UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində “Rəqəmsal təhsil mühitində süni intellekt texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Əflatun Məmmədov çıxış edərək bildirib ki, son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sistemində köklü dəyişikliklərə səbəb olub. Qeyd edib ki, süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası fərdiləşdirilmiş öyrənmə imkanlarını genişləndirir, müəllim-tələbə qarşılıqlı əlaqəsini gücləndirir və təhsil keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Bildirilib ki, süni intellekt tələbələrə bilik səviyyələrinə uyğun materiallar təqdim edərək fərdiləşdirilmiş öyrənməni təmin edir və təhsil prosesinin effektivliyini artırır.
Bununla yanaşı, süni intellektin tətbiqi müəyyən çətinliklərlə də müşayiət olunur. Məlumatların məxfiliyi, texnologiyalardan asılılıq və müəllimlərin yeni sistemlərə uyğunlaşması kimi məsələlərin diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb. Bu səbəbdən süni intellektin təhsil sisteminə tətbiqinin balanslı və düşünülmüş şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.