Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində layihə konsorisumunun üzvlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı İsveç Krallığının Stokholm şəhərinə olan səfəri sona çatıb.
UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova 21-25 avqust tarixlərini əhatə edən səfər çərçivəsində KTH Kral Texnologiya Univerisitetində sahibkarlıq və innovasiya mövzularında məhsuldar təlimlərdə iştirak edib. Təlimlərdə MDU-nun rektoru Şahin Bayramov, digər tərəfdaş universitetlərin prorektorları, inzibati və akademik heyət üzvləri, o cümlədən Polşanın Bydgoszc İqtisadiyyat Univeristetinin əməkdaşları da iştirak ediblər.
Səfərin əsas məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub.
Təqdimatlar üzrə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri xarici partnyorlarla geniş müzakirələr və fikir mübadilələri aparıblar. Tədbir iştirakçıları, eyni zamanda İsveç İnnovasiyalar Agentliyinin mövcud fəaliyyəti, İsveçin Strateji İnnovasiya Proqramı haqqında ətraflı məlumatlar əldə ediblər. İsveç təcrübəsi ilə yanaşı nümayəndə heyətiali təhsildə sahibkarlıq və innovasiyanın tətbiqi üzrə Polşanın WSG Universitetinin təcrübəsi ilə tanış olublar.
Qeyd edək ki, Qlobal Sahibkarlıq Monitorinqi tədqiqatçılarının 2022-ci il hesabatına əsasən yüksək gəlirli ölkələr qrupuna daxil olan 31 ölkə içərisində 18-ci yeri tutan İsveç, eyni zamanda “Qlobal İnnovasiya İndeksi”nin 2022-ci il hesabatında yer alan 132 iqtisadiyyat arasında 3-cü yerdədir. 2023-cü ilin QS reytinq sisteminə görə Nordic regionunda 1-ci, Avropada 20-ci, dünyada 73-cü yerdə olan KTH Kral Texnologiya Univerisiteti Times Higher Education reytinqi üzrə isə dünyada 155-ci, xüsusilə mühəndislik və texnologiya ixtisasları üzrə reytinqdə 53-cü yerdə qərarlaşıb. Sahibkarlıq və innovasiyanın qarşılıqlı inkişafı üzrə aparıcı mövqedə olan İsveçdə müvafiq tərcübənin öyrənilməsi Azərbaycan ali təhsil müəssisələrinin sözügedən istiqamətdə inkişafına mühüm töhfələr verəcəkdir.
Səfər proqramına əsasən təlimlərin yekununda layihə tərəfdaşlarının növbəti fəaliyyətlər və koordinasiya məsələləri üzrə görüşü baş tutub, müzakirələr aparılaraq tapşırıqlar müəyyənləşdirilib.