A

"Xalq qəzeti"

ƏBÜLFƏZ QASIMOV – 90

Azərbaycanda aqrar iqtisadiyyat elminin görkəmli nümayəndələrindən biri əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əbülfəz Cəbrayıl oğlu Qasımovun (Bərəkət) anadan olmasının 90 ili tamam olur.

Ə.Qasımov 1931-ci il dekabrın 20-də Naxçı­van Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini, 1947-ci ildə Ordubad Pedaqoji Texniku­munu, 1953-cü ildə isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

O, 1953-1956-cı illərdə SSRİ EA-nın İqtisa­diyyat İnstitutunun aspiranturasında təhsil almış və 1957-ci ildə həmin institutun Elmi Şurasında məşhur rus alimi professor V.Q.Venjerin rəhbərliyi ilə “Mil-Muğan düzənliklərinin təsərrüfatlarında hey­vandarlığın iqtisadiyyatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıdaraq, Azərbaycan Elmlər Akademiyasının (EA) İqtisadiy­yat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.

Əbülfəz müəllim 1972-ci ildə Azərbaycan EA İq­tisadiyyat İnstitutunda “Azərbaycanda heyvandar­lığın inkişafının iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

O, 1959-cu ildən 1992-ci ilədək Bakı Ali Partiya Məktəbində, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent, professor, kafed­ra müdiri kimi vəzifələrdə işləmişdir.

Ə.Qasımov 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətə başla­mış, 1995-ci ildən ömrünün sonunadək (10 iyun 2008-ci il) “Aqrar sənaye müəssisələrinin iqti­sadiyyatı və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində əzmlə, böyük fədakarlıqla fəaliyyət göstərmişdir.

Əbülfəz müəllim şərəfli və mənalı ömür yolu keçmiş, tükənməz enerjisi, peşəkarlığı və zəhmətsevərliyi sayəsində görkəmli alim, iqtisad el­minin aparıcı mümayəndələrindən biri səviyyəsinə yüksəlmiş, respublikada aqrar iqtisadiyyat sahəsində ciddi elmi əsərlərin müəllifi kimi tanın­mışdır. Onun elmi tədqiqatlarının nəticəsi olan 500 çap vərəqindən çox monoqrafiya, dərslik, metodiki vəsait və elmi məqalələri müxtəlif ölkələrdə və dillərdə çap edilmişdir. “Heyvandarlığın iqtisadiyya­tı” (Bakı, 1972) adlı dərsliyi isə Azərbaycan dilində bu istiqamətdə vəsaitlərin demək olar ki, olma­dığı bir dövrdə iqtisadiyyat sahəsində təhsil alan tələbələrin stolüstü kitabına çevrilmişdir.

Professor Ə.Qasımov Azərbaycan iqtisa­diyyatına dair yazdığı və bir-birini tamamlayan III cilddən ibarət ilk dərsliklərin müəllifidir. I cild kənd təsərrüfatının iqtisadiyyatına, II cild kənd təsərrüfatında istehsalın təşkilinə, III cild isə kənd təsərrüfatının planlaşdırılmasına həsr edilmişdir.

Ə.Qasımov çoxcəhətli elmi fəaliyyətində respublikanın və regionların sosial-iqtisadi inkişa­fının aktual problemlərinin kompleks elmi təhlilini aparmış, ölkədə aqrar iqtisadiyyatın inkişafına sanballı töhfələr vermişdir. Onun elmi axtarışla­rının nəticəsi olan və müxtəlif illərdə nəşr olunan “İqtisadçının məlumat kitabı”, “Ərzaq proqramının aktual problemləri”, “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “Demokratikləşmə milli iqtisadiyyatımızın əsasıdır”, “Milli iqtisadiyya­tımızın aktual problemləri”, “Azərbaycanın ərzaq təhlükəsizliyi”, “Müstəqil Azərbaycan iqtisadiyya­tının aktual problemləri”, “İpək Yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Bələdiyyələrə elmi-metodik kömək”, “Qəbələdə regional siyasətin bəhrələri və inkişaf istiqamətləri” kimi elm əsərləri, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər” adlı 2 cildlik ensiklopedik əsəri elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmış­dır.

Professor Ə.Qasımov bir neçə ixtisaslaşmış elmi və müdafiə şuralarının üzvü olmuş, çox sayda dissertasiya müdafiələrində rəsmi opponent kimi çıxış etmiş, elmi kadrların hazırlanması sahəsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə 4 nəfər elmlər doktoru və 22 nəfər elmlər namizədi dissertasiya işini müdafiə edib elmi dərəcə almış­dır.

Ə.Qasımov, həm də bir sıra beynəlxalq konf­rans və simpoziumlarında dərin məzmunlu məruzə və çıxışları ilə Azərbaycan iqtisad elminə yüksək nüfuz qazandırmışdır.

Professor Ə.Qasımov iqtisad elminin yorulmaz tədqiqatçısı olmaqla yanaşı, bədii-publisistik yaradı­cılıq fəaliyyəti ilə də sıx bağlı idi. “Əbülfəz Bərəkət” imzası respublikamızda və onun hüdudlarından kənarda oxucuların dərin rəğbətini qazanmışdı. Çörək mövzusu 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əbülfəz Bərəkətin bədii yaradıcı­lığının əsas ana xətti idi.

Ədəbi-publisistik fəaliyyətə XX əsrin 80- ci illərindən başlamışdır. İlk yazdıqları “Niva”, “Azərbaycan”, “Kənd həyatı” “Pravda”, “İzvestiya” və s. jurnal və qəzetlərdə çıxmışdır. 1988-ci ildə onun “Mənim çörəkli dünyam” ədəbi-publisistik kitabı “Yazıçı”nəşriyyatında kütləvi tirajla nəşr olunmuş, 1989-cu ildə isə rus dilində çap edilmiş­dir. 1993-cü ildə kitabın ikinci nəşri, 2003-cü ildə üçüncü nəşri işıq üzü görmüşdür. Əsərin mate­rialları üzrə Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir.

Ə.Qasımovun “Anamın gəlinlik paltarı” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, “Tu­fanda yanan çıraq” pyesi isə İrəvan Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmişdir. Onun “Sevən ürək, isti çörək” əsəri 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuşdur.

Ə.Qasımovun “Dəyirmana gedən yollar” bədii-publisistik oçerki dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Lyudmila Zıkinanın müşayiəti ilə radio-kompozisiya kimi vallara yazdırılaraq, Moskvada çıxan “Russkiy yazık zarubejom” jurnalı redaksiyasının təşəbbüsü ilə dünyanın bir sıra ölkələrində səsləndirilmişdir. İndi həmin vallar əsasında bir sıra xarici ölkələrin məktəblərində şagirdlərə Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, insanpərvərliyi barədə sinifdənkənar məşğələlər keçirilir. Həmin oçerk SSRİ Xalq artisti unudulmaz müğənnimiz Rəşid Behbudovun ecazkar ifasında da rəğbətlə qarşılan­mışdır.

Ə.Qasımovun təşəbbüsü ilə XX əsrin 80-ci illərinin əvvəllərində Ağdamda yaradılmış “Çörək muzeyi”nin şöhrəti keçmiş SSRİ-nin hər yerinə yayılmışdı. Onun “Xan qızı Natəvan bəşəriyyəti haraylayır” adlı əsəri böyük marağa səbəb olmuş və oxucular arasında geniş əks-səda doğurmuşdu.

Ə.Qasımovun son kitabı - “İki liderin siyasi portreti” əsəri ümumimilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyətindən, qloballaşma dövründə ölkəmizin stabil inkişafı istiqamətində aparılan sosial-iqtisadi islahatlardan bəhs edir.

Əbülfəz Qasımov insanlara qarşı diqqətli, xeyir­xah, intizamlı, öz üzərində müntəzəm çalışan, daim yeniliyə can atan, həmişə mütaliə edən ziyalı idi. Gənclərimizin yüksək peşəkar iqtisadçı-mütəxəssis kimi hazırlanması və formalaşmasında, vətəndaş kimi tərbiyə olunmasında onun danılmaz xidmətləri var.

Professor Ə.Qasımovun xidmətləri, elmi-pe­daqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar təbliğatçı”, “Əməkdar elm xadimi” fəxri adları­na, “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 19 dekabr 2001-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Görkəmli iqtisadçı alim, elm fədaisi, gözəl pedaqoq, müdrik insan Əbülfəz Qasımovun xatirəsi Azərbaycan xalqının ziyalı, müəllim və tələbə ordu­sunun, onu tanıyanların qəlbində daim yaşayacaq. Alimin keçdiyi həyat yoluna, zəngin yaradıcılığına isə gənc nəsil, pedaqoji fəaliyyət və elmi-tədqiqatla məşğul olanlar tərəfindən əsil məktəb və yaradıcı­lıq nümunəsi kimi yanaşılacaq.

Sakit YAQUBOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm işləri üzrə prorektoru,
əməkdar müəllim, iqtisad elmləri doktoru, professor

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay