A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin təşkilatçılığı ilə “Elmdə Süni İntellekt” mövzusunda təlim keçirilib.

Tədbirin məqsədi süni intellekt texnologiyalarının elmi tədqiqatlarda tətbiqi imkanlarını təqdim etmək və bu sahədə müasir yanaşmalar barədə məlumat vermək olub.

Təlimin açılış mərasimində UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev çıxış edərək süni intellektin müasir elmi fəaliyyətə təsirindən danışıb. O qeyd edib ki, AI texnologiyaları artıq yalnız texniki sahələrlə məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, sosial elmlər, təhsil və idarəetmə istiqamətlərində aparılan tədqiqatların da ayrılmaz hissəsinə çevrilib. Prorektor süni intellekt alətlərindən düzgün və etik istifadənin vacibliyini vurğulayaraq, tədqiqatçılara bu texnologiyalardan yalnız köməkçi vasitə kimi istifadə etməyi və akademik dürüstlük prinsiplərinə riayət etməyi tövsiyə edib.

Daha sonra “Prometech” MMC-nin direktoru Elçin Nağıyev təqdimatla çıxış edib. Təlim zamanı süni intellektin elmi araşdırmalarda tətbiqi, akademik yazı prosesində rolu, məlumatların emalı və təhlili, elmi məqalələrin hazırlanması və nəticələrin sistemləşdirilməsi kimi mövzular geniş şəkildə izah olunub. Praktiki nümunələr əsasında AI platformalarının tədqiqat prosesində vaxta qənaət yaratdığı və elmi məhsuldarlığı artırdığı diqqətə çatdırılıb.

Təqdimat çərçivəsində “Web of Science Research Assistant”, “Scopus AI”, “ChatGPT” və digər müasir alətlər haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, süni intellektdən istifadənin riskləri, o cümlədən yanlış məlumatların yayılması, plagiat halları və etik prinsiplərin pozulması məsələləri də iştirakçıların diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, süni intellektin gələcəkdə elmi fəaliyyətə təsiri və beynəlxalq təcrübələr ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay