UNEC-in Mühəndislik fakültəsində “Müasir cəmiyyət və informasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün strategiyası” çərçivəsində müvafiq Tədbirlər Planının icrası məqsədilə keçirilib.
Müəllim və tələbələrin iştirakı ilə baş tutan tədbirin məqsədi informasiya təhlükəsizliyi və kibercinayətkarlığa qarşı mübarizə üsulları barədə maarifləndirmə aparmaq, gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq olub.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Elçin Səmədov kibertəhlükəsizliyin yalnız IT mütəxəssisləri üçün deyil, mühəndislər üçün də vacib olduğunu vurğulayıb. O bildirib ki, bu məsələ istehsalın dayanıqlığı və fiziki təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Dekan mövzunun aktuallığını qeyd edərək internetdən istifadənin üstünlükləri ilə yanaşı, mövcud risklərə qarşı diqqətli olmağın və fərdi məsuliyyətin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Əflatun Məmmədov çıxış edərək milli strategiyanın əsas hədəfləri barədə ətraflı məlumat verib. O, beynəlxalq hüquqi və texniki normativ alətlərin yerli standartlara inteqrasiyası, eləcə də multimedia resursları vasitəsilə maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu təşəbbüs akademik yanaşma ilə praktik həllərin vəhdətini təmin etməklə milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə və rəqəmsal savadlılığın davamlı vərdişə çevrilməsinə xidmət edir.
Fakültənin dekan müavini Sevinc Abdullayeva isə çıxışında tələbələrin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının gələcək peşə fəaliyyətlərində mühüm rol oynadığını qeyd edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.