Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
UNEC-in də təmsil olunduğu “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilən builki sərgidə 23 dövlətdən 68 xarici təşkilat, 123 yerli nəşriyyat, kitabxanalar, eləcə də ali təhsil müəssisələri iştirak edir.
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin hazırladığı stenddə universitetin Rəqəmsal Nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilmiş kitablar, jurnallar, eləcə də UNEC müəllimlərinin müəllifi olduqları əsərlər və tərcümələr təqdim olunur. Sərgidə, həmçinin UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərləri nümayiş etdirilir.
Sərgi çərçivəsində oktyabrın 1, 3 və 6-sı tarixlərində UNEC-in elmi jurnallarının, eləcə də kitablarının təqdimatları keçiriləcək.
Oktyabrın 7-dək davam edən sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.