27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin tələbələri universitetin muzeyini ziyarət ediblər.
Ziyarət zamanı tələbələr Vətən müharibəsində şəhid olmuş UNEC məzunları və tələbələri haqqında ətraflı məlumat alıblar.
Muzeydə şəhidlərin şəxsi əşyaları, fotoları, xatirə lövhələri nümayiş etdirilib və onların qəhrəmanlıq yolu tələbələrə təqdim olunub. Tələbələr şəhidlərimizin göstərdikləri igidlik və vətənpərvərlik nümunələri ilə yaxından tanış olublar.
Sonra muzeyin əməkdaşları tələbələrə şəhidlərin həyat yolu, döyüş meydanındakı şücaətləri və onların Vətən qarşısındakı misilsiz xidmətləri barədə geniş məlumat veriblər.
Tələbələr qəhrəman məzun və tələbələrin vətənə olan bağlılığını və fədakarlıqlarını böyük qürur hissi ilə dinləyərək, onların əziz xatirəsini dərin hörmətlə yad ediblər. Anım tədbiri gənclərdə milli ruhun, vətən sevgisinin daha da güclənməsinə töhfə verib.