UNEC rektoru, professor Ədalət Muradov Türk Universitetlər Birliyinin (TÜRKUNİB) 8-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Özbəkistanın paytaxtı Daşkənddə rəsmi səfərdədir.
Daşkənddə keçirilən Assambleyada Özbəkistan Prezident Administrasiyası rəhbərinin təhsil islahatları üzrə müavini Hilola Umarova, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuraliev, Özbəkistanın Ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov, Türk Akademiyasının prezidenti professor Şahin Mustayev və digər yüksək vəzifəli şəxslər çıxış ediblər. Onlar TÜRKUNİB çərçivəsində görülmüş işlər, əldə edilən nailiyyətlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüblər.
Tədbir zamanı TDT Baş katibi Kubaniçbek Omuraliev ORHUN Mübadilə Proqramının inkişafı üçün 1 milyon ABŞ dolları ayrıldığını elan edib. Həmçinin Azərbaycanın 12 ali təhsil müəssisəsi – ADA, Qərbi Kaspi Universiteti, AzTU, ADNSU, ADPU, ADMİU, NDU, BANM, Xəzər Universiteti, ATMU, Odlar Yurdu Universiteti və Bakı Avrasiya Universiteti daxil olmaqla, Türk Dünyasının 62 yeni universiteti Türk Universitetlər Birliyinə üzv qəbul olunub.
Rektor Ədalət Muradov Assambleyada çıxış edərək TÜRKUNİB-in maliyyələşdirilməsi modeli, idarəetmənin təkmilləşdirilməsi, Katibliyin yaradılması və ORHUN Mübadilə proqramının inkişafı barədə öz fikirlərini bölüşüb.
Səfər çərçivəsində yeni yaradılmış Türk Dövlətləri Beynəlxalq Universiteti ziyarət olunub. TDBU-nun rektoru, professor Baxodir Turaev quruculuq istiqamətində görülən işlər və gələcək planlar haqqında məlumat verib.
Bundan əlavə, rektor Ədalət Muradov Balıkesir Universitetinin rektoru professor Yücel Ogurlu ilə birlikdə Daşkənd Dövlət İqtisad Universitetinin (DDİU) rektoru, professor Tulkin Teşabaevlə görüşüb. Görüşdə DDİU-nin son illərdəki dinamik inkişafı, UNEC və DDİU arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində tələbə qəbulu və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.