A

visiontv.az

Professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabına RESENZİYA

Azərbaycanda biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə iqtisadi və institusional sistemin adekvatlığını, insan kapitalının formalaşmasını təmin edən güclü sosial baza və biliyin geniş kütləyə çatdırılmasını təmin edən səmərəli milli Ali təhsil sisteminin inkişafına gərək vardır. Müasir universitetin missiyası – sürətli dəyişikliklər şəraitində necə yaşamaq sualına cavab tapmaq, praqmatik yanaşmaları müəyyənləşdirmək, bazar iqtisadiyyatı şəraitində insan həyatının bütün sahələrinə aid problemləri öyrənmək, cəmiyyətin sürətli differensiyasını izləmək, araşdırmaq, bu proseslərdə ali təhsil müəssisəsinin xüsusi yerini tapmaqdır.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə elmin və təhsilin səviyyəsi ilə müəyyən olunur. Bir çox ölkələrdə Sosial elmlər sahəsində gedən dəyişikliklər və yeniliklər haqqında ictimaiyyəti maraqlandıran suallara cavab vermək məqsədilə «əhalinin iqtisadi maarifləndirilməsi» mövzusunda xususi proqramlar fəaliyyət göstərir.

Məhz bu baxımdan, professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabı Azərbaycan iqtisadiyyatı ilə maraqlanan hər kəs üçün, özəlliklə vətəndaşların iqtisadi maarifləndirilməsi sahəsində atılan ən mühüm addımlardan biri kimi qəbul etmək olar.

Kitabın nəşrində informasiyanın çatdırılmasında iqtisad ədəbiyyatında yeni yanaşma olan infoqrafik üslub əsas götürülüb. Bu yanaşmanın xüsusiyyəti – oxucu üçün cəlbedici obrazların, mənalı dizaynın, əyaniliyin yaradılmasıdır. Bu, təkcə məlumatın alınması deyil, həm də oxucu üçün müzakirə predmetidir. Kitabda Azərbaycan dövlətinin iqtisadi siyasətinin fundamental istiqamətləri, ölkə iqtisadiyyatında modern dəyişikliklərinin sistemli, müqayisəli təhlilini əks etdirən qrafiklər təqdim olunur, iqtisadi proseslər, iqtisadi anlayışların mahiyyət və məzmunun daha dərin mənimsənilməsi və əyani nümayiş etdirilməsi məqsədi ilə  qrafiklərlə izah olunur.

İnfoqrafika üsulla hazırlanan keyfiyyətli nəşr materialları tədqiqatın və tədrisin səviyyəsinə müsbət təsir edir, belə ki, istənilən məlumatı müasir və yaradıcı formada oxucuya çatdırmağa imkan verir.

Təhsil üzrə nüfüzlü ekspert Devid Koen “Ловушки преподавания» əsərində yazır: “Burada bizim qarşımızda mahiyyətcə iki vəzifə dayanır. Birincisi, elə etmək lazımdır ki, tələbələr bilikləri sadəcə istehlak formasında qəbul etməsinlər və onları mənimsəyərək öyrənsinlər. İkincisi, feedback–i artırmaq və daha da rəngarəng etmək lazımdır, tələbələr və müəllimlər arasında əlqaə və əks -əlaqə olmalıdır. Tələbələri sərbəst fəaliyyət istiqamətinə stimullaşdırmaq lazımdır”.

Bu baxımdan professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” adlı kitab təhsilalanların “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisi zamanı müzakirələrdə aktiv iştirakçı olmalırına imkan verəcək və mövzuları düşünərək öyrənməlirinə dəstək olacaqdır. Bu kitabın ali məktəblərdə istifadəsi tələbələrə akademik bacarıqları yeni formada öyrətməyə, kritik düşüncəni formalaşdırmağa, həm də iqtisadi göstəriciləri təhlil etmək vərdişi qazanmalarına yol açacaqdır.

Bu gün universitetlərdə müəllimlərin mühazirələri əvvəlki dövrdə olduğu qədər yüksək dəyərə malik deyillər, bu mühazirələrdə deyilənlərin bəzilərinin sərbəst şəkildə internetdə oxumaq mümkündür. Lakin, professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” adlı kitabda olan əksər məlumatları bilavasitə internetdən birbaşa əldə etmək mümkün deyildir.

Bu kitabın köməyi ilə müəllim - tələbələr arasındakı münasibətlərdə “monoloq” formatı dialoq formatına çevrilir və daha çox məsələlər müzakirələr vasitəsi ilə aparılır. C.Barberin qeyd etdiyi kimi bu gün tələbələr müzakirələr tələb edirlər, nəinki “monoloq”.

Uzun-uzadı oxumaqdansa, məlumatın aydın və yaradıcı şəkildə, infoqrafika üsulu ilə təqdim edilməsi tədris prosesini xeyli asanlaşdırır. Vizual materialların sayının artırılması tələbələrə dərsləri daha yaxşı mənimsəməyə və yüksək nəticələr əldə etməyə kömək edir. Bundan əlavə, tələbələrlə ünsiyyət yaxşılaşır – yeni, onların daha çox alışdığı səviyyəyə keçir.

“Azərbaycan iqtisadiyyatı” kitabının məqsədi – mürəkkəb məlumat və iqtisadi ideyaların oxuyucuya infoqrafikalar (məlumatın və biliklərin qrafik şəkildə təqdimatı) şəklində çatdırılmasından ibarətdir. Bundan başqa, kitabda -qarşıya qoyulan kommunikasiya, faydalılıq (kitabın məzmunu dolğun, dürüst, maraqlıdır) və kitabın dizayn keyfiyyəti yüksək səviyyədə təmin olunub.

Kitab analitik infoqrafikaya əsaslanır, iqtisadi göstəricilər əsasında təhlil olunur və aparılan tədqiqatların məlumatları qrafiklərlə izah olunur.

İnfoqrafika müəllimə mətn materialını daha maraqlı etməyə kömək edir. Vizual material daha asan mənimsənildiyinə görə isə tələbələr onu daha yaxşı və tez qavrayır. Bu isə, öz növbəsində, mövzunun ayrı-ayrı məqamlarına daha çox vaxt, daha çox bilik, daha stabil və uzun müddət yadda saxlama imkanı verir.

Tədris materialını maksimum yığcam və rahat formada izah etmək üçün infoqrafikadan istifadə edən müəllim informasiya itkisinə yol vermir. Bundan başqa, zahirən bir-biri ilə bağlı olmayan çoxlu sayda kitab materiallarının ənənəvi şəkildə əzbərlənməsindən fərqli olaraq, tələbələr belə informasiyanı daha yaxşı yadda saxlayır.

Kitabda Azərbaycan Dövlət Statistika Komitəsinin məlumat bazası ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edilib. 18 fəsildən ibarət olan kitabda çar Rusiyası dövründəki Azərbaycan iqtisadiyyatının, cümhuriyyət illərində milli iqtisadiyyat yolunda atılan ilk addımların, sovet Azərbaycanı dövründə sosialist iqtisadiyyatının əsas istiqamətlərinin göstərildiyini, eləcə də müstəqil Azərbaycanın bazar iqtisadiyyatının formalaşması istiqamətində həyata keçirilmiş tədbirlər və onların nəticələrinin şərh olunur. Kitabda ölkənin iqtisadi inkişafı ilə bağlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə dair məlumatlar da əks olunub, həmçinin ölkənin iqtisadi resursları, monetar struktur, tədiyyə balansı, xarici ticarət və digər iqtisadi statistik, analitik məlumatlar və şərhlər verilib.

Kitabda yeni iqtisadi terminlərin izahına da yer verilir. Nəşrdə Azərbaycan iqtisadiyyatına aid olan bilgi və məlumatlar vahid sistem şəklində toplanıb. Bu kitab Azərbaycanda iqtisadi ədəbiyyat üzrə hazırlanan İnfoqrafika üslübü ilə nəşr olunuan ilkdir. Bu kitab cəmiyyətdə iqtisadi maarifləndirmənin və mədəniyyətin yüksəkdilməsində, iqtisadi təfəkkürün təkmilləşməsi üçün vacib və aktual elmi- məlumat nəşrdir.

Kitabın yeni iqtisadi təfəkkürün formalaşmasında xidməti misilsizdir. Kitab Azərbaycan iqtisad elminə layiqli töhfədir və iqtisadi vahidlərin bütün subyektləri üçün cox yararlı və faydalı elmi və məlumat mənbəyidir.

İnfoqrafıkanın hazırlanmasında çox çeşidli beynəlxalq elmi nəşrlər incələnmiş və tədqiq edilmişdir. Kitab orijinallığı ilə fərqlənir.

Beləliklə, professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabı - Azərbaycan iqtisadiyyatının tədqiqi sahəsində böyük elmi baza və iqtisadiyyat elminin populyarlaşdırılması yönümündə olduqca zəngin məlumat vəsaitləri sırasına daxil etmək olar.

Professor( RF, TC, BR, AR), əməkdar müəllim Zahid Məmmədov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay