A

UNEC-də Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, İslam Maliyyə Mərkəzi və Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Qlobal çağırışlar və İslam iqtisadiyyatı: mental, hüquqi və iqtisadi aspektlərin təhlili” mövzusunda onlayn konfrans keçirilib.

Tədbiri giriş özü ilə açan İslam Maliyyə Mərkəzinin rəhbəri, moderator professor Zahid Məmmədov mövzunun aktuallığına diqqət çəkərək, ölkəmizin islami dəyərləri daim qoruyub-saxladığını və təbliğ etdiyini, bu dəyərlərin təməlində adət-ənənələr, milli mentalitet, mədəniyyət və digər zəngin keyfiyyətlərin dayandığını vurğulayıb. UNEC İslam Maliyyə Mərkəzinin Qətərin Həməd Bin Xəlifə Universiteti ilə əməkdaşlığın qurulması perspektivlərindən söz açıb.

Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov mövzunun aktuallığından söz açaraq, islam iqtisadiyyatının mental, hüquqi və iqtisadi aspektlərindən danışıb.  İslam iqtisadiyyatı mövzusunda birgə tədqiqatların aparılmasının vacibliyindən söz açan professor, islam iqtisadiyyatının hazırkı qlobal çağırışlar kontekstində ən effektiv və mütərəqqi idarəetmə modellərini özündə birləşdirdiyini bildirib.  E.Məmmədov bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, eləcə də ali iqtisadi təhsildə İslam iqtisadiyyatı ilə bağlı ixtisasın tədris olunmasını təklif edib.

İstanbul Sabahattin Zaim Universitetinin İşlətmə və idarəetmə elmləri fakültəsinin dekanı, professor İbrahim Yumuşak konfransda çıxış edərək, islam iqtisadiyyatının klassik iqtisadiyyatla bənzər və fərqli cəhətlərindən, islam iqtisadiyyatının inkişaf perspektivlərindən və inkişafını ləngidən səbəblərdən söz açıb. İslam iqtisadiyyatının tarixinə nəzər salan professor, əslində islam iqtisadiyyatının son 5-10 ilə deyil, daha keçmişə, xəlifələr dönəminə təsadüf etdiyini vurğulayıb.

İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev şəriətən tıcarətdə əxlaqın təfsirinin bir sıra nəzəri əsaslarına və istiqamətlərinə toxunub.  Məruzəçi islam dininin müqəddəs kitabı “Qurani-Kərim”də ticarətin əxlaq normalarını müəyyənləşdirən müxtəlif ayələrin yer aldığını vurğulayıb və bu ayələrin geniş izahını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı i.ü.f.d. Ruslan Atakişiyev İslam İnkişaf  Bankı və AR İqtisadiyyat  Nazirliyi arasında bağlanmış qrant sazişinə əsasən, ölkədə islam bankçılığının formalaşması məqsədilə qanunvericilik bazasına ediləcək dəyişikliklərlə bağlı təkliflərin hazırlandığını diqqətə çatdırıb, İslam banklarının fəaliyyətində qanunvericilik prinsiplərindən danışıb.

Dizayn Məktəbinin baş müəllimi Aida Dadaşova islam və moda anlayışını təhlil edərək, moda sektorunun qlobal islam iqtisadiyyatındakı payının günü-gündən artdığını qeyd edib. Dünyanın tanınmış markalarının artıq islam geyimləri kolleksiyası hazırladığını, həmin məhsullara olan istehlakçı sayının yüksəldiyini diqqətə çatdırıb.

Rus iqtisad məktəbinin direktoru dos. Mənsur Bərxudarov çıxış edərək islam iqtisadiyyatına artmaqda olan marağı şərtləndirən amillərdən söz açıb, islam iqtiadi inkişaf modelinin prinsiplərini iştirakçıların diqqətinə çatdırıb. İslam iqtisadiyyatının mərkəzində halal və haramı seçməyi bacaran, öz haqlarını bilən halal insan modelinin dayandığını qeyd edib.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay