UNEC-in nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecin təsis edilməsinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Kollecin müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən yubiley mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında çıxış edən Kollecin direktoru, professor Mübariz Hacıbəyov təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, dünyanın sürətlə inkişaf etdiyini, bu səbəbdən təhsildə yenilik və modernləşmənin vacibliyini vurğulayıb. Bildirib ki, Sosial-İqtisadi Kollec ölkəmizin sosial və iqtisadi inkişafına mühüm töhfələr verən kadrların hazırlanmasında xüsusi rol oynayır.
Ömrünün 40 ilini bu təhsil müəssisəsinə həsr edən f.r.e.n. Sabir Süleymanov çıxış edərək ölkəmizdə son illər həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb. O, Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğulayıb.
Kollecin müəllimi Təranə Məmmədova çıxışında təhsil ocağının inkişaf yolundan, tələbələrin əldə etdiyi uğurlardan və gələcək hədəflərdən danışıb.
Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.