A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsində “Audit günü” keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, “Audit günü” kimi praktiki yönümlü tədbirlərin tələbələrin audit və maliyyə sahəsində əldə etdikləri nəzəri bilikləri real iş mühiti ilə əlaqələndirməsi, onların analitik düşüncə və peşəkar yanaşma bacarıqlarını inkişaf etdirməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu cür görüşlərin tələbələrə audit prosesinin mərhələlərini, müasir metod və yanaşmalarını, eləcə də sahədə qarşıya çıxan real problemlərin həlli yollarını daha yaxından öyrənmək imkanı yaratdığını qeyd edib, eyni zamanda universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət etməklə tələbələrin gələcək karyera istiqamətlərini daha düzgün müəyyənləşdirməsinə, əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və peşəkar kadrlar kimi formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

“Baker Tilly Audit Azərbaycan” şirkətinin audit üzrə meneceri Vaqif Nuriyev çıxış edərək audit fəaliyyətinin mahiyyəti, məqsədləri və müasir iqtisadi mühitdə rolundan geniş bəhs edib, beynəlxalq audit standartlarının tətbiqi, risklərin qiymətləndirilməsi, daxili nəzarət sistemlərinin təhlili və audit sübutlarının toplanması kimi əsas mərhələlər barədə ətraflı məlumat verib, real iş təcrübəsinə əsaslanan praktiki nümunələr və konkret keyslər üzərindən audit prosesinin necə həyata keçirildiyini izah edib, audit sahəsində uğurlu karyera qurmaq üçün zəruri olan peşəkar bilik, analitik düşüncə, etik davranış və davamlı özünüinkişaf kimi vacib amilləri xüsusi vurğulayaraq bu istiqamətdə dəyərli tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay