×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-7405228a53b0b71c5400741b829cc155.php silmək alınmadı


A

"Xalq qəzeti"

Aqil Əliyev–95

Azərbaycanın elmi-mədəni ictimaiyyəti respublikamızın görkəmli ziyalısı, iqtisad elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 95 illik yubileyini böyük təntənə və qədirbilənliklə yad edir.

Professor Aqil Əliyev bütün mənalı həyatını və zəngin yara­dıcılığını Azərbaycan elminin və təhsilinin inkişafına həsr etmişdir. O, milli iqtisad elmi sahəsində öz məktəbini də formalaşdırmışdır. Böyük alim və nüfuzlu pedaqoq Aqil Əliyev 55 il respublikamızın aparıcı təhsil ocaqlarından biri olan Azərbaycan Tibb Universi­tetinin iqtisadiyyat və hüququn əsasları kafedrasına rəhbərlik etmişdir. Onun yazmış olduğu əsərləri, dərslikləri, monoqrafiya­ları elmi ictimaiyyət həmişə böyük maraq və rəğbətlə qarşılamışdır.

İstedadlı və məhsuldar iqtisadçı alim kimi Aqil Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı və səhiyyənin iqtisadiyyatı məsələləri ilə bağlı 20-dək elmi əsərin, o cümlədən iri həcmli 20 monoqrafiyanın, 12 kitab və me­todik vəsaitin, “İqtisadi nəzəriyyə” kursu üzrə 2 cildlik dərsliyin müəllifidir. Aqil müəllim elmi kadr­ların hazırlanmasına daim böyük qayğı göstərmiş, onun rəhbərliyi ilə 4 elmlər doktoru, 20-dən çox elmlər namizədi hazırlanmışdır.

Professor Aqil Əliyev öz xal­qını dərindən sevən, onun işıqlı gələcəyinə xidmət edən təhsil sisteminin düzgün qurulmasına və inkişaf etdirilməsinə çalışan əməlpərvər bir ziyalı idi. O həmişə yetirmələrinə öz övladı kimi baxır, onlara maddi və mənəvi dayaq olurdu. Bu insanı fərqləndirən əsas keyfiyyət yüksək istedadı və xeyirxah bir ziyalı olması idi. Aqil müəllimin çoxillik elmi axta­rışları, davamlı pedaqoji fəaliyyəti, iqtisadçı kadrların hazırlanmasın­dakı xidmətləri xalqa təmənnasız xidmətin parlaq örnəklərindən biridir.

Mən sevimli və unudulmaz müəllimimin elmi-pedaqoji və yüksək insani keyfiyyətlərinə ya­xından bələd olduğuma görə onun zəngin bioqrafiyasının və parlaq şəxsiyyətinin seçilən məqamları üzərində dayanmağı özümə borc bilirəm. Əvvəla, bildirim ki, Aqil müəllim xeyirxah, müdrik, özündən çox başqaları üçün çalı­şan mərd, intizamlı bir alim, daim öyrənib-öyrədən mehriban bir müəllim idi. O həmişə elmli insan­ları sevirdi, onlarla dostluq edirdi. Aqil müəllim tez-tez böyük Şərq dahisi İbn Sinaya istinad edərək deyirdi: “Dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur”.

Bu amallar tələbə və yetirmələrini Aqil müəllimlə sıx birləşdirirdi. Yaşayış yerlərimiz də yaxın idi. Vaxtaşırı Aqil müəllimlə görüşər, elmi söhbətlər edərdik, onun məsləhətlərinə qulaq as­maqdan doymazdım. Bu gün mən də neçə-neçə iqtisadçı alimimiz kimi, həyatda formalaşmağımda və uğurlar qazanmağımda böyük zəhməti olan müəllimimə borclu­yam və onun ruhu qarşısında baş əyirəm.

Gözəl ailə tərbiyəsi almış Aqil müəllimin formalaşmasında atası Əlirza kişinin, anası İzzət xanımın böyük zəhməti olmuşdur. Bu ailə Azərbaycana ümummilli lider Heydər Əliyev kimi dünya şöhrətli siyasət və dövlət xadimi, Prezident İlham Əliyev kimi yeni tipli dövlət başçısı, Həsən Əliyev, Cəlal Əliyev, Aqil Əliyev, Rəfiqə Əliyeva kimi akademiklər, Hüseyn Əliyev kimi xalq rəssamı və Şəfiqə Əliyeva kimi xalq müəllimi bəxş etmişdir. Bu sadə, halal və nəcib ailə gələcəyin böyük iqtisadçı alimini zəhmətə, əməyə, insanlara qarşı məhəbbət ruhunda tərbiyə etmişdir. Aqil müəllim müharibə illərinin çətinlikləri ilə də üzləşmiş, həyatın sınaqlarına inamla sinə gərmişdi. O, həyatda bütün uğur­larını zəkası və zəhmətsevərliyi hesabına qazanmışdı.

Aqil müəllimin xeyirxahlığı, insanlara əl tutması, arxasızla­ra dayaq olması da nəciblik və fədakarlıq nümunəsidir. Qaçqın­lara və məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi təmənnasız yardımlar, keçirdiyi xeyriyyəçilik tədbirləri bu genişürəkli insana cəmiyyətdə böyük hörmət və nü­fuz qazandırmışdı. O, Hindistanın məşhur dövlət və ictimai xadimi İndira Qandinin “Ən böyük zərurət insanları sevməkdir” kəlamının hikmətini yetirmələrinə də aşıla­yırdı. Rus yazıçısı A. Çexovun “İnsanda hər şey gözəl olmalıdır: sifəti də, geyimi də, qəlbi də, fikirləri də” mülahizəsi ali insanlıq meyarı kimi Aqil müəllimin var­lığını dəqiq səciyyələndirirdi. O, mənəviyyat pillələri ilə insanlıq zirvəsinə yüksəlmişdi.

AMEA-nın müxbir üzvü Aqil Əliyev elmi yaradıcılığa qarşı bö­yük tələbkarlıq göstərirdi. O, dün­ya və respublika iqtisadiyyatının inkişafının aktual problemlərinin tədqiq edilməsinə həmişə xüsusi diqqət yetirirdi. Aqil müəllim bazar iqtisadiyyatına keçidin nəzəri və metodoloji problemlərinin tədqiqi ilə dərindən məşğul olan yenilikçi alim idi. Onun rəhbərliyi ilə biz iki böyük həcmli monoqrafiyanın yazılmasına nail olduq. İlk dəfə olaraq respublikada “Bazar iqtisa­diyyatına keçid: dövlətin iqtisadi siyasəti” kitabı onun rəhbərliyi ilə işıq üzü gördü. Bu kitabda Azərbaycanda həyata keçirilən uğurlu islahatlar özünün geniş və dərin şərhini tapdı.

Birinci kitabımız çapdan çıxdıq­dan sonra Aqil müəllimin göstərişi və rəhbərliyi ilə “Dünya iqtisadiy­yatı: müasir dövrün problemləri” kitabımız 2003-cü ildə çap edildi. Görkəmli alim bu kitabların hər sözünü, hər cümləsini diqqətlə nəzərdən keçirir, dəyərli elmi göstərişlər verirdi. Son dövrdə Aqil müəllimi xalqın həyat səviyyəsi və onun yüksəldilməsi problemi ciddi düşündürürdü. Bu axtarışların nəticəsində onun “Xalq istehlakı”, “Səhiyyənin iqtisadiyyatı”, “Sosial sferanın iqtisadi və metodoloji əsasları” kimi fundamental monoq­rafiyalar ərsəyə gəldi və respubli­kanın elmi ictimaiyyətı tərəfindən çox yüksək qiymətləndirildi.

Aqil müəllim keçmiş SSRİ-də həyat səviyyəsi və ictimai is­tehlak probleminin tədqiqi ilə ilk dəfə məşğul olan alimlərdən idi. Onun əsərləri dünyanın bir sıra ölkələrinin iqtisad­çı alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Aqil Əliyevin yaxından iştirakı ilə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqra­mı, Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inki­şaf sxemi, əhalinin sağlamlığının qorunmasının kompleks proqramı işlənib hazırlanmış və həyata keçirilməyə başlanmışdır.

Aqil müəllim bir neçə ixti­saslaşdırılmış elmi və müdafiə şuralarının üzvü idi, onların iclaslarında vaxtaşırı iştirak edirdi. Böyük iqtisadçı alim elmi şura­larda tələbkarlıq və xeyirxahlıq göstərirdi, hamı onun çıxışlarından razı qalırdı. Onun səmərəli elmi təşkilatçılıq fəaliyəti iqtisad elminin inkişafına layiqli töhfələr verirdi. Alim respublikanın elmi həyatında yaxından iştirak etməklə yana­şı, fəal ictimai işlərlə də məşğul olurdu. Alim 1983–1985-ci illərdə “Əhalinin sağlamlığının qorunması problemi” komissiyasının sədri olmuşdur.

Fədakar alimin səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti yüksək dövlət təltiflərinə layiq görülmüşdür. Professor Aqil Əliyevə ixtisaslı kadrların hazır­lanmasındakı xidmətlərinə görə 1982-ci ildə Azərbaycan Respub­likasının Əməkdar elm xadimi fəxri adı verilmişdir. Alim 2000-ci ildə Azərbaycan Tibb Universite­tinin 70 illik yubileyi ilə əlaqədar respublika Prezidentinin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş­dir.

2001-ci ildə professor Aqil Əliyevin 75 illik yubileyi keçirilirdi. Həmin tədbirdə Prezident Heydər Əliyev, respublikanın tanınmış insanları, ziyalılar iştirak edirdi. Məclisdə ulu öndər dedi ki, mən uzun illər bu ölkənin rəhbəri olmuşam, amma Aqil müəllim məndən heç nə xahiş etməyib. Bu o deməkdir ki, Aqil müəllim həmişə zəhmətsevərliyi, təmənnasız insan olması ilə böyük hörmət qazanıb.

Bəli, Aqil müəllim belə bir uca mənəviyyat sahibi, təmənnasız insan idi. Aqil Əliyev həm də nümunəvi ailə başçısı idi. Ömür-gün yoldaşı Ədilə xanım nəcib ziyalı, gözəl pedaqoq, ən yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan qadını idi. Aqil müəllim və Ədilə xanım istedadlı hüquqşünas alim, gözəl insan olan İlqar Əliyev kimi övlad böyütmüşlər. Aqil müəllimin sevim­li nəvəsi Riyad Əliyev xaricdə nü­fuzlu universitetdə təhsil аldıqdan sonra aparıcı sahədə çalışır.

Çağdaş Azərbaycan iqtisadçılarının böyük müəllimi professor Aqil Əliyev ömrünün 79-cu ilində dünyasını dəyişdi. Bu gün Aqil müəllimin yoxluğunu onu tanıyanlar böyük təəssüflə xatırlayır və qədirbilənlik hissi ilə yad edirlər. Onun arzu və əməlləri yetirmələri tərəfindən uğurla davam etdirilir. Aqil müəllimin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayır – çünki o, insanları çox sevirdi, özü də həmişə səmimi duyğularla sevilirdi.

ARİF ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
iqtisad elmləri doktoru,
professor, Əməkdar elm xadimi,
Beynəlxalq Menecment Akademiyasının üzvü

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay