UNEC nəzdində Qida Sənayesi Kollecində orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Azərbaycan tarixi” dərsliyinin təqdimatı keçirilib.
Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva müəllifi olduğu “Azərbaycan tarixi” dərsliyinə Elm və Təhsil Nazirliyi tərəfindən nəşr hüququ verilib.
Kollecdə keçirilən dərsliyin təqdimat mərasimində kollecin rəhbərliyi və müəllimlər iştirak ediblər. Kollecin direktoru Sevinc Həmzəyeva tədbirdə çıxış edərək, müəllifi olduğu kitabın ərsəyə gəlməsindən danışıb: “Tarixini dərindən bilən xalq öz kimliyini, mənsubiyyətini və gələcək yolunu daha aydın görür”, – deyən S.Həmzəyeva dərsliyin hazırlanmasında əsas məqsədin tələbələrdə milli qürur, vətənpərvərlik və tarixi yaddaş hisslərinin gücləndirilməsi olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər “Azərbaycan tarixi” dərsliyinin gənclərə öz tarixlərini öyrətməklə yanaşı, onlarda vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayacağını bildiriblər.
Qeyd olunub ki, yeni dərslikdə 44 günlük Vətən müharibəsinə xüsusi bölmə həsr olunub. Burada Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın işğaldan azad olunması, xalqımızın birlik və mübarizə əzmi elmi-pedaqoji əsaslarla şərh edilib. Dərslik mövcud təhsil proqramına uyğun tərtib olunub, mövzular ardıcıllıqla və sistemli şəkildə təqdim edilib. İbtidai icma quruluşundan başlayaraq müasir, müstəqil Azərbaycan dövlətinə qədərki tarixi mərhələlər geniş şəkildə əhatə olunub. Hadisələr, şəxsiyyətlər, dövlətçilik ənənələri və mədəniyyət nümunələri faktlara əsaslanaraq şərh edilib. Kitab həm məzmun, həm də xəritə və illüstrasiyalarla zənginləşdirilərək tələbələrin mövzuları daha aydın qavramasına şərait yaradıb.
Sonda Sevinc Həmzəyeva müəllimlərə öz imzası ilə dərsliyi hədiyyə edib.