A

"Azərbaycan müəllimi" qəzeti, 11 mart, 2017 (N 9)

Məlumdur ki, bəşəriyyətin yüksək mədəni-mənəvi inkişafının ən mühüm şərtlərindən və göstəricilərindən biri məhz kitab və ya kitabxanalardır. Hələ qədim dövrlərdən insanın özünüifadə etməyə olan daxili ehtiyacı özünü ən müxtəlif formalarda göstərmişdir. Qaya üzərində müəyyən rəsm və piktoqrafik işarələr, xətt və yazılar əks etdirmək, əslində elə insanın ən çətin şərtlər daxilində (daşa, qayaya yazı yazmaq bahasına olsa belə!) özünü reallaşdırmaq arzusunun əyani nümunəsi idi. Bu baxımdan yazının kəşfi bəşəriyyətin tarixi-mədəni inkişafında fundamental dəyişikliklər yaratdı. Təsadüfi deyildir ki, yazının kəşfi informasiya inqilablarından biri kimi bəşəriyyətin tarixində həkk olunmuşdur. Yazı özü ilə elə bir fəlsəfə, elə bir mədəniyyət gətirdi ki, bu insanlığın həmin mərhələyə qədərki qazandığı mahiyyəti keyfiyyətcə tamamilə fərqli bir epoxal dünyaya transformasiya etdi. Yazı sadəcə olaraq fikirlərin, düşüncələrin şifahi formadan qrafik işarələrə keçidi demək deyildi. Yazı artıq yeni bir mədəniyyətin, norma və prinsiplərin meydana gəlməsi idi.Bəşəriyyətin inkişafında növbəti informasiya inqilabı isə Almaniyada kitab çapı texnologiyasının meydana gəlməsi ilə baş verdi. Kitab çapı texnologiyasının kəşf olunması və onun sonralar daha da mükəmməlləşdirilməsi, əslində cəmiyyətin maarifləndirilməsinə, biliyin tirajlanmasına, informasiyanın daha geniş məsafalərdə yayılmasına, eyni zamanda biliyin daha əlçatan olmasına gətirib çıxardı ki, bu da özlüyündə bir tərəfdən bəşəriyyətin inkişafında kitabın mövqeyini və rolunu yüksəltməklə yanaşı, digər tərəfdən də biliyin kütləviləşməsini dəfələrlə artırdı.İnsanın biliyə, öyrənməyə olan həvəsi, məlumat əldə etmək ehtirası, bilmədikləri, görmədikləri haqqında oxumaq, eşitmək marağı son nəticədə məlumat mənbəyi olan milyonlarla kitabları və onların fiziki olaraq saxlanılması, qorunması, istifadəsinin asanlaşdırılması və idarə olunması, həmçinin müəyyən məkanlarda cəmlənməsi zərurətini ortaya qoydu ki, bu da kitabxana ideyasının ortaya çıxmasına səbəb oldu. Lakin bu sadaladığımız bəzi faktorlar kitabxanaların meydana çıxmasını zəruri edən ilkin şərtlər idi. Bəşərityyətin sosial-iqtisadi həyatında baş verən irəliləyişlər, texnoloji kəşflər, ümumilikdə insanın həyat şəraitinin yüksəlməsi zəminində biliyə, məlumata olan ehtiyacı və onu ödəmək imkanları da keyfiyyətcə dəyişməyə başladı ki, bu da kitabxananın yalnız kitabların fiziki olaraq yerləşdiyi məkan kimi deyil, daha dərin məzmun kəsb etməsinə yol açdı. Kitabxana artıq sadəcə olaraq kitabın “xana”-sı, yəni kitabın evi deyil, yəni “qalaq-qalaq” kitabların cəmləndiyi yer kimi yox, biliyin, maariflənmənin, öyrənmənin mənbəyi, fərdin və ya cəmiyyətin intellektual inkişafının simvollarından birinə çevrildi. Kitabxananın bu mahiyyəti onun üzərinə fərdin və ya bütövlükdə cəmiyyətin inkişafında iştirak etmək missiyasını qoydu ki, bu da birbaşa olaraq onun bağlı olduğu kitabın, biliyin həm də dəyərini və əhəmiyyətini daha da yüksəltdi.İnformasiya-kommunikasiya texnlogiyalarının, konkret desək, İnternetin meydana gəlməsinə qədərki dövr üçün kitabxanaların (eləcə də kitabların) mahiyyəti və rolu fərqli olmuşdur. Belə ki, kitabxanalar özünün maddi-texniki imkanlarından asılı olaraq özündə insanların asudə vaxtlarını səmərəli keçirməsi, istirahət etməklə bilik əldə etməsi, əylənməsi, intellektual inkişafa xidmət edən müsabiqə, debat, yarışların keçirilməsi, sərgi və təqdimatların nümayiş etdirilməsi və s. funksiyaları da özündə ehtiva edə bilmişdir. Təbii ki, burada kitabxanaların kifayət qədər əlavə funksiya və rollarını da əlavə edə bilərik. Məsələn, insanların sosiallaşması, kollektivləşməsi baxımından kitabxanalar çox mühüm əhəmiyətə malikdir. Həmçinin kitabxana gənclərin görüş yeri, bilik mübadiləsi və müzakirəsi üçün əlverişli məkan kimi də xarakterizə oluna bilər. Lakin müasir dövrdə cəmiyyətin yüksək inkişafı, informasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətli daxil olması, qloballaşma və virtuallaşma proseslərinin getməsi və s. faktorlardan asılı olaraq kitabxanaların da strukturu, mahiyyəti və funksiyası da dəyişməyə başlamışdır.Burada məsələ yenə də birbaşa olaraq müasir informasiya cəmiyyəti quruculuğunda kitaba, kağız çap məhsullarına münasibətlə bağlıdır. Elektron texnologiyaların meydana gəlməsi, informasiyanın əldə olunmasının kifayət qədər asanlaşması, internetin sürətlə genişlənməsi, kitab çapı və kağız medianı ikinci plana keçirmişdir. Bu gün kitabların əksəriyyətinin, həmçinin qəzet və jurnalların hamısının elektron variantlarının mövcud olması və onların internetdə yerləşdirilməsi kağız texnologiyalarını bir qədər kölgədə qoymuşdur. Bütövlükdə kağız print texnologiyalarına olan bu münasibət, özünü kitabların cəmləşdiyi klassik kitabxanaların da müasir tələblərə uyğunlaşdırılması zərurətini, daha dəqiq desək, elektron kitabxanaların meydana gəlməsini aktuallaşdırmışdır. Belə bir şəraitdə kitabxanaların rolu və funksiyası da dəyişmiş olur. Lakin bizim burada müzükirə etmək istədiyimiz məsələ birbaşa olaraq müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində kitabxanaların rolu və funksiyasından daha çox, “möhtəşəm yaxşı məkan” məsələsi aspektindən kitabxanaların yerinin müəyyənləşdirilməsidir.Məlumdur ki, elmi peşəkar dövriyyədə “möhtəşəm yaxşı məkan” (ingilis dilində: “Great Good Place”, rus dilində: “Великое хорошее место”) məsələsi xeyli müddətdir müzakirə olunur. İlk dəfə bu anlayışı amerikan sosioloqu Rey Oldenburq tərəfindən elmi dövriyyəyə gətirilmişdir. Onun ilk dəfə 1989-cu ildə nəşr etdirdiyi kitabının adı belə idi: “Möhtəşəm Yaxşı Məkan: Kafe, kafeteriya, ictimai yerlər, univermaqlar, barlar və onlar gün ərzində sizi necə qəbul edirlər” (“Great Good Place: Cafes, Coffee Shops, Community Centers, General Stores, Bars, Hangouts, and How They Get You through the Day”). Kitabın növbəti nəşrlərində sərlövhədə müəyyən dəyişiklər edilsə də, müəllifin yanaşmasına görə, insanın həyatının bağlı olduğu əsas üç məkan vardır ki, bunlardan birincisi ev, ikincisi qazanc əldə edilməsivə ya istehsalat (yəni iş – A.M.),üçüncüsü isə cəmiyyətin əsasını təşkil edən hər cür ünsiyyət və münasibət sferasıdır (Ольденбург Р. Третье место: кафе, кофейни, книжные магазины, бары, салоны красоты и другие места «тусовок» как фундамент сообщества /Рэй Ольденбург; пер. с англ. А. Широкановой.- М.: Новое литературное обозрение, 2014.- 456 с.). Müəllifin verdiyi izahlardan aydın olur ki, “üçüncü məkan” insanların sərbəst toplaşdığı, istirahət etdiyi, ünsiyyət və münasibət qurduğu, ən müxtəlif həyat və məişət problemlərini bir yana ataraq üz tutduğu kafe, klub, kitab mağazaları, bərbərxana, gözəllik salonu və s. kimi yerlərdir.Qeyd etmək lazımdır ki, “Möhtəşəm yaxşı məkan” problemini elmi dövriyyədə gündəmə gətirən Pyotr Mixayloviç Lapodur. İxtisasca tətbiqi riyaziyyatçı olan alim 1994-cü ildən Belarusiya Milli Elmlər Akademiyasının Elmi kitabxanasında kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Alim 15 il ərzində Belarus Dövlət Universitetinin Fundamental kitabxanasına rəhbərlik etmiş, 2015-ci ildən etibarən isə Qazaxıstanda (Astanada) Nazarbayev Universitetinin Elmi kitabxanasında baş ekspert kimi fəaliyyət göstərir.Rey Oldenburqun bu yanaşmasına və ümumiyyətlə, “möhtəşəm yaxşı məkan” məsələsinə diqqət yetirən P.M.Lapo sadalanan yerlər arasında kitabxanaların xatırlanmamasına diqqət çəkir və yazır: “Kitabxananın adı “üçüncü yer” kimi xatırlanmır, təbii olaraq sual meydana çıxır: Nə üçün? Hərçənd Amerika Kitabxanalar Assosiasiyasının məlumatına görə 2012-ci ildə ABŞ-da kütləvi kitabxanalar Makdonalds kafelərindən çoxdur (kitabxanaların sayı filialları da daxil olmaqla 16.766-dır); ABŞ-ın orta yaşlı əhalisinin 58%-nin oxucu bileti var, amerikanlar həftədə kinoteatrlardan 3 dəfə çox məktəb, kütləvi, elmi kitabxanalarda olurlar” (Лапо П.М. “Великое хорошее место”-

www.litera-ml.ru

).P.M.Lapo bütün bunları nəzərə alaraq qeyd edir ki, tamamilə məntiqi olaraq digər suallar meydana çıxır: “Kitabxananı “üçüncü yer” hesab etmək olarmı?”, “R.Oldenburqun kitabı “Möhtəşəm yaxşı məkan” adlandığı halda nə üçün kitabxanaya “üçüncü yer” mənasında baxmalıyıq? .P.M.Laponun qeyd olunan məqaləsində apardığı tədqiqatdan aydın olur ki, “möhtəşəm yaxşı məkan” ifadəsi hələ Rey Oldenburqdan xeyli əvvəl, XIX əsrin sonu XX əsrin başlanğıcında yaşamış amerikan yazıçısı Henri Ceymsin 1900-cü ildə çap olunmuş hekayələrindən birinin adı olmuşdur. Əsərin baş qəhrəmanı olan Corc Deyn adlı yazıçı obrazı elə bir yer arzulayır ki, məhz orada dincəlib, tükənmiş gücünü bərpa edə bilsin, həm də orada dostlarla, özü kimi insanlarla səmimi söhbətlər etmiş olsun. Və yuxuda bu arzusunu həyata keçirir.

M.P.Lapo qeyd edir ki, Rey Oldenburq kitabında məhz Corc Deynin yuxuda həyata keçirdiyi arzusunu reallaşdırmaq üçün vacib olan məkanlara – kafe, bar, gözəllik salonu və s. yerlərə diqqəti cəlb edir. O yerlər ki, orada insan işgüzar söhbət və ailə problemlərdən uzaqlaşaraq başqa insanlarla arzuolunan ünsiyyətdən və bu yerlərin aurasından müsbət enerji ilə yüklənir. Yəni M.P.Laponun qənaətinə görə, Rey Oldenburq məhz bu baxımdan kitabını “Möhtəşəm Yaxşı Məkan: Kafe, qəhvəxana, ictimai yerlər, univermaqlar, barlar və onlar gün ərzində sizi necə qəbul edirlər” kimi adlandırmışdır.Yeri gəlmişkən bir məqamı da unutmaq olmaz ki, əslində, “üçüncü məkan” ehtiyacı şəhər həyatı, buradakı gündəlik həyat rejimi ilə birbaşa bağlıdır. İnsanların hər gün səhər işə yollanması və günün sonunda yorğun şəkildə evə dönməsi və bu həyat ritminin monotonluğu evdən və işdən kənarda, özü də onların hər ikisindən uzaqlaşmaqla yeni bir məkan axtarışını zəruri etmişdir. Bir sözlə, “üçüncü məkan” əslində insanın gərgin iş həyatından, darıxdırıcı məişət problemlərindən qurtulmaq, müvəqqəti də olsa, özünü azad və qayğısız hiss etmək arzusundan doğur.Lakin M.P.Lapo məqaləsində başqa bir məqama da diqqəti cəlb edir. O belə bir sual qoyur ki, bəs nə üçün hər bir insanın gündəlik həyatında olan kafe, bar və gözəllik salonu kimi adi məkanlar sonradan “möhtəşəm yaxşı məkan” və hətta “cəmiyyətin və demokratiyanın sosial mövcudluğunun ürəyi” səviyyəsinə yüksəldilir? M.P.Laponun qoyduğu bu suala verdiyi izahdan aydın olur ki, R.Oldenburq öz kitabında “üçüncü yer” məsələsi ilə bağlı qədim yunan demokratiyası dövründə aqora, amerikan inqilabı illərində taverna (aşxana, meyxana), Fransız inqilabı zamanı kafe,  tarixi faktları gətirməklə bu problemin ümumictimai əhəmiyyətini əsaslandırmaq və ona cəmiyyətin və dövlətin diqqətini cəlb etmək istəyirdi. O, cəmiyyətdə demokratiyanın inkişafı ilə onların (yəni həmin məkanların – A.M.) əlaqəsini nümayiş etdirir və Qərb cəmiyyətinin mühüm bir dəyərinin – hazırda humanizm və demokratiya ideyalarının davamı kimi xarakterizə olunan individualizmin qorunmasında onların əhəmiyyətini vurğulayır. Deməli, Pyotr Laponun baxışına görə, Rey Oldenburq “üçüncü məkan” hesab olunan yerlərin, yəni kafe, qəhvəxana, kazino, bar və s.-nin ümumictimai əhəmiyyətini çatdırmaq və dövlətin diqqətini cəlb etmək məqsədilə “möhtəşəm yaxşı məkan” kimi xarakterizə etmişdir (Лапо П.М. “Великое хорошее место”. www.litera-ml.ru).

R.Oldenburq kitabının yeni nəşrində onun adını dəyişdirmiş və belə təqdim etmişdir: “Kafe, qəhvəxana, kitab mağazaları, barlar, bərbərxanalar və digər yığıncaq yerləri ictimaiyyətin ürəyində”. Bütün bu fikirləri əsas gətirərək P.Lapo qeyd edir ki, kitabxananın dövlət tərəfindən qurulduğu və maliyyələşdirildiyi üçün fərdi, şəxsi təşəbbüs kəsb etmir və müəyyən sosial funksiya daşıyır. Beləliklə də, onu (yəni kitabxananı – A.M.) müəllif tərəfindən təklif olunan üçüncü məkanların siyahısına daxil etmək və “üçüncü məkanların” “cəmiyyətdə demokratiyanın dayağı” konsepsiyasına uyğun hesab etmək düzgün görünmür.Bütövlükdə, R.Oldenburqun “üçüncü məkan”ların cəmiyyətdə demokratik dəyər və ideyaların qorunması, inkişaf etdirilməsi ilə bağlı konsepsiyasına qarşı çıxan P.Lapo gözəllik salonu, bərbərxana, bar, kafe və s. kimi məkanların insanın dünyagörüşünün, ictimai davranışlarının formalaşmasında mühüm əhəmiyyət kəsb etmədiyini, fərdi olaraq hər kəsə fərqli təsir etdiyini qeyd edir. Müəllifin yanaşmasına görə, belə məkanlara insanlar artıq özlərinin formalaşmış baxışları, dünyagörüşləri və davranışları ilə gəlirlər. Kitab haqqında təhlillərini yekunlaşdıran P.Lapo yazır ki, əgər Rey Oldenburqun kitabında dəyərlər konteksti və “üçüncü məkanların” ictimai və siyasi həyatda totalitarizmin və iqtisadi sferada kapitalın monopalist hakimiyyətinə qarşı hədəflənmiş məqsədi olmasaydı, o kulturoloji tədqiqatların geniş ictimai diqqətini kəsb edən ciddi bir əsərdən daha çox, tarixi lətifələr toplusu ola bilərdi və bəlkə də, “Möhtəşəm yaxşı məkan”-dan daha çox “üçüncü məkan” adı onu daha uzağa apara bilərdi.Rey Oldenburqun “üçüncü məkan” və ya “möhtəşəm yaxşı məkan” konsepsiyasının perspektivindən Azərbaycan mədəniyyəti tarixinə nəzər yetirsək, müəllifin vurğuladığı həmin məkanlar barədə müəyyən fikirlər söyləmək mümkündür.Əvvəla, onu deyək ki, ümumtürk və Şərq-müsəlman mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyəti bugünki vəziyyətinə uzunillik inkişaf yolu keçərək gəlib çıxmışdır. Təbii ki, bu mədəniyyətin formalaşmasında və inkişafında müxtəlif dövrlərdə cəmiyyətdə gedən çoxşaxəli proseslərin mühüm rolu olmuşdur.Erkən Orta əsrlərdə islamlaşmış ərazilərdə bəzi sosial-siyasi hadisələr baş verdi ki, həmin hadisələrin təsiri və həm də nəticəsi olaraq bir sıra dini ehkam və yasaqlar, ya tamamilə aradan qaldırıldı, ya da xeyli dərəcədə yumşaldıldı. Belə ki, VIII-IX yüzilliklərdən başlayaraq, hakimiyyət uğrunda gedən siyasi çarpışmalarda məğlubiyyətə uğrayan bir sıra nüfuzlu İslam ideoloqları arasında bu dini dünyagörüşün bəzi müddəalarının təshihi vəyeniləşdirilməsi meylləri yarandı ki, bu da ayrı-ayrı təriqətlərin meydana gəlməsiylə nəticələndi (Керимов Г. Аль-Газали и суфизм.- Баку: «ЭЛМ», 1969.- 109 c., c.87-89).Orta əsrlərdə Azərbaycan müxtəlif feodal imperiyalarının əsarəti altında olmuş, əvvəlcə monqolların, sonra isə Teymurilər imperiyasının işğalları baş vermişdir. Bu işğal və basqılar zəminində bir sıra üsyanlar, etirazlar meydana gəlmişdi. Belə etiraz formalarından biri də mahiyyətində müəyyən demokratik ideya və azadlıq düşüncələrini əks etdirən insanların, savadlı və ziyalı şəxslərin toplaşma məkanı və formalarından biri də təriqət və cərəyanlar idi. Nə qədər ədəbi-bədii, fəlsəfi-estetik mahiyyət kəsb etməsindən asılı olmayaraq təriqətlər müəyyən mənada, bəzən rəmzi simvolik, bəzən isə birbaşa olaraq insanın daxili-mənəvi azadlığı ideyasını təbliğ edir və yayırdı. Bu prizmadan baxdıqda, orta əsrlər Azərbaycan mədəniyyətinin formalaşması və inkişafında mühüm rol oynayan təriqət və cərəyanların – ideya, fikir, əqidə generatorlarının cəmiyyətin ideoloji əsaslarının təşkil olunmasındakı rolunu görmək mümkündür.Məsələn, sufi-dərvişlər təkkə ocağında cəmləşərək, öz ayin, mərasim və ideyalarını icra və təbliğ edirdilər. Təkkə ocağında təriqətə qulluq edən, məxsusi mərasimlər keçirən sufi-dərvişlər tərəfindən təriqət məzmunu daşıyan hekayətlər rəmzi-simvolik rəvayətlər düzüb qoşulur və təbliğ olunurdu.Və ya XIV əsrdə Azərbaycan ərazisində yaranan, daha sonra bir sıra ərazilərə də yayılan hürufilik təriqətinin mahiyyətində, əslində yadellilərə, zülm və əsarətə qarşı mübarizə, insan azadlığı və hüquqlarının əldə olunmasına çağırış idi.Bunu isə, Rey Oldenburqun vurğuladığı fransız və amerikan inqilabının, eləcə də ingilis maarifçiliyinin meydana gəlməsində mühüm rol oynayan kafe, qəhvəxana, meyxana kimi “üçüncü məkanlar”la müqayisə etmək mümkündür. Əslində bu məkanlar müəyyən ideya və fikirlərin müzakirə olunduğu, vahid əqidə ətrafında birləşən insanların toplaşdığı məkan kimi mühüm əhəmiyyət kəsb edir.Bundan əlavə, əgər biz Azərbaycan folklor nümunələrinə, xüsusən nağıl və dastan süjetlərinə baxsaq görərik ki, burada insanların toplaşdığı, biri-biri ilə ünsiyyətə girdiyi, fikir mübadiləsi etdiyi məkanlardan biri də çayxanalar, aşxana,  hamam və karvansaraylardır. Dastan və nağıllarımızda səfərə çıxan qəhrəman hər zaman gecələmək üçün karavansaraylara, mehmanxanalara üz tutur, çayxanalara qonaq olur və bu yerlərdə müxtəlif insanlarla, olay və hadisələrlə qarşılaşır. Özü də bu hadisə və olaylar həmişə onun gedəcəyi yerlər, görəcəyi işlərlə əlaqəli olur. Dastan və ya nağıl qəhrəmanı çətinliyə düşdükdə, əlacsız vəziyyətdə qaldıqda bu məkanlarda rast gəldiyi insanlardan aldığı xəbərlə, məlumatla yoluna davam edir, öz həfəfinə doğru irəliləyir.Bütün bu faktlar onu deməyə əsas verir ki, Rey Oldenburqun qeyd etdiyi xüsusi məkanlar, Azərbaycan mədəniyyətində də aktiv məkanlar kimi xüsusi əhəmiyyət kəsb etmiş, cəmiyyətin və ayrı-ayrı insan qruplarının toplaşdığı, cəmləşdiyi yerlər kimi yaddaşlarda əks olunmuşdur.Çağdaş dövrümüzdə virtual texnologiyaların geniş tətbiq olunması, elektron informasiya resurslarına tələbatın artması kitabxana işini və kitabxanaçılıq peşəsini yeni bir mərhələyə transformasiya etmişdir. P.Laponun da vurğuladığı kimi, “kitabxanalar saxlanc yeri”-ndən “informasiyanın əldə olunma nöqtəsi”nə çevrilmişdir ki, bu da kitabxanaya müraciət edən şəxsin “oxucu”dan informasiya “istifadəçi”sinə çevrilməsinə gətirib çıxarmışdır. Təbii ki, bu keçid, yəni kitabxanaların yalnız kitab saxlanan arxiv, saxlanc məzmunundan informasiyaya çıxışı təmin edən məkan funksiyasına gəlib çıxması, hazırki dövrdə texnologiyanın, cəmiyyətin və insanın inkişafın və dəyişməsinin göstəricisidir.Təbii ki, belə bir şəraitdə bir tərəfdən kitabxanaların üzərinə düşən vəzifələr dəyişirsə, digər tərəfdən də kitabxanaların funksional mahiyyəti, fəlsəfi əhəmiyyəti dəyişir. Artıq kitabxanalar insanların intellektual inkişafına xidmət edən, onun informasiya ehtiyaclarını ödəyən, başqa sözlə desək, informasiya təhlükəsizliyini təmin edən yeni məkan kimi xarakterizə olunmalıdır. Çünki cəmiyyətin, eləcə də hər bir fərdin formalaşmasında, inkişaf tendensiyalarının müəyyənləşməsində onun əsas tələbatlarından olan informasiyanın çox mühüm rolu vardır. Özü də bu rol getdikcə çox sürətlənməkdə və genişlənməkdədir. Belə bir şəraitdə, P.Laponun da qeyd etdiyi kimi, kitabxanalar “möhtəşəm yaxşı məkan” kimi xarakterizə oluna bilər. Yetər ki, kitabxanalar müasir dünyanın reallıqlarına, elmi, texnoloji yeniliklərinə, sürətlə dəyişən insanın tələbatlarına cavab verə bilsin. P.Laponun təbirincə desək, əgər kitabxanalar insanın özünü və ətraf aləmin dərkində, onun inkişafında davamlı bilik ötürücüsü rolunu oynayan sosial institut rolunu oynamağa müəssər ola bilərsə, o zaman kitabxana deyəndə ağıla “Möhtəşəm 3-cü məkan” termini gələcəkdir. Bu hədəfə nail olmaq üçün qarşıda çox mühüm vəzifə və tapşırıqlar mövcuddur. Yaxın vaxtlarda kitabxanalarımızın istər texnoloji imkanlar baxımından, istərsə də elektron resursların zənginləşdirilməsi baxımından hədəflərə nail olacağımıza geniş imkanlar mövcuddur.

Arzu MƏMMƏDOVA

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), baş biblioqraf

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay