Türkiyə Teknoloji Takımı Vəqfi (T3 Fondu) və TEKNOFEST-in Azərbaycan üzrə direktoru Ahmet Köse UNEC-də olub.
UNEC rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə T3 Fondu ilə strateji tərəfdaşlıq imkanları, tələbələrin beynəlxalq texnologiya yarışlarına sistemli hazırlığı və Süni İntellekt üzrə ortaq proqramların təşkili məsələləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin startap ekosisteminin inkişafı, birgə mentorluq mexanizminin qurulması və innovativ layihələrin icrası məqsədilə qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını nəzərdən keçiriblər.
Sonra Ahmet Köse TEKNOFEST-də iştirak edəcək UNEC-in 12 komandası görüşüb. Görüşdə komandalar layihələrini təqdim edərək, texniki xüsusiyyətlər və innovativ həllər barədə məlumat veriblər.
Sessiya çərçivəsində layihələrin müsabiqə şərtlərinə uyğunluğu və prototiplərin mövcud vəziyyəti qiymətləndirilib, final mərhələsinə hazırlıq strategiyası təhlil olunub. Tələbələrə təqdimat bacarıqları, demo hazırlığı və zəruri texniki avadanlıqların təmin olunması istiqamətində praktik məsləhətlər verilib.
Sonda UNEC tələbələrinin yarışda daha rəqabətqabiliyyətli iştirakını təmin etmək məqsədilə əlavə mentorluq və texniki dəstək mexanizmlərinin gücləndirilməsinə dair qərar qəbul edilib.