Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Aşurbəy Məmmədzadə beynəlxalq robototexnika yarışmasında yüksək nəticə əldə edib.
Belə ki, 3-6 aprel tarixlərində Heraklion şəhərində keçirilən Minoan Robotic Competition (MRC) çərçivəsində Aşurbəy Məmmədzadə JoshuaTech komandası ilə birlikdə uğurla çıxış edib. Komanda Obstacle Advanced kateqoriyası üzrə 25 rəqib arasında I yerə layiq görülüb.
Qeyd edək ki, beynəlxalq səviyyəli nüfuzlu platformalardan biri hesab olunan yarışmada bu il 40-dan çox ölkədən 700-dən artıq komanda və 4000-dən çox iştirakçı təmsil olunub. Yüksək rəqabət şəraitində əldə olunan bu nailiyyət iştirakçıların peşəkarlığını və hazırlıq səviyyəsini bir daha təsdiqləyir.
Bu uğur UNEC tələbələrinin innovasiya və texnologiya sahəsində artan potensialının göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq robototexnika mühitində layiqli şəkildə təmsil olunduğunu nümayiş etdirir.