UNEC-in Əziz Sancar adına Qida Təhlükəsizliyi laboratoriyasının xarici tədqiqatçısı, Macarıstanın Szeged Universitetinin professoru Santa Robertin “Qeyri-səlis nəzarət metodu ilə yenilənə bilən enerji mənbələrindən istifadə etməklə səmərəli ağıllı ev istilik sistemi” adlı elmi məqaləsi SCOPUS və Veb of Science-də indekslənən Q1 kateqoriyalı və impact faktoru 2 olan jurnalda nəşr edilib.
Məqalədə enerjiyə qənaət edən ağıllı ev, bərpa olunan enerji mənbəyindən istifadə edən və qeyri-səlis idarəetmə dizaynını özündə birləşdirən istilik sistemi təhlil edilib. Tədqiqatın məqsədi daxili məkanda rahat temperatur təmin edərkən enerji istehlakını optimallaşdıran istilik sistemi dizayn etməkdir. Tədqiqatda istifadə olunan əsas üsullara günəş enerjisi və ya geotermal enerji kimi bərpa olunan enerji mənbəyinin daxili və xarici temperatur, rütubət və yaşayış səviyyəsinə əsasən istilik gücünü tənzimləyən qeyri-səlis idarəetmə sistemi ilə inteqrasiyası daxildir. Tədqiqatın əsas nəticələri göstərir ki, təklif olunan istilik sistemi rahat daxili temperaturu saxlamaqla, adi istilik sistemləri ilə müqayisədə enerji sərfiyyatını 40%-ə qədər azalda bilər.