UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin və Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti tədbir keçirilib.
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın uğurlu iqtisadi inkişaf strategiyası bu gün özünün yeni mərhələsinə - rəqəmsal transformasiyaya daxil olduğunu qeyd edib. Hazırda milli iqtisadiyyatın rəqəmsal biliklərə malik mütəxəssislərlə təmin edilməsinin əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb.
Kitabxana İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva keçirilən silsilə tədbirlərin ulu öndərin əbədiyaşar xatirəsinin anılmasına və onun azərbaycançılıq ideologiyasının daha geniş təbliğinə xidmət etdiyini vurğulayıb. O, intellektual milli kadrların hazırlanmasının Heydər Əliyevin ən çox önəm verdiyi məsələlərdən biri olduğunu qeyd edərək, UNEC KİM-in həyata keçirdiyi “Oxu mədəniyyəti” layihəsinin tələbələrin mütaliəyə marağını artırmaq, daha çox kitab oxumaq məqsədilə təşkil edildiyini bildirib.
UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova kitabxananın həyata keçirdiyi layihələrdən bəhs edərək, Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrini könüllülük fəaliyyətində fəal olmağa dəvət edib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.