A

UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə keçirilən “Elm aylığı” çərçivəsində növbəti tədbir “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri” mövzusuna həsr olunub.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov bildirib ki, ölkəmizdə son illərdə müşahidə olunan iqtisadi inkişafın davamlılığını təmin etmək üçün cəmiyyət tərəfindən müasir iqtisadi proseslərin, nəzəriyyələrin və modellərin mükəmməl öyrənilməsi, xüsusən də islam maliyyəsinin tədqiqi böyük əhəmiyyət kəsb edir. Professor vurğulayıb ki, Azərbaycanda islam maliyyəsinin və xarici investisiyaların cəlbi ölkə iqtisadiyyatının inkişafı üçün əlavə imkanlar yarada bilər.

UNEC-in Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri, dosent Sərvinaz Xanlarzadə islam iqtisadiyyatının əsasları, həyat standartları ilə formalaşmış qaydaları və prinsip və üsullarını açıqlayıb. Məruzəçi cıxışında islam iqtisadiyyatının tərkib hissəsi olan islam maliyyəsinin mahiyyətindən, inkişaf tarixi, təsnifatı və yaranma yollarından danışıb. Həmçinin islam maliyyəsinin bir istiqaməti olan islam bankçılığının ənənəvi maliyyə sistemində tətbiq edilməsi prosesindən və bir çox ölkələrdə müşahidə olunan inkişaf perspektivlərindən, o cümlədən Azərbaycanda tətbiqinin mahiyyətindən soz açıb.

Tədbirdə iştirak edən Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, UNEC-in dosenti Elşad Səmədzadə, Malayziya Beynəlxalq İslam Universitetinin məzunu, İslam Maliyyə İnstitutları üçün Mühasibatlıq və Audit təşkilatının (AAOİFİ) auditoru və məsləhətçisi Anar Yusifzadə və Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov islam bankçılığının müasir durumu, əməkdaşlıq istiqamətləri, inkişaf etmiş ölkələrin islam maliyyəsinə olan marağı barədə danışıblar.

Çıxışlardan sonra islam maliyyəsinə aid suallar ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR