Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında 02 noyabr 2022-ci il tarixində imzalanmış üçtərəfli memorandum çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərdə iştirak etmiş Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün test və yazılı imtahanlar və müsahibə təşkil edilib.
İmtahanlarda və müsahibədə tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyasının qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər.
İmtahanlar UNEC-in Əsas tədris binasında, müsahibə isə Hesablama Palatasında keçirilib.
Müsahibə Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusifzadə, Səmərəlilik audit şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri Fərqanə Əliyeva və Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov tərəfindən aparılıb.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət orqanının əməkdaşları tərəfindən bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi və Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması planlaşdırılır.