UNEC Bakıda keçirilən “Əlilliyi olan gənclərin müstəqil həyat, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmə hüquqları” mövzusunda beynəlxalq elmi-praktiki konfransa təmsil olunub.
Gənclər və İdman Nazirliyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və MDB-nin üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi konfransa dünyanın 13 ölkəsinin nümayəndə heyəti qatılıb.
UNEC-in Əlilliyi olan tələbələr üçün Mərkəzinin koordinatoru Sevinc Məhsimova inklüziv təhsilin UNEC-in prioritet məsələlərindən olduğunu bildirərək, bu istiqamətdə universitetdə zəruri tədbirlərin həyata keçirildiyini bildirib. S.Məhsimova Azərbaycanda ilk dəfə UNEC-də həyata keçirilən inklüziv ali təhsildə ikili diplom proqramından bəhs edərək, bu günlərdə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında imzalanan razılaşmanın hər iki tərəf üçün faydalı olacağını bildirib.
Konfrans iştirakçıları UNEC-də inklüziv təhsilin inkişafı istiqamətində atılan addımları müsbət dəyərləndiriblər.
Üç gün davam edən konfransda əlilliyi olan gənclərə aid qanunvericilik aktları, bu sahədə təcrübələrin öyrənilməsi, ictimai davranış qaydaları, habelə əlilliyi olan gənclərin mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlarının bərabər şəkildə təmin edilməsi, bu qəbildən olan şəxslərə münasibətdə insan hüquqlarının monitorinqinin milli mexanizminin dəstəklənməsi, həmin şəxslər üçün əlçatan media, sosial obyektlər, xidmətlər və nəqliyyatın təmin edilməsi və fiziki qüsurlu vətəndaşlara qarşı jurnalist etikası mövzuları üzrə təqdimat və müzakirələr keçirilib.