Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir.
Layihə çərçivəsində bu həftə Bakının 71, 229, 234, 271, 329 nömrəli məktəblərinin, Ataturk liseyinin, Kimya-biologiya təmayüllü respublika liseyinin və “Zəka” kurslarının şagirdləri UNEC-in bir günlük tələbələri olublar.
I, II və V ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, 600-dən yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə 100 manat məbləğində xüsusi təqaüd verilir. UNEC-in beynəlxalq mübadilə və Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları abituriyentlərin xüsusi marağına səbəb olub. Sonra bir günlük tələbələr istəklərinə uyğun olaraq, Azərbaycan və ingilis dilində dərsləri dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan abituriyentlər UNEC-in tələbə-rektoru Elmir Sadıqovla görüşüblər. UNEC-dəki təhsil imkanlarından bəhs edən E.Sadıqov universitet seçimində UNEC-ə üstünlük vermə səbəblərini də açıqlayıb.
Bir günlük tələbələr UNEC Yaradıcılıq Mərkəzinin üzvləri ilə də tanış olublar, onların məşq prosesini izləyiblər. Abituriyentlərə mərkəzdə fəaliyyət göstərən dərnəklər barədə məlumat verilib, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün UNEC-də bütün şəraitin yaradıldığı bildirilib.
Layihə çərçivəsində bir günlük tələbələr üçün UNEC-də infotur təşkil olunub. Onlar 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Radio UNEC-lə tanış olublar.
“UNEC-də bir gün” layihəsinin ixtisas seçiminə onlara böyük dəstək olduğunu bildirən abituriyentlər, dərs cədvəli ilə tanış olaraq, növbəti günlərdə də digər fənləri dinləmək üçün yenidən 1 günlük tələbə olacaqlarını qeyd ediblər.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.