A

Xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə UNEC-in 60-a yaxın əməkdaşı 9 ölkənin (Çin, Malaziya, Türkiyə, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.) 40-a yaxın nüfuzlu universitetinə ezam olunub.

UNEC rektoru, professor Ədalət Muradov ezam olunacaq əməkdaşlarla görüşərək, beynəlxalq səfərlərlə bağlı gözləntilər, məqsədlər və əsas istiqamətləri müzakirə edib. Görüşdə bildirilib ki, əməkdaşların xarici universitetlərdə əldə edəcəyi təcrübə UNEC-in elmi və tədris mühitinə yeni yanaşmalar gətirəcək, tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılmasına töhfə verəcək. Onların müxtəlif ölkələrin qabaqcıl ali təhsil müəssisələrində elmi mühitlə tanış olması, yeni əməkdaşlıq imkanlarını araşdırması və birgə layihələr üçün potensial tərəfdaşlarla əlaqə yaratması universitetin inkişaf strategiyasının vacib tərkib hissəsidir.

Qeyd olunub ki, ezamiyyələr Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir və bu layihə UNEC-in beynəlxalq tərəfdaşlıq xəritəsinin genişlənməsinə, eləcə də universitetin qlobal səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Xarici ali təhsil müəssisələrində toplanacaq bilik və təcrübələr ölkəyə qayıtdıqdan sonra UNEC-də tədqiqat fəaliyyətinin daha effektiv təşkili, tədris prosesinə innovativ yanaşmaların inteqrasiyası və beynəlxalq layihələrdə iştirak imkanlarının artırılması üçün mühüm baza yaradacaq.

TOP XƏBƏRLƏR