Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsində “CEO Talks” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, “Baker Tilly Audit Azərbaycan” şirkətinin təşəbbüsünə yüksək qiymət verib, bu kimi görüşlərin tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla tamamladığını, onların əmək bazarına daha hazırlıqlı çıxmasına şərait yaratdığını vurğulayıb, eyni zamanda tədbir çərçivəsində şirkət nümayəndəsinin audit sahəsində peşəkar təcrübəsini bölüşməsinin, tələbələrlə aparılan interaktiv müzakirələrin universitet-sənaye əməkdaşlığının əhəmiyyətini bir daha nümayiş etdirdiyini qeyd edib.
“Baker Tilly Audit Azərbaycan” şirkətinin partnyoru Samir Vəliyev çıxış edərək şirkətin uğurlu inkişaf yolu, beynəlxalq şəbəkə daxilində qazandığı mövqe və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, audit və konsaltinq sahəsində mövcud olan geniş karyera imkanlarını diqqətə çatdırıb, müasir əmək bazarında rəqabətqabiliyyətli və peşəkar mütəxəssis kimi formalaşmaq üçün keyfiyyətli təhsilin, davamlı özünüinkişafın, analitik düşüncə qabiliyyətinin və etik dəyərlərə sadiqliyin vacibliyini xüsusi vurğulayıb, eyni zamanda şəxsi peşəkar təcrübəsinə əsaslanaraq uğur qazanmağın yolları, qarşıya çıxan çətinliklərin düzgün idarə olunması və məqsədyönlü karyera quruculuğu ilə bağlı dəyərli və praktik tövsiyələrini bölüşərək tələbələrin diqqətinə çatdırıb.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.