A

UNEC-in “Həftənin kitabı” layihəsi bu həftə “Mühacirlərin dönüşü” kitabını təqdim edib.

“1918-ci il Azərbaycanın taleyini əbədiyyən həll etdi. Əgər həmin vaxt Azərbaycanda müstəqillik elan edilməsəydi, bu gün tarix səhnəsində heç vaxt dövlətimiz olmayacaqdı. Sadəcə, bir əyalət kimi ya Rusiyanın, ya da İranın tərkibində qalacaqdıq. Amma bu proses göydəndüşmə də olmadı. Öncə Axundzadədən başlayan maarifçilik hərəkatı oldu, ardınca Zərdabi ilə mətbuat yarandı, Üzeyir bəylə birlikdə milli kimlik məsələləri formalaşdı, ilk opera yazıldı. Cəlil Məhəmmədquluzadə, Ömər Faiq, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Topçubaşov kimi ziyalılar mətbuatda, dumada və s. yerlərdə ciddi fəaliyyət göstərdilər. Rus inqilabları da bu prosesi tətiklədi, nəhayət, çar rejimi yıxılan kimi xalqlar artıq yetişmiş şəkildə öz müstəqilliklərini elan etdilər. Cümhuriyyəti quranların hamısı sanki Tanrı tərəfindən seçilmiş elçilər idilər, hərəsinin bir missiyası vardı, layiqincə yerinə yetirdilər...” (Bu fikirlər kitabın müəllifinin müsahibəsindən götürülüb).

Kitabın müəllifi araşdırmaçı-jurnalist, yazıçı, kolleksiyaçı Dilqəm Əhməddir. Kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alıb, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksini tapıb. Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunub. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusilə maraqlıdır. Qeyd edək ki, kitab Azərbaycan Cümhuriyyəti tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir.
 

“Mühacirlərin dönüşü” kitabı 2017-ci ildə “TEAS Press” nəşriyyat evində çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC KİM-in 1 saylı kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay