A

UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin növbəti sayında Britaniya Milli Kitabxanası araşdırılıb.

Dünyanın ən böyük fonda malik (170-200 milyon nüsxə) kitabxanalarından biri olan Britaniya Milli Kitabxanasının elektron kataloqunda Qarabağla bağlı 328 kitab, 435 məqalə, 24 hərəkətli şəkil (animasiya), 9 xəritə, 15 audio material, 6-sı dissertasiya olmaqla, ümumilikdə 819 nəşrin biblioqrafik təsviri aşkarlanıb. Həmin nəşrlərin 412-si ingilis, 89-u rus, 51-i erməni, 19-u fransız, 15-i Azərbaycan, 8-i türk, 6-sı alman və digər dillərdədir.

Kitabxanada olan xəritələr 2003-2010-cü illərdə nəşr olunmuşdur və təəssüf ki, hər biri erməni müəlliflərinə aiddir. Kataloqda əksini tapan 6 dissertasiyanın biblioqrafik yazılarını analiz etdikdə görünür ki, dissertasiyalar Birləşmiş Krallıqda müdafiə olunub və müəlliflərin 2-si rus, 1-i iranlı, 1-i azərbaycanlı (“Not ripe for resolution : the Nagorno-Karabakh conflict, 1992-2013” Lala Jumayeva. [Great Britain] : University of Birmingham, 2018), 1-i erməni, 1-i isə ingilisdir.

Kataloqda ümumilikdə 328  kitabın biblioqrafik təsviri mövcuddur ki, onların statistikası dillər üzrə aşağıdaki kimidir:

  1. English (149)
  2. Russian (88)
  3. Armenian (46)
  4. Azerbaijani (14)
  5. French (13)
  6. Turkish (8)
  7. German (5)
  8. Unspecified (2)
  9. Multiple languages (1)
  10. Polish (1)
  11. Korean (1)
  12. Arabic (1)
  13. Persian (1)

Bu kitablardan ən qədim nüsxələr XIX əsrin sonları, 1868-1900-cü illərdə çap olunan 3-ü alman, digər 8-i isə erməni dilində (cəmi 11 nüsxə) olan Qafqaz Albaniyasının qısa tarixinə aid  kitablardır. 

  1. Armenian (8)
  2. Unspecified (2)
  3. German (1)

Britaniya Kitabxanasında Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərinin Lusiyen Bouvatın fransız dilinə tərcüməsində, 1906-cı ildə Parisdə çap olunan 81 səhifədən ibarət nəşrinin biblioqrafik təsvirinə də  ("Monsieur Jourdan, le botaniste parisien, dans le Karabāgh et le derviche Mēst 'Alī Chāh, célèbre magicien": Comédie en quatre actes / Traduite du turc azéri par L. Bouvat./ Fatḥ ʻAlī, 1812-1878 Ākhundʹzādah, author., Paris : Ernest Leroux, 1906.rast gəlinib. Məlum olduğu kimi, əsərdəki Müsyö Jordanın prototipi olan fransız təbiətşünası Aleksis Jordan (1814-1897) o illərdə elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və Qarabağın florasını tədqiq etmişdir. Əsərdəki hadisələr də Qarabağda baş verdiyinə görə kataloqa kitabın biblioqrafik təsviri daxil edilərkən “Karabagh” açar sözü də əlavə olunub.

Kataloqdakı maraqlı nəşrlərdən biri də Əhməd Təbrizlinin Dağlıq Qarabağ tarixi sənədlər işığında: I cildi əsəridir. (de Ahmad Tabrizli, "Histoire du Daglig (Haut)-Garabagh à la lumière des documents historiques : tome I. Broché – 1 janvier 1989, 92 pp). Həmin kitab Azərbaycanın Strasburqdakı Mədəniyyət Assosiasiyası tərəfindən 1989-cu ildə Frankfurtda fransızca nəşr olunub.

Heydər Əliyev Fondunun Qarabağ mövzusunda 2006-2007-ci illərdə çap etdirdiyi nəşrlər ("Brief information of the history of Garabach", "Activity of Armenian terrorist organizations against Azerbaijan", "Consequences of Armenian aggression against Azerbaijan", "The beginning of the Garabach conflict", "The Khojaly Genocide", "War against Azerbaijan: targeting cultural heritage" və s.) də kitabxanada yer alıb.

Britaniya Kitabxanasında Qarabağ mövzusuna dair mövcud olan ən yeni nəşrlər arasında akademik Yaqub Mahmudovun “Qarabağ - Garabagh : real tarix, faktlar, sənədlər = Reale Geschichte, Tatsachen, Dokumente” (Bakı, 2007), “Qarabağnamələr( B.,Qanun, 2020), “The Nagorno-Karabakh deadlock: insights from successful conflict settlements” (Azer Babayev, Bruno Schoch, Hans-Joachim Spanger, editors.Wiesbaden, Germany : Springer VS, 2020), “The post-Soviet conflicts: the thirty years' crisis” (edited by Ali Askerov, Stefan Brooks, Lasha Tchantouridze Lanham : Lexington Books, 2020) və s. kitabları da var.

Qeyd: Məlumatlar Britaniya Milli Kitabxanasının elektron kataloqu üzrə 03.11.2021-ci il tarixinə aiddir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay