25-26 avqust tarixlərində Rumıniyanın Yaşi şəhərində 17-ci Beynəlxalq Bulanıq Sistemlər nəzəriyyəsi, yumşaq hesablama və süni intellekt alətləri konfransı (ICAFS 2025) keçiriləcək.
Konfransın əsas məqsədi alimlər, mühəndislər və praktiki sahə mütəxəssisləri arasında bulanıq sistemlər, yumşaq hesablama və süni intellekt texnologiyalarının müasir nailiyyətləri və tətbiq sahələri barədə fikir mübadiləsi aparmaqdan ibarətdir.
Konfransda bulanıq məntiq, neyro-bulanıq texnologiyalar, yumşaq hesablama və süni intellekt metodlarının mühəndislik, iqtısadiyyat, biznes, maliyyə və təhsil sahələrində tətbiqləri geniş müzakirə olunacaq. Eyni zamanda, konfrans çərçivəsində müxtəlif sahələrə dair elmi məqalələr və tədqiqat işlərinin təqdimatı da nəzərdə tutulur.
Məqalələr qeyri-müəyyən hesablama nəzəriyyəsi, yumşaq hesablama metodları, qeyri-tam məlumatlarla qərar qəbuletmə, neyro-bulanıq texnologiyalar, ağıllı idarəetmə, maşın öyrənməsi, kognitiv hesablama, eləcə də biznes, iqtısadiyyat, sosial elmlər, robototexnika, tibb və materialşünaslıq sahələrində süni intellektin tətbiqini özündə ehtiva edir.
Konfransda iştirak haqqı 300 ABŞ dolları təşkil edir. Konfrans materialları ISI Proceedings, EI-Compendex, DBLP, Web of Science, SCOPUS, Google Scholar və SpringerLink kimi nüfuzlu platformalarda indekslənəcək. Seçilmiş məqalələr Information Sciences, The Soft Computing Journal, Artificial Intelligence in Medicine və International Journal of Intelligent Automation and Soft Computing (AutoSoft) jurnallarında dərc olunacaq.