A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Görüşün moderatoru UNEC-in Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Lalə Həmidova çıxışında 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əlaqədar Azərbaycanın irimiqyaslı investisiya qoyuluşunun təmin edilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan söhbət açıb.

Seminarda UNEC-in Tətbiqi iqtisadiyyat kafedrasının dosenti Elmira Qocayeva “İqtisadi davamlılıq kontekstində sosial-iqtisadi inkişafın milli prioritetləri” mövzusu ilə çıxış edərək, Azərbaycanın Rumıniya, Moldova, Ukrayna, Qazaxıstanla iqtisadi əlaqələr mövzusuna toxunub. Elmira Qocayeva ölkənin iqtisadi inkişafını nəzərdən keçirib, son illərdə qeyri-neft sektorunun yüksəlişini, xüsusilə aqrar-sənaye kompleksinin inkişafını, kimya məhsulları istehsalının artdığını vurğulayıb.

Görüşdə Bohdan Xmelnitski adına Çerkassı Milli Universitetinin İdarəetmə və Dövlət Qulluğu kafedrasının professoru, Natalya Zaçosova “Müharibə şəraitində ölkənin iqtisadi təhlükəsizliyi” mövzusu ilə çıxış edib. Məruzəsində professor ekoloji təhlükə haqqında, kənd təsərrüfatı məhsullarının, xüsusilə dənli bitkilərin kimyəvi hücum təhlükəsi altında olmağından söhbət açıb.

Elmi seminarda Rumıniyanın Milli Tədqiqat Əmək və Sosial Müdafiə İnstitutunun elmi işçisi Artıfex Universitetinin professoru Gennadi Çobanu “Avro inteqrasiyası və Qafqaz regıonunun inkişafı çərçivəsində Rumınıya-Azərbaycan iqtisadi münasibətləri” mövzusu ilə çıxışında Azərbaycan qazının Rumıniyaya və Avropa bazarlarına nəqli perspektivləri, Azərbaycan və Rumıniya arasında əməkdaşlığın perspektivləri haqqında danışıb. O, Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Rumıniyada Rumıniya ilə Azərbaycan arasında Dostluq və Əməkdaşlıq Bəyannaməsinin imzalanmasını qonaqlara xatırladıb.

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əlaqələrin inkişafı mövzusu ilə iqtisad elmləri doktoru, Moldova İqtisadi Təhsil Akademiyasının Sahibkarlıq sahəsində tədqiqatlar bölməsinin aparıcı elmi işçisi Tatyana Qutyum çıxış edib.

Sonda məruzəçilər mütəmadi olaraq belə görüşlərin keçirilməsinin dövlətlərarası əməkdaşlığı daha da gücləndirməsində əvəzsiz rolunu vurğulayıblar və iştirakçıları maraqlandıran suallara cavab veriblər.

TOP XƏBƏRLƏR