A

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) UNEC-in professorları tərəfindən hazırlanan “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun professor-müəllim və tələbə heyəti ilə yanaşı, UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov da iştirak edib.

ADNSU-nun elm və texnika üzrə prorektoru, dosent Rauf Əliyarov monoqrafiyanın əhəmiyyətindən söz açaraq, təqdim olunan kitabın müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi inkişafının, xarakterinin, nəzəri-metodoloji və əməli baxımdan dərk edilməsində, ən başlıcası isə ulu öndər Heydər Əliyevin iqtisadi irsinin öyrənilməsində müstəsna əhəmiyyəti olduğunu bildirib.

Kitabın həmmüəllifi və redaksiya heyətinin üzvü olan UNEC-in professoru Məhiş Əhmədov monoqrafiyanın ərsəyə gəlməsindən bəhs edib. Bildirib ki, UNEC-in aparıcı tədqiqatçı alimləri tərəfindən hazırlanan monoqrafiya 4 fəsil və 28 paraqrafdan ibarətdir. Kitabda əsası ulu öndər tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən Azərbaycanın iqtisadi inhkişafının Heydər Əliyev strategiyasına uyğun olaraq müstəqillik illərində milli iqtisadiyyatın formalaşması mərhələləri, prinsipləri, ümumi və xarakterik cəhətləri, prioritetləri tədqiq olunub. Həmçinin postneft mərhələsində ölkəmizdə həyata keçirilən islahatların başlıca istiqamətləri, davamlı inkişaf modelinə keçid şəraitində iqtisadi inkişaf strategiyasının, o cümlədən strateji yol xəritələrinin hədəflərinə uyğun olaraq ölkəmizdə yaxın  perspektivdə iqtisadi inkişafın prioritet istiqamətlərinin qısa xarakteristikası verilib.

Tədbirdə ADNSU-nin “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev, “Sənayenin iqtisadiyyatı və menecmenti” kafedrasının müdiri, professor Qənimət Səfərov, “Enerji və Neft kimya sahələrinin iqtisadiyyatı və menecmenti” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov, “İctimai fənlər” kafedrasının dosenti Yaşar Əhmədov və digərləri çıxış edərək monoqrafiyanın müasir  dövrdəki elmi-nəzəri, metodoloji, siyasi və iqtisadi təfəkkürün formalaşmasındakı rolunu yüksək qiymətləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay