Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) UNEC Karyera Mərkəzi, “Karyera planlaşdırılması və inkişafı” kafedrası və “Karyera və İnkişaf” tələbə təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Karyera Həftəsi” uğurla başa çatıb.
Beş gün davam edən proqram çərçivəsində tələbələr üçün əmək bazarının real tələblərinə uyğun müxtəlif təlimlər, seminarlar və infosessiyalar təşkil olunub. Həftə ərzində tələbələr şəxsi karyera planlaması, effektiv ünsiyyət, ilk işə qəbul strategiyaları, komanda işi və liderlik, zamanın idarə edilməsi, peşəkar davranış və müsahibə bacarıqları üzrə praktiki biliklər qazanıblar.
Həftə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma departamentinin Təhlil şöbəsinin müdiri Mirsahib Eminov tələbələrə qeyri-formal məşğulluq, onun səbəbləri və onun qarşısının alınması ilə bağlı təlim keçib. O, bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər barədə məlumat verib. Eyni zamanda qeyri-formal məşğulluğun törətdiyi fəsadlar barədə cəmiyyətin məlumatlılığının artırılmasının və bu istiqamətdə birgə mübarizənin əhəmiyyətini vurğulayıb.
Həftənin son günündə isə UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri və qulluğa qəbul qaydaları” mövzusunda seminar keçirilib. İnfosessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları Elşad Əliyev və Həsənağa Hüseynov çıxış edərək dövlət qulluğunun prinsipləri, növləri, dövlət qulluqçularının hüquq və vəzifələri, eləcə də qulluğa qəbul qaydaları barədə ətraflı məlumat veriblər.
“Karyera Həftəsi” tələbələrə peşəkar mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, real iş mühiti haqqında biliklərini artırmaq və gələcək karyeralarını daha məqsədyönlü şəkildə planlaşdırmaq üçün geniş imkanlar yaradıb.