YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “31 Mart soyqırımı – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək bildirib ki, 31 mart soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Faciənin coğrafiyası və miqyasına toxunan prorektor qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə günahsız azərbaycanlı məhz milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Bu vəhşiliklər zamanı təkcə insanlar hədəf alınmayıb, həmçinin kəndlər yandırılıb, xalqımızın minillik tarixi və dini abidələri yerlə-yeksan edilib.
Bu qanlı hadisələrə beynəlxalq və daxili müstəvidə hüquqi baxışın vacibliyini vurğulayan Ş.Əsgərov xatırladıb ki, uzun illər gizli saxlanılan bu həqiqətlərə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə ilk dəfə dövlət səviyyəsində siyasi qiymət verilib. Hazırda bu siyasi-strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha qətiyyətlə çatdırılır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il anmaqla, bu terroru dünyaya çatdırmağın vacibliyindən danışıb. Bildirib ki, soyqırım zamanı daşnak-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb.
Milli Məclisin deputatı Şahin İsmayılov soyqırım aktını ermənilərin törətdiyi qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qaldığını deyib.
“Humanitar fənlər” kafedrasının professoru Zakir Məmmədəliyev ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. O, keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə Vətənə sevgi hisslərinin aşılanması, onlarda milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu vurğulayıb.
Sonda soyqırımı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.