Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) və Bakı Mühəndislik Universitetinin “Ümumi fənlər” kafedrasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən “Məşələ çevrilən həyat” adlı qısa metrajlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva çıxışında Heydər Əliyevin zəngin irsinin hər dəfə öyrənildikcə yeni məna qatları açdığını, bu irsin elmi baxımdan araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurların təməlində Ulu Öndərin uzaqgörən siyasəti dayanır və bu strateji kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Bakı Mühəndislik Universitetinin “Ümumi fənlər” kafedrasının müdiri, dosent Humeyrə Mustafayeva çıxışında Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin formalaşmasında və demokratik dəyərlərin inkişafında misilsiz xidmətlərini qeyd edib. O, Ulu Öndərin müəyyən etdiyi inkişaf xəttinin bu gün də uğurla davam etdirildiyini və onun ideyalarının aktuallığını qoruduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov, dosent Xədicə Abbaslı, eləcə də “Azərbaycan dili” kafedrasının dosentləri Çinarə Qəhrəmanova, Mətanət Əmrahova və Günal Səfərli Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, milli dövlət quruculuğu, dil siyasəti və milli kimliyin formalaşması sahəsində göstərdiyi xidmətlərdən bəhs ediblər.
Tədbir çərçivəsində UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin 414 qrup tələbəsi Aysu Rzayeva və Beynəlxalq İqtisadiyyat Məktəbinin 1061 qrup tələbəsi Fariz Abduləzimov Ulu Öndərə həsr olunmuş şeirlərlə çıxış ediblər.