A

Sentyabrın 28-də UNEC-də tələbə və magistrlərin ixtisas, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin yenidən təşkilini müzakirə etmək məqsədi ilə görüş keçirilib.

UNEC rektoru, professor Ədalət Muradov yeni təhsil standartlarına əsasən, bakalavrların istehsalat təcrübəsinin səkkizinci semestr ərzində, yəni 14 həftə müddətinə təşkil ediləcəyini bildirib. Bir semestrlik istehsalat təcrübəsinin tələbələrin praktik bilik və vərdişlərə yiyələnməsinə geniş imkanlar yaradacağına əminliyini ifadə edib.

İstehsalat təcrübəsinin təşkilində qarşıya çıxan problemlərdən bəhs edən Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov müəssisələrlə müqavilə imzalanmasında, müxtəlif dövlət və özəl təşkilatlarda təcrübə keçən tələbələrin sənəd və proqramlarla tanış olmasında məhdudiyyət və qadağalar qoyulmasının çətinliklər yaratdığını bildirib. O cümlədən təcrübəçilərə formal yanaşma, onların təhlükəsizliyinin təmin edilməməsi, əmək kitabçalarının açılmaması və sığortalanmaması kimi maneələrin mövcudluğunu qeyd edib. O, tələbələrin ixtisas üzrə yerləşdirilməsi, təcrübə obyektlərində sıxlıqların yaranması kimi problemlərin mövcudluğundan bəhs edib.

Fakültə dekanları təcrübənin təşkili və keçirildiyi müddətdə yaranan sıxlığın aradan qaldırılması üçün tələbələrin qrup halında, eyni zamanda növbəli təşkil olunması fikrini səsləndiriblər. Onlar təcrübənin təşkilində şəffaflığı təmin etmək məqsədilə tələbə hesabatının qəbulu və qiymətləndirilməsinin təcrübə proqramlarının tələblərinə uyğun testlər əsasında elektron həyata keçirilməsini təklif ediblər. Bank işi ixtisası üzrə təhsil alan tələbələrin Rusiyada keçdikləri təcrübənin səmərəliliyi vurğulanan görüşdə digər ixtisaslar üzrə də xarici ölkələrdə təcrübənin təşkili istiqamətində fəallığın artırılmasının vacibliyi qeyd olunub.

UNEC rektoru təcrübənin daha keyfiyyətli təşkilində qarşıya çıxan problemlərin həlli istiqamətində müvafiq qaydaların ən qısa zamanda hazırlanması üçün göstəriş verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay