Azərbaycanı İsveçrənin Cenevrə şəhərində keçirilən 51-ci Beynəlxalq İxtiralar Sərgisində uğurla təmsil edən UNEC-in magistratura və bakalavr pilləsi tələbələri yüksək nailiyyətlərlə vətənə dönüblər.
30-dan çox ölkədən 1000-dən artıq ixtiranın təqdim edildiyi bu mötəbər platformada ölkəmiz mühəndislik, kosmik texnologiyalar, tibb və aqrotexnologiya sahələrini əhatə edən 5 innovativ startap layihəsi ilə çıxış edib. UNEC-in 1-ci kurs magistr tələbələri Kamran Mahmudov, İlham Süleymanov və bakalavr 1-ci kurs tələbəsi Müzəffər Mikayılovun daxil olduğu komandanın təqdim etdiyi layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Sərgidə gümüş medala layiq görülən "Smart Bed System" layihəsi həm Beynəlxalq Kosmik Stansiyadakı (ISS) astronavtlar, həm də yer səthindəki xroniki və Alzheimer xəstələri üçün intellektual yataq sistemi təklif edir. Bu sistem ənənəvi kabellər deyil, süni maqnit sahəsi texnologiyasından istifadə edərək mikrqravitasiya şəraitində yaranan əzələ itkisini minimuma endirir, eyni zamanda qan təzyiqi və oksigen səviyyəsini izləyərək avtomatik müdaxilə funksiyasını yerinə yetirir.
Digər uğurlu layihə olan və bürünc medal qazanan "ECHRON" isə aqrotexnologiya sahəsində yeni nəsil həll kimi torpağın pH balansı, elektrik keçiriciliyi və rütubətini ölçərək suvarma və gübrələmə ehtiyaclarını dəqiqliklə proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan bu nüfuzlu beynəlxalq sərgidə bu il ilk dəfə təmsil olunub. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan bu iştirak, ölkəmizin innovasiya, elm və texnologiya sahələrindəki perspektivli layihələrinin dünya miqyasında tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.