A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) klassik ədəbiyyatımızın  və folklorumuzun görkəmli tədqiqatçısı, akademik  Həmid Araslının  110 illik yubileyi  münasibəti  ilə növbəti elmi-nəzəri seminar keçirilib.

 İqtisadiyyat fakültəsi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı  ilə keçirilən tədbirdə fakültə dekanı, dosent Asiman Quliyev “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən danışıb.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli akademik Həmid Araslının klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar apardığını bildirib. Azərbaycan  ədəbiyyatında   özünəməxsus yeri olan alimin  çoxsaylı araşdırmaları ilə ölkə ədəbiyyatşünaslığının  inkişafına  dəyərli  töhfələr   verdiyini vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı görkəmli  akademikin ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatlarından söz açıb, Həmid Araslı yaradıcılığının xarakterik  xüsusiyyətlərindən danışıb.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev isə ədəbiyyatşünas alimin şifahi xalq ədəbiyyatının ən görkəmli mütəxəssislərindən olduğunu, Azərbaycan folklorunun xüsusilə də “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları  və aşıq yaradıcılığı haqqında sanballı elmi əsərlər yazdığını xüsusi vurğulayıb.

Tədbirin sonunda  akademik Həmid Araslının həyat  və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay