A

UNEC-də Elmi fəaliyyətin təşkili və idarəedilməsi Departamentinin  təşkilatçılığı ilə Texnologiya və Dizayn, Ekspertiza və standartlaşdırma fakültələrinin birgə dəyirmi masası keçirilib.

Tədbiri giriş sözü ilə açan EFTİED-in direktoru, professor Zahid Məmmədov Elm aylığı çərçivəsində müzakirəyə çıxarılan mövzuların UNEC-in professor-müəllim heyəti qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb,  UNEC-də aparılan elmi tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsinin və elm aləmini maraqlandıran mövzuların mütəmadi müzakirəsinin vacibliyini masa iştirakçılarının diqqətinə çatdırıb. Müzakirəyə çıxarılan "Elmi fəaliyyətin informasiya təminatı və elmi-texniki fəaliyyətin ekspertizası problemləri" mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib.

Məruzəçi “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti, ixtisas rəhbəri Təranə Əliyeva müasir dövrdə elmi qurumlarda idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək, istiqamətləndirmək və ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulmasını, böyük həcmli eksperimental verilənlərin və müxtəlif elmi nəşrlərin sayının artmasını şərtləndirən layihələrdə İKT-nin geniş tətbiqi məsələlərinə toxunub. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri kimi ölkədə formalaşdırılan və hökümətin tərkib hissəsi olan “Elektron elm”in əsas məqsəd və vəzifələrinin qeyd olunmuş məsələlərin həllinə yönəldiyini vurğulayıb.

Dəyirmi masanın ikinci məruzəçisi “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının gənc müəllimi Könül Mirzəmmədova elmi qurumların fəaliyyətində İKT-nin tətbiq vəziyyətinin üç qrup indikator üzrə ilkin monitorinqinin aparıldığı istiqamətlər və  mürəkkəb infrastruktura malik “Elektron elm”in tərkib hissələri haqda məlumat verib. O, elmi fəaliyyətin müasir tələblərə uyğun qurulması  və inkişaf etdirilməsində, elmi idarəetmənin təkmilləşdirilməsində mühüm meyarlardan biri kimi İKT-dən və informasiya təminatından məhsuldar  istifadə etmə biliyinə və bacarığına  malik olan insan  kapitalının rolunu xüsusilə qeyd edib.

Dəyirmi masada "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri, professor Əli Həsənov elmi-tədqiqat işinin ekspertizası problemlərinin həlli yolarını açıqlayıb. O, elmi-tədqiqat işlərinin aparılmasını ali məktəb qarşısında duran mühüm vəzifə kimi qiymətləndirərək bu tədqiqatlardan alınan nəticələrin tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına və onların öz əksini tapacaq dərslik və dərs vəsaitlərinin yazılması istiqamətində işlərə yönələcəyinə əmin olduğunu bildirib.

"Fizika və kimya" kafedrasının müdiri, professor Rövnəq Rzayev UNEC-də elmi-tədqiqat işlərinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən, differensial əmək haqqı sistemində elmi fəaliyyətin qiymətləndirilməsində istifadə olunan elmmetrik göstəricilərdən bəhs edib. Son illərdə universitet əməkdaşlarının müxtəlif elmmetrik bazalarda nəşr etdirdiyi elmi əsərlərə edilən istinadların çəkisinin artmasını elmi fəaliyyətin keyfiyyət meyarlarından biri kimi dəyərləndirib.

Mövzu ətrafında müzakirələrdə "Standartlaşma və sertifikasiya" kafedrasının əməkdaşları - professor Məmmədəli Nuriyev və dosent İlham Seyidəliyev elmi fəaliyyətdə standartlaşdırma, sertifikatlaşdırma məsələlərinin və keyfiyyətin idarə edilməsində istifadə olunan metodların əhəmiyyətindən bəhs etmişlər. "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının dosenti Həmdulla Əsgərov isə elmi fəaliyyətin informasiya təminatının təşkilində intellektual texnologiyaların imkanlarından söz açıb.

Tədbirin yekununda professor Zahid Məmmədov müzakirə olunan mövzu ətrafında dəyirmi masa iştirakçılarının təklif və fikirlərinin gələcək elmi-tədqiqatların təşkilində, əlaqələndirilməsində və qiymətləndirilməsində müstəsna rol oynayacağına  ümid bəslədiyini söyləyib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay