlar sinfinin yaradılmasıdır. Ulu Öndər idarəetmə sahəsində aparılan kompleks islahatlar sırasında sahibkarlığın inkişafını ön plana çəkirdi. Azərbaycanda bazar iqtisadiyyatına keçid özəl sektorun, sahibkarlığın inkişafına stimul yaradır. Bütün bunlar Azərbaycanın yeni inkişaf modelinin bir qoludur. Ulu Ondər bu modeli hazırlayarkən iqtisadi baxımdan inkişaf etmiş Qərb dövlətlərinin təcrübəsindən daha çox faydalanmağa üstünlük vermişdi. O deyirdi ki, dövlət hər şeyi edəcəkdir ki, biz yeni inkişaf yolu ilə gedə bilək. Bunun üçün ilk növbədə, xarici investorlara hüquqi baza yaradılmalı, onların mənafeyini müdafiə edən qanun mexanizmi işləməlidir. Xarici investorların Azərbaycanda fəal olması üçün münbit şərait vardır".

Bu günə qədər sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib. Ulu Ondar Heydar Əliyev sahibkarlığın inkişafına dövlət nəzarət sistemini təkmilləşdirmək va bununla əlaqadar qanunvericilik bazasında da mühüm dayişikliklar edilməsini vacib sayırdı. O deyirdi ki, ölkənin sosial-iqtisadi inkişafı sahibkarlığın tərəqqisi ilə üzvi surətdə bağlidir. Ona görə də bu sahəyə dövlət qayğısının artırılmasını daim diqqət mərkəzində saxlayırdı. Sahibkarliga dövlətin maliyyə dəstəyini artırmağı təklif edən Ulu Öndər qanunvericilik bazasında ciddi dəyişikliklərə də ehtiyac duyurdu. Iqtisadiyyata nəzarət edan dövlət qurumlarının çoxluğu, süni yoxlamalar inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatları ləngidir. Ona görə də iqtisadi sahədə bir-birini təkrarlayan lüzumsuz yoxlamaların sayını azaltmağı, vətəndaşların hüquqi mənafeyinin qorunmasına üstünlük verilməlisini prioritet hesab edirdi.Ulu Öndər dəfələrlə qeyd edirdi ki, yersiz inzibatçılıq da inkişafa mane olan amillərdən sayılır.Qətiyyətlə deyə bilərik ki, bu günün iqtisadi siyasəti də həmin ənənənin davamı kimi sahibkarlığın inkişafına xidmət edir.Bu istiqamətdə aparılan işlər uğurla davam etdirilir, qanunvericilik bazası təkmilləşdirilir .Şübhəsiz ki, bunlar sahibkarın mənafeyinə xidmət edən dövlət qayğısıdır.

Sahibkarlığa Kömək Milli Fondunun yaradılması da Ulu Öndərin təşəbbüslərindən biridir. Güzəştli kredit vəsaitinin ayrılması, onun səmərəli istifadəsi sahibkarlara dövlət dəstəyinin güclənməsindən soraq verir. Bu istiqamətdə görülən işlər yeni mərhələdə də uğurla davam etdirilir.

Ötən illərdə Ulu Öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz "Güclü dövlət, yüksək rifah" tezisi dayanmışdır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatin vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial yönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onlarin taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının ali dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir.Dövlət müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində Prezident cənab İlham Əliyevin öz xalqına və dövlətinə bəxş etdiyi ən müqəddəs töhfəsi, Ali Sərkərdəmizin rəhbərliyi ilə, xalqın dəstəyi və müzəffər milli ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər oldu. 21-ci əsrdə təkbaşına heç bir dövlətin yardımı olmadan Azərbaycan boyda çox da böyük olmayan məmləkət dünya hərb tarixində qızıl səhifə açdı,dünyada qüvvələr balansını dəyişdi və onu yenidən dizayn etdi.Bu uğur praqmatik və xarizmatik güclü Liderin, xalq-iqtidar birliyinin, ordudakı hər bir əsgərin yüksək vətənpərvərlik ruhunun təcəssümünün nəticəsidir.Budur müstəqilliyin şirinliyi və əbədi yaşarlığı.

Prezident İlham Əliyevin söylədiyi kimi, inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 18 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan asas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Umid", "Abşeron" kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq BakıTbilisi-Qars dəmir yolu xətti, TANAP, TAP kimi layihələrin gerçekləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunculuğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi şəksiz gerçəklikdir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.Ölkəmiz bu gün yüksək insan inkişafına malik olan lider dövlətdir.Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə dövlətdir.Buna görə də bu gün dünyanın bir çox ölkəsi Azərbaycanın təcrübəsindən bəhrələnmək, öyrənmək istəyir. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların, zirvə görüşlərinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Əlbəttə ki, bütün bu uğurlar xalqımızın ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin, Azərbaycan Respublikası Prezidenti, vətən qədər sevdiyimiz Ali Sərkərdəmiz cənab İlham Əliyev tərəfindən məharətlə, çevik və qətiyyətıə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.Əlbəttə ki, bu nailiyyətlərin qazanılmasında özünün universal, dünyəvi fəaliyyəti ilə böyük nüfuz qazanmış milli örnək, Birinci vitse- president, xanım Mehriban Əliyevanın da misilsiz xidmətləri vardır.Azərbaycan naminə titanic fəaliyyətlərində cənab İlham Əliyevə və xalqın sevimlisi Mehriban xanıma uğurlar arzu edirik.

Ötən 18 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balansli xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə müvəffəq olmuşdur.Dünyada tətbiq edilən iqtisadi modellər çoxdur.Amma müxtəlif ölkələrdə inkişafın özünəməxsus xüsusiyyətləri var.Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz müstəqil inkişaf yolunu müəyyənləşdirdi, inkişafın Azərbaycan modelini yaratdı. Komplementar iqtisadi texnologiyanın yenilənməsi, dünyaya inteqrasiyanın sürətlənməsi ,Azərbaycanın iqtisadi modelində başlıca şərtlərdəndir.Fəxrlə deyə bilərik ki, bu ənənə-yeniliyə, tərəqqiyə üstünlük prinsipləri ləyaqətlə qorunur. Aydan-aya ildən –ilə böyük uğurlara imza atılır.Ümummilli Liderin müstəqil dövlət quruculuğu siyasəti Azərbaycanı yaxın tariximizin ən keşməkeşlı sınaqlarından uğurla çıxarmaqla yanaşı, ölkəmizin perspektiv inkişafının təməl prinsiplərini əsaslı şəkildə müəyyənləşdirərək Azərbaycanı bölgəmizin ən güclü və qüdrətli dövlətinə çevirmişdir.Bərpa olunmuş müstəqilliyimiz əbədi yaşayacaqdır.

UNEC-in dosenti, Qadınlar Şurasının sədri
Təranə Kərimova

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay