A

modern.az

Son dövrlərdə UNEC-in dünya universitetləri sırasında reytinqi artmaqdadır.

Bu, UNEC-də aparılan çoxsaylı uğurlu islahatların nəticəsidir. Bir tərəfdən universitetdə idarəetmə sistemində yeniliklər edilib, demokratik idarəetməyə üstünlük verilib, digər tərəfdən təhsilin keyfiyyətinin artırılması baxımından pedaqogika və psixologiya elmlərinin nailiyyətlərinə əsaslanan texnoloji yeniliklər həyata keçirilib. Nəticədə ölkəmiz üçün zəruri bilik və bacarıqlara malik olan, rəqabətə davamlı, tələb olunan kadrlar hazırlanır. Biz bunu təqdir edirik.

Pandemiya nəticəsində ölkəmizdə onlayn dərslər həyata keçirilməyə başlayanda UNEC bu işə hazır olan tək-tək universitetlərdən biri oldu. Məlum oldu ki, bu universitetdə UNEC Ekstern Mərkəzi yaradılıb. Burada distant təhsilin həyata keçirilməsi üçün zəruri texniki avadanlıqlarla təchiz olunmuş  studiyalar var və bu studiyalarda tələbələrə keyfiyyətli təhsil vermək üçün hər bir şərait mövcuddur.

Bəzən mətbuat səhifələrində onlayn dərslərin keyfiyyəti haqqında şübhələr səslənir. Onlayn dərslərə keçidin ilk dövrlərində belə şübhələrə yer var idisə, düşünürəm ki, bu gün belə şübhələrə yer yoxdur. Qısa müddət ərzində “TEAMS”, “ZOOM” platformalarının “sirrlərinə” yiyələnən müəllimlər bu gün dərsi zəruri tələblər səviyyəsində qura bilirlər. “TEAMS”, “ZOOM” platformalarının imkanları genişdir. Yeganə çatışmayan məqam bu dərslərin keçirilməsi üçün zəruri amil olan internetin sürətidir. Əminliklə qeyd etmək istərdik ki, UNEC-də onlayn dərslər UNEC ekstern mərkəzinin yaradılması sayəsində daha yaxşı təşkil edilib.

Bu gün dünya universitetlərində təhsilin keyfiyyəti çox yüksəkdir. Bunun səbəbləri çoxdur. Onlardan ikisinə diqqət cəlb etmək istərdik:

1.Tədrisin təşkilinin mərkəzində tələbənin müstəqil fəaliyyətinin mütləq çəkisinin artırılması durur. Tələbə müstəqil fəaliyyətinin artırılması ondan özünü təşkiletmə, özünənəzarət, özünütəqdimetmə kimi şəxsiyyət keyfiyyətlərinin formalaşmasına xidmət edir. Bu istiqamətində ölkəmizdə də müxtəlif işlər görülür. Tədris planlarında auditoriya saatlarının miqdarının azaldılması, müstəqil işlərə ayrılan saatlarının miqdarının artırılması tələbə müstəqil fəaliyyətinin təşkilinin yaxşılaşdırılmasına xidmət edir.

2.Tələbəyə verilən tapşırıqlar getdikcə çətinləşdirilir. Bu, dünyada aparılan psixoloji tədqiqatların nəticələrinə əsaslanır. Həmin tədqiqatların nəticələri inandırıcı şəkildə sübut edir ki, verilən tapşırıqlar təhsilalanın gücünə müvafiq olanda nəzərəçarpacaq inkişaf baş vermir, əksinə çətinlik üzərində qurulanda- təhsilalan axtaranda, çətinliyi dəf edərək yeni bilik və bacarıq əldə etdikdə inkişaf baş verir.

UNEC-də tədrisin təşkilində dünya pedaqogika və psixologiya elmlərinin bu  nailiyyətləri əsas götürülüb. Tələbələrin müstəqil fəaliyyətinin təşkili və verilən tapşırıqların getdikcə çətinləşdirilməsi onların inkişafına, ölkəmiz üçün rəqabətədavamlı, tələb olunan yüksək ixtisaslı kadrların hazırlanmasına yönəlib. Əgər nəzərə alsaq ki, bu gün hazırlanan kadrlar ölkəmizin gələcəyinin təminatçısı olacaqlar, onların daha çox bilik və bacarıqlar əldə etməsinin zəruriliyi tam aydınlığı ilə üzə çıxar.

Lakin təəssüf ki, son günlərdə mətbuat səhifələrində qarşıdan gələn imtahan sessiyası ilə bağlı UNEC-də edilən yenilikdən bəzi tələbələrin narazı qaldığının şahidi oluruq. Tələbələr əvvəlki illərdə olduğu kimi, onlara verilən imtahan testləri ilə yanaşı, bu testlərin cavablarının da onlara verilməsini istəyirlər. Düşünürük ki, bu, haqsız tələbdir. Əgər testlərlə bərabər onların cavabları da tələbələrə verilərsə, tələbənin hansı müstəqil fəaliyyəti haqqında danışmaq olar? Tələbənin hansı çətinliyi dəf etməsi haqqında düşünmək olar? Hesab edirik ki, təhsildə güzəşt olmamalıdır. Tələbələr özləri həmin testlərin cavablarını axtarıb tapmalıdırlar.

Əlbəttə, tələbələrin də müəyyən hüquqları var. Onlar mühazirə mətnlərini tələb edə bilərlər, kitabxanadan istifadə etmək imtiyazlarına malikdirlər, müəllimlərin məsləhət saatlarında iştirak edə bilərlər. UNEC-də bu istiqamətdə kifayət qədər işlər görülüb. Mühazirələr, mühazirələrin videodərsləri, təqdimatlar, audiodərslər, eləcə də digər tədris materialları elektron şəxsi kabinetə yerləşdirilib və tələbələr üçün əlçatandır. Eləcə də fasiləsiz olaraq elektron kitabxana fəaliyyət göstərir. Tələbələr elektron kitabxanaya daxil olub, onlar üçün zəruri olan ədəbiyyatdan istifadə edirlər. 

Sözümüzü ümumiləşdirərək, deyə bilərik ki, UNEC-də yüksək səviyyəli təhsil almaq üçün hər bir şərait yaradılıb. Bu istiqamətdə ölkəmizin bütün ali məktəblərində zəruri işlər görülüb. Tələbələrə isə yalnız oxumaq, öyrənmək, axtarmaq, yeni bilik və bacarıqlara yiyələnmək lazımdır.

Hikmət Əlizadə, pedaqoji elmlər doktoru, professor,
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü

TOP XƏBƏRLƏR