Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və PAŞA Kapital İnvestisiya Şirkətinin birgə əməkdaşlığı çərçivəsində UNEC Karyera Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Yerli və xarici kapital bazarlarında investisiya imkanları: Azərbaycanın ilk korporativ IPO-su - PAŞA Bank səhmləri” mövzusunda seminar keçirilib.
Seminarda PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Elnur Fətullayev, marketinq direktoru Gülşən Cumayeva və marja ticarəti üzrə ekspert Elvin Abduyev çıxış edərək, həm yerli, həm də xarici kapital bazarlarında mövcud olan investisiya imkanları, bu bazarların fəaliyyət mexanizmləri, müxtəlif maliyyə alətlərinin xüsusiyyətləri və onların investorlar üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat veriblər.
PAŞA Kapitalın nümayəndələri həmçinin investisiya qərarlarının qəbul edilməsi zamanı risklərin düzgün qiymətləndirilməsinin və effektiv idarə olunmasının əhəmiyyətini vurğulayıblar, investor davranışlarının bazar dinamikasına təsirini real nümunələr və praktiki yanaşmalar əsasında izah ediblər.
Tədbirdə Azərbaycanın ilk korporativ IPO-su olan PAŞA Bank səhmlərinin abunə yazılışı prosesi, investorlar üçün yaratdığı üstünlüklər və yerli kapital bazarlarının inkişafına töhfəsi geniş şəkildə təqdim edilib.
Seminar müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.